AZ

“Haradasan, ay Məşədi Kazım…” – Cəvahir Nehru yazır

 

“Haradasan, ay Məşədi Kazım, gəl, gör, sənin Cənnətinin nə cəlalı var…”

Onu xatırlayanda canlandırdığı möhtəşəm obrazları gözümüz önündə canlanır. “Ögey ana”da Fatmanisə, “Böyük dayaq”da Telli arvad, “Ulduz”da Züleyxa, “Qayınana”da Cənnət xala “Molla Fətəlinin sərgüzəşti”ndə Gülsüm, “Bəyin oğurlanması”nda Əsli xala. Bu obrazları xatırladıqca da dodağımıza təbəssüm qonur.
Müxtəlif xarakterləri özününküləşdirib, sevə-sevə tamaşaçıya çatdıran və bu gün də yaradıcılıq ömrünü həmin obrazlarla davam etdirən Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli gülüş ustası Nəsibə Zeynalovanın doğum günüdür. Əslində, heç titullarını sadalamağa da lüzum qalmır. Çünki böyük sənətkarların təqdimata ehtiyacları yoxdur. Onların yaratdığı obrazları sadalamaq yetər.

Allahın ona lütf etdiyi ömür payını bütünlüklə milli teatr və kinoya həsr edən Nəsibə Zeynalova xalqın sevgisini elə sağlığında ikən qazananlardan oldu. Bu gün də o sevgi bitib-tükənməyən ümmana bənzəyir. Nəsibə Zeynalova yalnız güldürmürdü, həm də düşünməyə vadar edirdi. Bu mənada, onun bu gün Azərbaycan teatr və kinosunda yeri daha çox görünür. Bayağı, şit gülüş, qurşaqdan aşağı zarafatlarla dolu olan, komediya adı altında tamaşaçıya sırınan bugünkü “komedixanalar”ı görəndə içimizdəki təəssüf hissi daha da artır. Görünən isə budur ki, Nəsibə Zeynalova kimi sənətkarların yeri hələ uzun müddət boş qalacaq. Bu da milli teatr və kinomuzu bürüyən tənəzzüldən yaxın zamanlarda qurtula bilməyəcəyimizə bir işarədir.
… Bu gün sizi xatırlayırıq. Xatırladıqca da dodağımıza gülüş, üzümüzə təbəssüm qonur. Teatr və kinomuzun bugünkü mənzərəsini görüncə isə içimizdəki dərin boşluq daha da artır. Özünü aktyor, aktrisa adlandıranlar meydan sulayır, barmaqla sayılacaq qədər sağ qalan peşəkarlarımız isə bu acı mənzərəni kənardan seyr etməkdən başqa əllərindən heç nə gəlmir. Ümidlə gözləyirlər… İtirdikləri isə zaman olur. Kəsəsi, yeriniz yaman görünür, Nəsibə xanım…

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla