AZ

Teves İtaliyaya qayıtmaq istəyir - MÜSAHİBƏ

Karlos Teves bir neçə gün əvvəl “La Gazzetta dello Sport”un qonağı olub.

“Football-plus.az” xəbər verir ki, argentinalı mütəxəssis İtaliya nəşrinə müsahibəsində əsasən bu ölkədəki futbolçu həyatı ilə bağlı məqamları xatırlayıb. Hazırda ölkəsində “İndependyente”ni çalışdıran 40 yaşlı sabiq hücumçu 2013-15-ci illərdə formasını geydiyi “Yuventus”la bağlı ən böyük təəssüfünü dilə gətirib. Uğurlarla zəngin olan futbolçu karyerası ərzində “Boka Xuniors”, “Korintians”, “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti” və “Şanxay Şenhua”da da oynamış Teves məşqçi kimi ilkin hədəfini də açıqlayıb.

- Gəl, sondan başlayaq. Məşqçilik karyeran necə keçir, ümumiyyətlə, məşqçi Karlos Teves haqda nə deyə bilərsən?
- Ehtiraslı keçir. Məşqçi Teves hər gün işə ürəyini qoyan futbol adamıdı. Biz dinamik futbol nümayiş etdiririk: yüksək səviyyəli pressinq edir və hücumameyilli futbol sərgiləyirik. Mən oyunçularımla birlikdə çəkic kimiyəm. Onu da deyim ki, futbolçu karyeram boyunca bu planda əla müəllimlərim olub...

- Məsələn...
- Antonio Kontedən ehtiras və qələbə ilhamını, Marselo Byelsadan işin detallarına diqqət yetirməyi, Aleks Ferqyusondan isə kollektivin idarəçiliyində böyük sakitliyi əxz etmişəm. Mən Roberto Mançini və Massimiliano Alleqri kimi yaxşı mütəxəssislərin də rəhbərliyi altında oynamışam. Onlar arasından birini seçməli olsam, Antonioya üstünlük verərəm.

- Konte ilə səni hansı xüsusi xatirə birləşdirir?
- Onun xarakterini ən yaxşı şəkildə əks etdirən bir məqamı xatırlayıram: biz skudetto uğrunda “Roma” ilə mübarizə aparırdıq, mən ailəvi problemimə görə Argentinada olduğum üçün “Yuventus”un məşqlərində iştirak edə bilmirdim. Həftəsonu romalılarla oynayacaqdıq. O, əvvəlcə mənə sakitliyi qorumağı məsləhət gördü, üç gündən sonra isə İtaliyaya qayıtmağımı xahiş etdi. Biz nəyin bahasına olur-olsun, qələbə qazanmalıydıq və Konte meydana çıxmağımı istəyirdi. O, yalnız komandanın maraqları haqda düşünürdü.

- Bəs Alleqri ilə bağlı daha çox nəyi xatırlayırsan?
- Maks fərqli idi, Konte ilə müqayisədə daha sakit xarakteri ilə seçilirdi. Amma bu, onun qalib olmadığı və ya qalib mentallığına sahib olmadığı anlamına gəlmir. Sadəcə, onun ən çətin anlarında özünü necə aparmasına baxın. Alleqri kollektivi idarə etmək və oyunçularını müdafiə etmək bacarığını bu şəkildə göstərirdi. Komandanın paltardəyişmə otağı onun nəzarəti altında idi.

- O, bundan sonra da “Yuventus”un başında qalmağa layiqdi?
- Komanda hazırda çempionatda 3-cü yeri tutur və mən “Yuventus”un bundan artığına nail ola biləcəyini düşünmürəm. Doğrudu, “Yuve”nin daim qələbə qazanmasına alışmışıq. Bu səbəbdən komandanın artıq bir neçə ildi çempion ola bilməməsinə təəccüblənirik. Oyunların çoxunu izləyirəm. Fikrimcə, “İnter” səviyyə baxımından “Yuventus”u üstələyir. Hazırda iki komanda arasında böyük xal fərqi var. Alleqri xüsusilə çətin vəziyyətlərdə oyunçuları motivə etməyi yaxşı bacarır. Vaxtilə çıxış etdiyim komandada da belə idi. Amma indi hər şey böyük ölçüdə klubun ehtiyacından asılıdı.

- Şənbə günü derbi həyəcanı yaşandı. Bu oyun haqda nə deyə bilərsən?
- Bu planda İtaliya Argentinaya çox bənzəyir. Xalqın derbiyə hansı ehtirasla hazırlaşdığını yaxşı xatırlayıram. Özümün derbilərdə yaxşı oynadığımı deyə bilərəm.

- İtaliyaya qayıtmaq istəyərdin?
- İtaliya daim mənim qəlbimdədi. Qayıtmağı, mümkündüsə, məşqçi kimi dönməyi çox istəyərdim. A seriyası dünyanın ən yaxşı liqalarından biridi. Bu liqadan çağırış almaq üçün məşqçi kimi inkişafımı davam etdirməli olduğumu düşünürəm.

- A seriyasında tam fərqli məşqçi ola biləcəyini hesab edirsən?
- Heç bir halda (gülür)... Mənə bənzəyə biləcək heç bir məşqçinin adını çəkə bilmərəm. Bunu texniki baxımdan demirəm. Fədakarlıq və aqonizm barəsində deyirəm. Əvvəllər özümü meydanda göstərirdim, özü də komanda üçün əlimdən gələni edirdim. Mənə elə gəlir ki, indi heç kim belə motivasiya ilə oynamır. Artıq yalnız İtaliyada yox, bütün Avropada futbolçular əvvəldən axıra qədər özlərini meydanda fəda etməyə meyilli deyillər.

- Bu mövsüm A seriyasında səndə ən xoş təəssüratlar oyadan futbolçu kimdi?
- Heç şübhəsiz, Lautaro. O, daim meydanda dominantlıq edir, matçların nəticəsini müəyyənləşdirir. Heyətində Martines kimi kifayət qədər qol vura bilən hücumçu varsa, avtomatik skudettoya namizədlərdən birinə çevrilirsən. “İnter”də bu planda bütün işlər qaydasındadı, Lautaro inanılmaz dərəcədə dəyərli oyunçudu.

- Səni “Yuventus”dakı karyeranla bağlı təəssüfləndirən nəsə varmı?
- Çempionlar Liqasının finalındakı məğlubiyyətə görə çox təəssüflənirəm. Biz çox güclü idik. Və mən finalda qalib gələ biləcəyimizə əmin idim. Hətta rəqib tarixin ən güclü “Barselona”sı olsa da, kuboku qazanacağımıza inanırdım. Yarımmüdafiə xəttimizi xatırlayın. Bu mövqedə Pirlo, Poqba, Vidal və Markizio oynayırdı. Bu oğlanların sayəsində həmişə bir neçə saniyə sonra qapıçı ilə qarşılaşacağını düşünürdün.

- Həmin komanda haqda daha nəyi xatırlayırsan?
- Konte yayda komandanı tərk etdi. Bu hadisə hamımızı təəccübləndirdi və əvvəlcə “Yuve”nin onsuz qalması heç kimə asan görünmürdü. Belə vəziyyətdə Buffon və Kyellini kimi əsl kişilərin komandaya çox köməyi oldu. Amma biz kollektiv kimi də obyektiv olaraq güclü idik və özümüzü bütün planlarda qarşılaşa biləcəyimiz çətinliklərə hazır sayırdıq.

- Bu baxımdan yadına hansı məqamlar düşür?
- Finala səfərimiz. Başqa xatirələrim də var. Kontenin başçılığı altında keçirdiyim ilk məşqi və “10” nömrəli formanı əynimə geydiyim ilk anı da yaxşı xatırlayıram. Bu, tarixi futbolkadı. Həmin formanı dostum və çempion olan Poqbaya təhvil verdiyim üçün özümü xoşbəxt sayıram.

- Çətin dövrünü yaşayan Pol ilə zəngləşmisən (fransalı yarımmüdafiəçi orqanizmində yasaq maddə aşkar edildiyi üçün uzun müddətə cəzalanıb – red.)?
- Yox, amma əlaqə yartmamağım heç də onu sevmədiyimə görə deyil. Əksinə, bir-birimizə çox yaxınıq və Pol onu dəstəklədiyimi yaxşı bilir. Amma məlum məsələnin onun üçün şəxsi məqam olduğunu hesab edirəm. Mən isə şəxsi həyata müdaxilə etməyi sevənlər sırasında deyiləm. Ancaq Pol ilə həmişə birgə olmuşam və bundan sonra da belə olacaq.

- “Yuventus”a gəlişin necə reallaşdı? Qalliani səni “Milan”a çəkmək istəyirdi, amma Karlos uğrunda mübarizədən “Yuventus”un o vaxtkı baş direktoru Marotta qalib çıxdı.
- Hə, mən “Milan”a keçməliydim. Amma transferim nə məndən, nə də Qallianidən asılı idi. Aramızda böyük hörmət hissi vardı. “Milan”a qarşı oyunlarda həmişə xüsusi hisslər keçirirdim. “Yuventus” rəhbərliyi həmin anda çox yaxşı işləmişdi. Danışıqlar gizli aparılmış və nəticədə mən Turində qərar tutmuşdum. Kim bilir, bəlkə “Milan”la yollarımız qarşıda kəsişəcək?! Ola bilər ki, məşqçi kimi...

- Gəl, ümumiləşdirək. Qarşına hansı hədəfləri qoymusan?
- Hər şeydən əvvəl məşqçi kimi səviyyəmi artırmalıyam. Yaxşı bilirəm ki, əlimdəki kartlardan düzgün istifadə etməliyəm. Futbolçu kimi çox yaxşı karyera qurduğumu düşünürəm. İndi isə buna məşqçi kimi nail olmaq istəyərdim. Yeni işimi çox xoşlayıram. Sözün düzü, məşqçiliyin məni bu dərəcədə ovsunlayacağını zənn etməmişdim. İtaliya haqda çox düşünürəm. Kim bilir, bəlkə də bir müddət sonra bu ölkədə işləmək imkanı qazandım...

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla