AZ

Fransaya növbəti dəfə qapını göstərdilər

Son vaxtlarda Afrikanın ayrı-ayrı ölkələrindən , dənizaşırı ərazilərdən Fransanın yeni kolonializm siyasətinə kəskin hal alan etirazlarla bağlı yeni-yeni xəbərlər gəlir. Zaman dəyişsə də, bu ölkənin müstəmləkəçilik siyasətinin son dərəcə irticaçı mahiyyəti dəyişmir, sümürməçilik , sərvətlərin talanması, qul əməyindən istifadə edilməsi, kasıb ölkələrə iqtisadi təzyiqlərin artırılması, onların bahalı borc bataqlığına salınması, xalqların milli-mənəvi dəyərlərinin getdikcə daha eybəcər formada aşağılanması, müxtəlif yollarla milli dövlətlərə təzyiqlər göstərilməsi kimi yeni kolonializm təzahürləri  davam etdirilir. Təbii ki, bütün bunlar da yerli icmalarda və milli dövlətlərdə kəskin reaksiyalar doğurur və etirazlarla qarşılanır. Bu günlərdə Fransa ilə bağlı daha bir utancverici xəbər Burkina-Fasodan gəlib. Verilən məlumata görə, Burkina-Faso Xarici İşlər Nazirliyi üç fransız diplomatı təxribatçı fəaliyyətinə görə “persona non-grata” elan edib.

Fransanın pis ənənəsi

“France-Presse” agentliyinin məlumatına görə, bu barədə Fransanın Uaqduqudakı səfirliyinə daxil olan notada deyilir. Notaya əsasən, fransalı diplomatlar 48 saat ərzində Burkina-Faso ərazisini tərk etməlidirlər. Üç diplomatdan ikisi siyasi məsləhətçi olub. 

“Ölkələrin suveren hüquqlarına hörmət etmədən səfirlikləri vasitəsilə casusluq və digər qanunsuzluqlara yol verən dövlət strukturları növbəti dəfə Fransanın imicinə xələl gətirən beynəlxalq qalmaqalla üzləşiblər”. Bu barədə dövri olaraq silsilə yazılarla çıxış edən “Observer Online”-nın 18 aprel 2024-cü il tarixində yayımladığı “Fransaya növbəti dəfə qapını göstərdilər” başlıqlı məqaləsində qeyd edilib. 

Belə görünür ki, Fransanın xarici siyasətində diplomatik korpus təmsilçilərinin yerləşdikləri ölkələrdə gizli cəsusluq fəaliyyəti göstərmələri pis ənənə halını alıb. Əlbəttə, fransalı diplomatların ölkələri üçün başıaşağılıq gətirən bu cür çirkin fəaliyyətləri özbaşına həyata keçirdiklərini düşümək sadəlövhlük olardı. Diplomatlar yeni təyinat yerlərinə yola salınarkən siyasi rəhbərlik tərəfindən müvafiq qaydada təlimatlandırılırlar. O qənaət hasil olur ki, fransalı diplomatlara ikili vəzifə həvalə edilir. Onlar həm rəsmi missiya yerinə yetirir, həm də yerləşdikləri ölkələrdə milli dövlətlərin strateji kursu və digər mühüm məsələlərlə bağlı kəşfiyyat məlumatları toplayaraq onları ötürürlər.

Bu günlərdə Fransanın müvafiq dairələri, o cümlədən də Xarici İşlər Nazirliyi ölkənin imicini qorumaq naminə dəridən-qabıqdan çıxırlar.  Burkina-Fasodan gələn məlumat yayılan kimi, rəsmi Paris özünün təbliğat ruporlarını dərhal işə salıb. “France 24” kanalı utancverici məlumatın mürəkkəbi qurumamış E.Makron iqtidarının təkzib xəbərini yaymağa tələsib. Kanal bildirib ki, rəsmi Paris diplomatların qeyd olunan ölkədən qovulmasını əsassız hesab edir. “Burkina rəsmilərinin bu qərarının heç bir hüquqi əsası yox idi, biz ancaq təəssüf hissi keçiririk”, - deyə kanala danışan Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan ölkəsini təmizə çıxarmaq istəyib.

Ancaq Fransa hakimiyyətinin təsir dairəsində olan təbliğat maşınının və ölkə rəsmilərinin canfəşanlığının heç bir önəmi yoxdur. Od olmayan yerdən tüstü çıxmaz. Həm də son olay fransalı diplomatların müxtəlif ölkələrdə gizli casusluq fəaliyyəti həyata keçirmələrinə aid yeganə fakt deyil. Ötən ilin dekabrında da  Burkina-Fasoda oxşar hadisə baş vermişdi. Belə ki, dekabrın 1-də Burkina-Fasoda diplomatik pasportlara malik dörd fransalı casusluqda şübhəli bilinərək saxlanılmışdı. Paris onların texniki işlər görmək üçün diplomatik missiyanın dəvəti ilə Uaqduquya gəldiyini iddia etsə də, bu, bəraət üçün əsas sayıla bilməz

Burkina-Faso fransalı diplomatların casusluq fəaliyyətlərinin ifşa olunduğu yeganə ölkə deyil

Fransalı diplomatların casusluq fəaliyyətərinin ifşa olunduğu ölkələrin coğrafiyası kifayət qədər genişdir. Belə faktlar həmçinin Azərbaycanda da qeydə alınıb. Söhbət Fransa xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi casusluq fəaliyyətinin ifşa olunmasından gedir. Xatırladaq ki, 2023-cü il  dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Bundan sonra Fransa analoji addım ataraq Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşını “persona-non-grata” elan etdi. Azərbaycanın qərarı real faktlara əsaslansa da, Fransa tərəfi oxşar addımı hansısa bir fakta istinad etmədən atıb. Fransa tərəfinin rəsmi açıqlamasında bildirilir ki, Paris öz qərarını Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq verib.

 Belə qərəzli cavab “tədbiri” Fransa kimi ölkəyə başucalığı gətirmir və onun reallıq qarşısında çarəsizliyini ortaya qoyur. Əslidə, Fransa obyektiv araşdırma aparmalı və səhvlərini boynuna alaraq ölkəmizdən üzr istəməli idi. E.Makron iqtidarı özündə bu cəsarəti tapmadı. Prezident E.Makron qəzəbini ölkəsinin xüsusi xidmət orqanının rəhbərini vəzifəsindən qovmaqla soyutmaq istədi. Ancaq bunun üzürü qəbahətindən daha betərdir. Azərbaycana qarşı cəsusluq fəaliyyətinin təfərrüatlarına aydınlıq gətirilmir, xüsusi xidmət orqanının rəhbəri isə işdən azad edilir. Yaranan suallara Fransa hökuməti hansı arqumentlərlə cavab verə bilər? Burkina-Fasoda ifşa olunan faktdan sonra E.Makron Fransanın imicini yenədəmi məmur dəyişikliyi etməklə qorumağa çalışacaq?

Afrikada iflasa uğrayan Fransa

Fransanın müstəmləkəçilik tarixinin 1524-cü ildən  başladığı bildirilir. Fransa Afrikanın qərbində və şimalında 20-dən çox ölkədə hökmranlıq qurmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində Fransanın nəzarətində qalıb.

Demokratik dəyərləri ilə öyünən Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə ən qəddar vasitələrlə ram edilən ölkələr sivilizasiya ilə bir araya sığmayan mühafizəkar qanunlarla idarə olunub, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb.  Fransa, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır. Tarixi sənədlərdə də öz əksini tapdığı kimi, 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımda milyonlarla insan həyatını itirib. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Həmin əməliyyat zamanı yerli tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çox sayda insan tələfatı ilə nəticələnib. Fransa hələ 1945-ci ildən etibarən Afrikada Fransız Müstəmləkələri frankı (CFA) adlı pul vahidini dövriyyəyə buraxıb. Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Məlum olduğu kimi, Afrikanın Sahil regionu ölkələri, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub.

Lakin bunlar artıq keçmişdir. Fransaya qarşı etirazlar dalğası son illərdə daha da genişlənib. 2023-cü ildə Nigerdə Fransaya bağlı olan hökumət devrildi. Müstəmləkəçiliyə qarşı kəskin etirazlara Qabon, Yeni Kaledoniya və digər ölkələr də qoşuldu. Hazırda hərəkat daha da intensivləşib. Fransanın keçmiş müstəmləkələri Seneqal, Niger və Malidə Parisə qarşı etirazlar artır. Keçirilən mitinqlərdə bu ölkənin simvolları yandırılır, “Rədd ol, Fransa!” şüarları səsləndirilir. Seneqalda “Total” kompaniyasının yanacaqdoldurma məntəqələrinə və fransız sərmayəli mağazalara hücumlar olub. Fransızların Afrikanın Sahil regionunda uğursuz hərbi əməliyyatlarından sonra Mali və Burkina-Fasoda baş vermiş hərbi çevrilişlər də Fransanın onsuz da pis olan imicinə ciddi zərbə vurub. Xatırladaq ki, 2022-ci ilin sentyabrında İbrahim Traorenin rəhbərlik etdiyi hərbi qruplaşmanın dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsindən sonra Fransa və Burkina-Faso arasında münasibətlər pisləşib. 

Fransaya qarşı həmrəylik həlqəsi

Əlbəttə, Fransa ayrı-ayrı ünvanlarda baş verən etirazları yerindəcə boğmağa çalışır. Buna görə də keçmiş müstəmləkə ölkələri Fransaya qarşı mübarizədə həmrəyliyi gücləndirməyi qarşıya məqsəd qoyublar.  Fransa müstəmləkəçiliyinin ifşasında Azərbaycanda əsası qoyulan Təşəbbüs Qrupu mühüm rol oynayır. Təşəbbüs Qrupunun səyləri və ölkəmizin fəal dəstəyi sayəsində ayrı-ayrı beynəlxalq platformalarda, o cümlədən də BMT səviyyəsində tədbirlər keçirilib. Bu istiqamətdə fəaliyyət genişləndirilir. 

Eyni zamanda,  Fransa müstəmləkəçiliyinə qarşı mübarizə komitəsinin yaradılması təklif olunur. Bunu “Afrika Mundus” şəbəkəsinin sədri Emmanuel Arqo Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O, Azərbaycanın Fransa hökumətinin qeyri-qanuni davranışlarına qarşı mübarizəsini təqdir etdiyini bildirib: “Düşünürəm ki, biz konkret komitə yaratmalıyıq. Bu komitəyə həmçinin problemli insanlar da cəlb edilməlidir. Biz səylərimizi birləşdirməliyik”, - deyə Emmanuel Arqo vurğulayıb.

M.ABDULLAYEV

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla