AZ

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Bakı, 20 aprel, AZƏRTAC

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən aprelin 20-də paytaxtda növbəti ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

BŞİH-in çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməciliyə yaxından qoşularaq öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda, müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də iməcilikdə fəal şəkildə iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Həmçinin Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı əsasında paytaxtın Qaradağ rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada yerli iqlim şəraitinə uyğun olaraq seçilmiş 400 yeni ağac əkilib. Ağacəkmə aksiyaları paytaxtın digər rayonlarında da keçirilib.

Paytaxtın sanitar təmizliyinin lazımi səviyyədə saxlanılması və yaşıllıqların genişləndirilməsi üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək.

Seçilən
27
17
Mənbələr
Şərh ()
Bağla