AZ

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Əbu-Dabi, 19 aprel, AZƏRTAC

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin (IRENA) Assambleyasının 14-cü sessiyası çərçivəsində “COP28-in nəticələri: bərpa olunan enerji mənbələrinin istifadəsini üç dəfə artırmaq və enerji keçidini sürətləndirmək üçün infrastruktur, strategiya və bacarıqlar” mövzusunda sonuncu panel sessiyası keçirilib.

AZƏRTAC-ın Əbu-Dabiyə ezam olunmuş müxbirinin məlumatına görə, “Enerji keçidinin sürətləndirilməsi üçün strategiya və bacarıqlar” adlı panel sessiyasında IRENA-nın baş direktoru Françesko La Kamera, həmçinin Agentliyin 14-cü Assambleyasının vitse-prezidenti, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Enerji səmərəliliyi, bərpa olunan enerji və davamlı inkişaf siyasəti departamentinin rəhbəri Margalita Arabidze çıxış ediblər.

Sessiyanın moderatoru Almaniyanın Deutsche Welle (DW) telekanalının aparıcısı Melinda Kreyn olub.

Sessiyada, həmçinin Maltanın Valetta Limanının Ətraf mühit, enerji və regenerasiya naziri Miriam Dalli, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Ətraf mühit şöbəsinin direktoru Co Tindall iştirak edib.

Müzakirələr zamanı ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, təhsil və peşə hazırlığı, o cümlədən bərpa olunan enerji mənbələri sahəsində gənc kadrların ixtisasartırma və təlimə cəlb edilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra IRENA Assambleyasının 15-ci sessiyasının gündəliyinə baxılıb.

Yekun çıxışlarda IRENA-nın baş direktoru Françesko La Kamera və Assambleyanın prezidenti, Ruandanın infrastruktur naziri Cimmi Qasore Assambleyanın 14-cü sessiyasında fəal iştirak etdikləri üçün iştirakçılara təşəkkürlərini bildiriblər.

“Ruanda üçün IRENA Assambleyasının 14-cü sessiyasına sədrlik etmək şərəf və böyük zövq idi. Birlikdə bərpa olunan enerjinin sərhədsiz potensialına əsaslanaraq, biz daha gözəl gələcək qura bilərik”, - C.Qasore qeyd edib.

Seçilən
131
Mənbələr
Şərh ()
Bağla