AZ

Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi

Aslan

Bakı, 20 aprel, AZƏRTAC

“Doxsanıncı illərin sonlarında “Qarabağ”ın heyətində avrokubok səfərinə yollanmışdıq. Həmin heyətdə Bəxtiyar Musayev, Mirbağır İsayev və gənc Rinat Abdaşov var idi. O zaman da saç spreyi yeni-yeni tanınırdı. Bəxtiyar ilə Mirbağır da zarafatcıl olduqları üçün Rinatı sprey əvəzinə şampunla aldadmışdılar”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin veteran futbolçusu Aslan Kərimov başına gələn maraqlı əhvalatlar barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis bildirib ki, Almaniyanın Frankfurt şəhərinin aeroportunda gənc Rinat Abdaşov Bəxtiyar Musayev ilə Mirbağır İsayevə inanaraq başına sprey əvəzinə əl şampunu vurub: “Onların hər ikisi aeroportun sanitar qovşağına getdilər. Həmin yerdən çıxanda saçları su idi. Xarici səfərə ilk dəfə gedən Rinat da bunu görüb dedi ki, saçınız nə gözəl parıldayır, spreyi harada vurmusunuz? Bunlar da Abdaşovun saf olduğunu görüb zarafat etməyə başladılar. Dedilər ki, Avropanın bütün Hava Limanlarının sanitar qovşaqlarında saç spreyləri pulsuz olur. Rinat bunu eşidən kimi ora gedib başına qabın içində olan şampunu vurmağa başladı. Həmin dövrdə də Çexiya səfərinə yollanırdıq. Təsəvvür edin ki, Rinat otelə qədər başı şampunlu qaldı”.

Qeyd edək ki, Aslan Kərimov iki dəfə - 1992-1997 və 2003-2011-ci illərdə “Qarabağ”da çıxış edib.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla