AZ

ATU tələbəsi Dünya Çempionatında üç medal qazanıb

Bolqarıstanın Albena şəhərində karatenin Şotokan üslubu üzrə dünya çempionatı keçirilib.

 

“Təbib” idman klubunun sədri, Əməkdar məşqçi Qələndər Aslanov Aztibb.az-a bildirib ki, çempionatda yığma komandanın tərkibində Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinin III kurs, 621A-1a qrup tələbəsi Vüsal Seyidov üç fərqli kateqoriyalarda ölkəmizi təmsil edib.

 

Onun sözlərinə görə, 21 yaş 60 kq çəkidə mübarizə aparan idmançı tələbə bütün rəqiblərinə qalib gələrək, final görüşündə türkiyəli rəqibinə 6:5 xalla məğlub olub və fəxri kürsünün ikinci pilləsində yer alıb. Bununla razılaşmayan idmançımız, komanda üslubunda yarışlarda gücünü sınamağa üstünlük verib və iki döyüş ardıcıl qalib olmaqla, komanda hesabında qızıl medal qazanıb. Bu qələbədən sonra çempionumuz yarışın daha çətin kateqoriyasında gücünü sınamaqda qərarlaşıb. Lakin, bu kateqoriya Vüsal üçün elə də asan olmayıb. İlk dəfə 67 kq çəkidə döyüşən idmançı tələbəmiz aldığı zədələrdən yarımfinal döyüşündə mübarizəni dayandırmalı olub və bürünc medal qazanmaqla dünya çempionatının 3-cü medalını əldə edib.  

 

Qələndər Aslanov qeyd edib ki, ümumilikdə dünyanın 32 ölkəsinin idmançıları qatıldığı dünya çempionatında Vüsal Seyidov Qazaxıstan, Moldova, Rumıniya, Macarıstan, Türkiyə, Bolqarıstan və Gambia idmançıları üzərində qələbə qazanmaqla fəxri kürsünün hər üç pilləsinə adını yazdırıb. İdmançı tələbəmiz Vüsal Seyidov qızıl, gümüş və bürünc medallar qazanıb.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla