AZ

"Düşünürdüm ki, çempionatın mənim üçün əhəmiyyəti yoxdur"

Basketbol üzrə ölkə kuboku sona yaxınlaşır. Artıq finalçılar məlumdur. Belə ki, həlledici görüşdə "Neftçi" "Xəzri" ilə qarşılaşacaq. "Ağ-qaralar" final yolunda "Sərhədçi"ni (91:73), "Xəzri" isə NTD-İNDİQO-nu məğlub edib - 78:73.

"Xəzri"nin üzvü Amil Həmzəyev "FutbolPress"ə açıqlamasında yarımfinal oyununun olduqca gərgin keçdiyini bildirdi:

"Qarşılaşmanın gərgin olacağı gözlənilirdi. Rəqibin yaxşı yerli oyunçuları var. Kubokun favoritlərindən sayılırdılar. Sadəcə əzimli mübarizə apardıq. Zədəli olmağıma baxmayaraq matçda iştirak etmək barədə qərar verdim. Bu da komanda yoldaşlarıma əlavə motivasiya oldu. Ümumilikdə hər bir oyunçumuz uğurlu çıxış etdi və nəticədə qələbəyə sevinən tərəf biz olduq".

Basketbolçu final qarşılaşmasından gözləntilərini bölüşdü:

"Neftçi" ilə çempionatda qarşılaşmışıq. Hər ikisində qalib gəlmişik. Lakin kubokun qrup mərhələsində onlara məğlub olmuşduq. Həmin matçda zədəyə görə çıxış edə bilmirdim. Amma final fərqlidir. Çalışacağıq ki, rəqibin zəif tərəflərini analiz edək. Yarımfinal oyunundakı kimi müdafiədə yaxşı oyun sərgiləsək, çempion ola bilərik".

Həmzəyev hər iki cəbhədə kubok qazanmağa iddialıdır:

"Mövsümün gedişində çempionatda ilk yerdə idik, lakin zədə səbəbindən bəzi oyunlarda istədiyimiz nəticəni əldə edə bilmədik. Ötən il "Gəncə" ilə birlikdə ölkə kubokunu qazandıqdan sonra düşünürdüm ki, çempionatın mənim üçün əhəmiyyəti yoxdur. Lakin sonra gördüm ki, yox, bu belə deyil. Bu il də hər iki cəbhədə mübarizə aparırıq, istəyirik ki, mövsümü iki kubokla başa vuraq. Kubokun finalından 4 gün sonra "Sabah"la vacib oyunumuz var. Bu matçdan sonra ona köklənəcəyik. Məqsədimiz "qızıl dubl" etməkdir. İnşallah, birinci kuboku qazanıb, ondan sona rahatlıqla çempionata köklənmək istəyirik".

Məlik Məlikov
Seçilən
52
Mənbələr
Şərh ()
Bağla