AZ

Klesio Bauk və Ülvi İsgəndərov “Qarabağ”la matçı buraxacaqlar

“Qəbələ”nin iki futbolçusu – Ülvi İsgəndərov və Klesio Bauk Premyer Liqanın 31-ci turunda “Qarabağ”a qarşı oyunda forma geyinməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

“Qəbələ” Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində sabah səfərdə “Qarabağ”la qarşılaşacaq. Əyalət təmsilçisi bu oyunun hazırlıq prosesini başa vurub.

İki futbolçu komandanın məşqinə qatılmayıb. Ülvi İsgəndərov və Klesio Bauk zədə səbəbindən hazırlıq prosesində iştirak etməyiblər.

Qeyd edək ki, aprelin 20-də baş tutacaq bu görüş rəqiblər arasında ümumilikdə 77-ci duel olacaq. Komandalar indiyə qədər bütün turnirlərdə 76 dəfə üz-üzə gəliblər.

Bu oyunlarında 13 dəfə qalib gələn “qırmızı-qaralar” 21 qarşılaşmada heç-heçə edib. 42 matçda isə “Qarabağ” qalib gələn tərəf olub. 57 qol vuran “Qəbələ” öz qapısından 126 top buraxıb.

Premyer Liqada 62-ci dəfə üz-üzə gələcək komandaların digər 15 dueli ölkə kubokuna təsadüf edib. 10 çempionat oyununda üç xal qazanan “Qəbələ” 15 dəfə heç-heçə edib və 36 matçda uduzub. Rəqib qapısına 45 dəfə yol tapan “qırmızı-qaralar” 102 top buraxıblar.

“Qəbələ” tarixində 38-cı dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 10 heç-heçə edib və 23 dəfə uduzub. Səfərdə 24 qolu olan “Qəbələ” 70 top buraxıb.

Qeyd edək ki, sabah – aprelin 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçına saat 16:30-da start veriləcək.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla