AZ

Rusiyadan forpostuna daha bir xəbərdarlıq: 

Ermənistandan dəqiq cavab gözləyirik

N.BAYRAMLI 

Qərbin Ermənistanı Rusiyadan uzaqlaşdırmaq cəhdləri rəsmi Moskva tərəfindən ciddi narahatlıqla qarşılanır. Çünki məqsəd Rusiyanı Cənubi Qafqazdan  sıxışdırıb çıxarmaq və Ermənistanın vasitəsilə regionda yerləşməkdir. Aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçlü görüşü Moskvanın bu narahatlığını daha da artırıb. Xüsusilə, kütləvi informasiya vasitələrində Brüssel görüşündə Qərbin Ermənistana hərbi dəstəyi ilə bağlı yayılmış məlumatlar Rusiyanın İrəvandan cavab tələb etməsinə səbəb olub.  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 18-də keçirdiyi brifinqdə bildirib ki, Moskva ABŞ və Avropa İttifaqı ilə hərbi-siyasi razılaşmalar barədə mətbuatda yayılan məlumatlarla bağlı Ermənistanın dəqiq reaksiya verməsini gözləyir. O deyib: “Biz bu amillərin yekununu nəzərə alaraq, Ermənistan hakimiyyətinin həmin xəbərlərə dəqiq reaksiya verməsini gözləyirik. İdeal halda isə, onların üzərindən sirr pərdəsinin götürülməsini istəyirik”.

Moskva nəyə təəccüblənməyəcək?

M.Zaxarova qeyd edib ki, Brüsseldə keçirilən görüş zamanı Rusiya bazasının və sərhədçilərinin Qərb mütəxəssisləri ilə əvəzlənməsi, eləcə də Ermənistanda kritik infrastrukturun istiqamətinin dəyişdirilməsi ilə bağlı planların İrəvana həvalə edilməsi ortaya çıxsa, Moskva buna təəccüblənməyəcək. Diplomatın sözlərinə görə, Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə yeni böyük yanğının qızışdırılması ilə bağlı öz istəyinə kömək edəcək alət rolu ayrılıb.

Mariya Zaxarova həmçinin, Kanadanın Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına qoşulmasına da münasibət bildirib. Bu ölkədən bir nəfər - kanadalı ekspert Aleksandr Qruşevski missiyanın tərkibinə daxil edilib. Beləliklə, Kanada Aİ-nin Ermənistandakı mülki missiyasına qoşulan ilk Avropa İttifaqı üzvü olmayan ölkədir. Məsələ ilə bağlı Mariya Zaxarova qeyd edib ki, Kanada təmsilçisinin də daxil edilməsi hesabına genişləndirilən Aİ-nin Ermənistandakı müşahidə missiyası Cənubi Qafqaza heç bir fayda gətirmir, əksinə, Rusiyanın cənub sərhədlərində kollektiv Qərbin maraqlarına uyğun olaraq regional sabitliyin pozulmasına şərait yaradır. 

Kanadanın Aİ missiyasına qoşulması Cənubi Qafqaza fayda gətirmir

O deyib: “Avropa İttifaqının mövcudluğunun insidentlərin qarşısının alınması baxımından tam səmərəsiz olduğunu qeyd edərək, biz hər gün daha çox əmin oluruq ki, Avropa İttifaqının Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına müsbət töhfəsi yoxdur. Əksinə, Aİ nümayəndələri müxtəlif növ təxribatlarla, kəşfiyyat fəaliyyəti ilə, təbliğatla məşğuldurlar”.

Diplomatın sözlərinə görə, bu, qanunauyğun olaraq, region ölkələri tərəfindən qəbul olunmur, onların ortaq rəyi ondan ibarətdir ki, ortaya çıxan hər hansı məsələ Cənubi Qafqaz daxilində, kənardan destruktiv müdaxilə olmadan burada yerləşən bütün ölkələrin maraqları naminə həll edilməlidir. Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib: “Anlaşılan odur ki, Ottavanın Aİ missiyasına qoşulması məsələsi artıq praktiki müstəviyə keçib, bu yaxınlarda Ermənistana Kanadadan qondarma ekspert gəlib. Belə bir həll yolunun hansı əlavə dəyərə malik olduğu və Ermənistanda ona nə dərəcədə tələbat duyulduğu aydın deyil”.

Zaxarova: Çox güman ki, söhbət NATO qüvvələrinin bölgəyə sürüklənməsindən gedir

Mariya Zaxarovanın fikrincə, çox güman ki, söhbət NATO qüvvələrinin bölgəyə sürüklənməsindən gedir. O vurğulayıb ki, Cənubi Qafqazda NATO-nun təmsil etdiyi xarici aktorların səylərinin nəticəsi istər-istəməz regionda etimadın azalması və silahlı qarşıdurmanın genişlənməsi olacaq. Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib: “Aİ və NATO tərəfindən qarşıya Ermənistan-Azərbaycan nizamlanmasına real köməklik göstərilməsi məqsədi qoyulmayıb. Qərb Cənubi Qafqazı silahlandırmağa davam edir, onu geosiyasi rəqabətin növbəti arenasına çevirir, mahiyyət etibarilə, yaxın vaxtlarda regionun dinc inkişafı vəzifələrinin yerinə yetirilməsinə son qoyur”.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla