AZ

Oxutmuram, əl çəkin! - KÖŞƏ

Xatırlayırsızsa, “Qəbələ” 2023-ün mayında ölkə kubokunun finalında “Neftçi”ni məğlub edərək titula yiyələnmiş, premyer-liqanı da 4-cü pillədə bitərərək Konfrans Liqasına yollanmışdı.
Sən demə, həmin xoşbəxtlik uzun müddət axtarılacaqmış. İndi həmin komandadan əsər-əlamət yoxdu. Yay fasiləsində futbolçularını itirən klub bir neçə ay əvvəl baş meneceri Nail Kərimov, bir neçə həftə əvvəl isə baş məşqçisi Elmar Baxşıyev ilə vidalaşdı. İndi isə vidalaşmaq növbəsi premyer-liqaya çatıb. “Qırmızı-qara” rəngli bölgə təmsilçisi sanki bədbəxtliyə yelkən açıb...
Səbəblər “N” qədərdi. Bunların önündə komandanın uğursuz çıxışı, rəhbərliyin fərsiz idarəçiliyi və büdcə məhdudiyyəti dayanır ki, bunlar haqda dəfələrlə yazmışıq. “Qırmızı-qaralar”ın yeganə ümidi hələ ki əksini rəsmi qərarlarda tapmayan iddialarda gizlənir. Axı AFFA-nın yeni prezidenti Rövşən Nəcəf premyer-liqada formatın dəyişdirilə biləcəyini demişdi. Bu yaxınlarda mövzuyla bağlı diqqətçəkən iddia ortaya atıldı. Guya çempionatda komanda sayı artırılacaq. Bununla yanaşı, “Qəbələ” premyer-liqanı birbaşa tərk etməyəcək. Daha dəqiqi, 1-ci liqada mövsümü ilk iki pillədə bitirən komandalar elitaya vəsiqə qazanacaq. Üçüncü sırada olan isə “Qəbələ” ilə pley-off matçı keçirəcək. “Qırmızı-qaralar” qalib gələrsə, elitada qalacaq. Uduzsa, yerini rəqibinə verməli olacaq. Əlbəttə, belədə nəinki idman prinsipləri, həm də PFL-in mövsümün əvvəlində təsdiqlədiyi və “futbol ili” ərzində toxunulmaz sayılan Əsasnamə heç sayılacaq. Təbii ki, belə ehtimalla barışmıram, amma bu, başqa yazının mövzusudu. İş orasındadı ki, “Qəbələ” ən azı belə güzəştə layiq olmalıdı. Lakin kollektivin heç bir üzvü belə “jest”i haqq etmir! Məsələn, klubun prezidenti Fariz Nəcəfov maliyyə dayaqlarının gücləndirilməsi yönündə ciddi addımlar ata bilmədi. Halbuki “Qəbələ”nin azarkeş sayı düşünülən qədər az deyil, sadəcə, nəticələr çoxunu tribunadan küsdürdü. Funksioner əldə olan maddi gücdən də düzgün şəkildə istifadə etmədi. Başqa idman növləri üzrə bölmələr kimə lazım idi – hələ də bilinmir. Keyfiyyətsiz və bahalı legionerlərin transfer edilməsi büdcəyə xeyli ziyan vurdu. Bacarıqlı əcnəbilər isə başqa komandalara üz tutdu. Belədə yük sabiq baş məşqçi Elmar Baxşıyevin çiyinlərində qaldı. Onun işi mövcud materialla güclü komanda formalaşdırmaq idi ki, bacarmadı. Əvvəl “vaxt lazımdı”, sonra “hakimlər ədalətsizdi” fikirlərini istefa qərarı tamamladı. Söhbət gecikmiş ayrılıqdan gedir. Çünki o, qış fasiləsində yola düşməliydi! Məhz bu məsələylə bağlı rəhbərliklə ortaq günaha girildi. Çünki nə Elmar bəy getmək istəyirdi, nə də Fariz bəy buna razı idi... Futbolçulara gəlincə, hər kəs fiziki və psixoloji hazırlığın keyfiyyətindən əlavə xarakterin önəmini yaxşı dərk edir. Oyunçular bunu bacarmadığını etiraf etməlidi. Hər halda, kollektivin döyüşkənliyinə şübhəylə yanaşanların sayı az deyil. Ümumiyyətlə, futbolçular heç nə veclərinə deyilmiş kimi davranmaqla nəyə nail olacağını düşünür? “Qəbələ”nin cari mövsümdə xüsusi bacarığıyla diqqəti çəkən bir oyunçusu belə olmayıb. Fikrimlə razı deyilsizsə, komandanın kapitanı və ən təcrübəli futbolçusu Asif Məmmədovun “qol.az” saytına dediklərini dinləyin:

“Durum elədi ki, futbolçunu ruhdan salır. Amma oyunçu da başa düşməlidi ki, yeni mövsümdə yaxşı klubda çıxış etmək istəyirsə, ən azı ona görə oynamalıdı. Hansısa klub onun çıxışını izləyir. Futbolçu bunu da düşünmürsə, deməli, məsuliyyətsizlik var. Belə də deyilsə, onda elə olanı budu. Yəni keyfiyyətləri bura qədərdi. Ayağı top tutan istənilən adam bəzən yaxşı futbol oynayır. Biz də hərdən yaxşı oynayırıq. Deməli, futbolçuların ya keyfiyyəti budu, ya da oyuna məsuliyyətlə yanaşmırlar. Şəxsən mən baş məşqçi olsam və “Qəbələ”nin oyununa baxsam, demək olar ki, heç bir futbolçunu komandama götürmərəm. Oyunçu, heç olmasa, özündən ötrü oynamalıdı. Bizdə hazırda heç bu da yoxdu. Belə çıxır ki, futbolçular klub bir yana, heç özlərini də düşünmür”.

İndiki baş məşqçi Kaxaber Sxadadze isə hər matçdan sonra futbolçulardan şikayətlənməklə məşğuldu. Günahkar məhz oyunçulardı? İnsaf da yaxşı şeydi! Amma bu yöndə Sxadadzenin qüsursuz olduğunu iddia edə bilmərik. O, oyunçuları tənqid etməsinə “mənə pis məşqçisən desələr, yaxşı olduğumu sübut edərəm” sözləriylə haqq qazandırır. Mütəxəssisin ümumi karyerasını dəyərləndirmək fikrimiz yoxdu. Lakin komandanı 8 oyuna çıxaran, 7-də məğlub olan, 1-də “sülh”ə razılaşan məşqçi yaxşıdı, ya pis? Cavab avtomatik bəllidi!

Ümumiyyətlə, tarixdə nəticə qalır, yoxsa oyun tərzi? “Qəbələ”nin taleyinə AFFA-nın mərhəməti aydınlıq gətirməlidi, yoxsa əzmkar kollektiv? Ən əsası, “qırmızı-qaralar” 1-ci liqanın üçüncü ən güclü komandasıyla qarşılaşmağa layiqdi, ya yox? Nəhayət, futbol rəhbərliyi belə qərar versə və həmin oyunda “Qəbələ” qalib gələrək premyer-liqada qalsa, utanacaqmı? Bu ki “özündən zəifin əlindən vurub çörəyini almaq” kimi bir şeydi!
Qəzetimizin ötən saylarından birində həmkarım Huşəngin “Oxumaq, oxumaq, yenə də oxumaq” adlı yazısıyla tanış olmuşduz. “Qarabağ” –“Bayer-04” oyunundan bəhs edən yazıya “Yıxıla-yıxıla, oxuya-oxuya öyrənmək lazımdı. Başqa yolumuz yoxdu!” sözləriylə yekun vurulmuşdu. Hadisələrin axarı onu göstərir ki, “Qəbələ” həmin çağırışa Mirzə Ələkbər Sabirin məşhur “Oxutmuram, əl çəkin” nidasıyla cavab verir...

KƏNAN BAHADIR
Seçilən
58
Mənbələr
Şərh ()
Bağla