AZ

Tolerantlığa və dialoqa çağıran Şeyxülislam

Mayın 1-dən 3-dək Bakıda  VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

“Bakı Prosesi”nin tərkib hissəsi olan bu Forum İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq.

Forumda yüksək səviyyəli rəsmilər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlərin və dünya miqyasında tanınmış ziyalıların iştirakı gözlənilir.

Bu Forum çərçivəsində “Dinlərarası dialoq vasitəsi ilə etimadın möhkəmləndirilməsi” mövzusunda dini liderlərin Bakı görüşü də keçiriləcək. Müxtəlif ölkələrdən bu tədbirə tanınmış din xadimləri dəvət edilib.

Neçə illərdir ki, Bakı istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin ardıcıl keçirildiyi ənənəvi məkan kimi çıxış edir. Azərbaycanın yürütdüyü  tolerantlıq siyasəti dövlətimizə dəstək verən ölkələrin böyük bir meydanını formalaşdırıb.

Dünyada “Bakı prosesi” adlandırılmış mədəniyyətlərarası dialoq multikultural dəyərlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. “Bakı prosesi” prezident İlham Əliyevin dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır.

Ölkəmizdə tolerantlığı şərtləndirən amillər sırasında tarixi şərait, coğrafi əhatə və insan faktoru mühüm rol oynayıb. Tarix boyu bu məmləkətdə bir yerdə yaşayan xalqlar vahid Allaha ibadət edib, səmavi kitablarında qardaşlıq mesajlarının praktik təcrübəsini ortaya qoyublar. Min illərə söykənən vahid mədəni irsi dünya üçün nadir tolerantlıq modelini meydana çıxarıb.

Təsadüfi deyil prezident İlham Əliyevin multkultural siyasətinin əsas aspektini təşkil edən mədəniyyətlər və dinlərarası həmrəylik prioriteti ötən illər ərzində mulkulturalizmin möhkəm bazasını formalaşıdırb.

Bu çağırış Qafqaz Müsəlmanları İdarəsini də prosesin mühüm detalına çevirib. Xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir.

Bu gün Azərbaycanda milli, etnik, məzhəb qarşıdurmaları salmaq cəhdləri qeyri-mümkündür. Müstəqilliyin ilk illərində ölkədə dini təfriqə, məzhəb savaşı toxumları səpməyə edilən cəhdlər isə dövlətin və QMİ-nin birgə səyi ilə iflasa uğradılıb. Bu baxımdan Azərbaycanın tolerantlıq modeli dünyanın maraqla izlədiyi və öyrənmək istədiyi prosesə çevrilib.

Bu platformanın ardıcıl təbliğatçısı olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin çıxışlarında leytmotiv  Azərbaycanın tolerantlıq çağırışları təşkil edir.

Azərbaycan özünün multkultural siyasətinin əsas hədəflərindən biri olaraq ölkədə mədəni əməkdaşlıq və dini həmrəyliyə söykənir. Ölkədə həmçinin dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması üçün ciddi iş aparılır.

Dini harmoniya müxtəlif səmavi dinlərə etiqad edən cəmiyyətin yaxşı əməkdaşlığını ortaya qoyub. Belə həmrəylik din qardaşlığına söykənir. Bu həmrəylik ölkədə dini zəmində parçalanma salmaq cəhdlərinə qarşı polad sipər olub.

Qafqaz Müsəlmanları İdarəsi bu əməkdaşlıq platformasında mühüm bağ sayıla bilər.

Prezident İlham Əliyevin bu siyasətinin aparıcı təşkilatı olaraq QMİ üçün dini həmrəyliyin möhkəmləndirilməsi əsas prioritetdir. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda müxtəlif şübhəli dini cəryanların təsiri altında olan qruplara qarşı özü kəskin mövqeyi ilə yadda qalıb. QMİ sədrinin fəaliyyətində məzhəb fərqi qoymadan bütün müsəlmanlar üçün vahid iman prinsiplərini rəhbər tutması ölkənin dini camesində həmrəyliyin yaranmasında mühüm rol oynayıb.

Bu baxımdan Azərbaycandakı dini tolerantlıq beynəlxalq müstəvidə həmişə dəstək ala bilib.

Azərbaycanda dini narahatlıq doğuracaq hər hansı bir təhlükə yoxdur. İnanclı insanlara onların dini ritualları üçün bütün şərait yaradılıb. Ölkəmiz əməkdaşlığın bu unikal təcrübəsini dünyaya təqdim etməklə bu sahədə əldə etdiyi uğuru göstərir.

Dini konfessiya rəhbərlərini bütün rəsmi və humanitar tədbirlərdə həmişə bir yerdə görmək olur. Bu, ictimai münasibətlərin unikal tablosudur.

Müsəlman ölkələrinin din xadimləri üçün çox nadir hal sayılan belə əməkdaşlıq Azərbaycanın tolerant ənənələrinin qədim tarixindən qaynaqlanır.

Cəmiyyətin illərin sınağından çıxmış birliyi, tolerantlığı və qardaşlıq müstəvisi bu qara qüvvələrə öz məkrli niyyətlərini həyata keçirməyə imkan verməyib. QMİ bu xəttə daim sadiq olub.

Azərbaycanda dini əməkdaşlıq icmaların qardaşlıq mesajlarından güc alır, dövət siyasətinin əsas prinsipləri üzərində bərqərar olub.

Bu müstəviyə düzən verilməsində Şeyxülislam Allahşükür Paşazadənin müstəsna rolu vardır. QMİ sədri daim ümmətçi prinsipi ilə çıxış edərək məzhəb mübahisələrinin ən sərt tənqidçisi olub, səmavi dinlərin mehriban əməkdaşlığını dəstəkləyib.

Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün qardaşlıq məkanı olaraq qədim zamanlardan bəri sülh və dözümlülük simvolu kimi xatırlanır. Milli və dini həmrəylik istər qədim zamanlarda, istər ateist SSRİ dönəmində həmişə tolerantlığın milli kodlarını daşıyıb. Müstəqil Azərbaycanın son 30 illik tarixi müxtəlif sınaqlarla üz-üzə qalsa da milli və dini həmrəylik mürəkkəb siyasi böhranlardan üzü ağ çıxıb.

Bu gün Azərbaycanın konfessiyalararası münasibətləri dünya üçün nümunədir. Müsəlman ölkəsində dini rəhbərin digər konfessiyalar üzərində heç bir üstünlük nümayiş etdirməməsi, vahid əməkdaşlıq platformasında çıxış etməsi unikal məsələdir. Azərbaycanda yaşayan müxtəlif səmavi dinlərin nümayəndələri müqəddəs bayramlarını bir yerdə keçirir, məscid, kilsə və sinaqoqlarda dua edirlər. Belə qarşılıqlı anlaşmanın yaranmasında təkcə din xadimlərinin səyləri kifayət etmir. Bunun üçün dövlətin iradəsi, dövlət rəhbərinin siyasi xətti  vacib əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin bu siyasi xətti ölkəmizdə dinlərarası əməkdaşlığın misilsiz mühitini yaradıb. Hər cür ksenofobiya cəhdlərinə sərt təpki verən dövlət siyasəti Azərbaycan tarixinin və əxlaqının ən parlaq tezislərinə söykənir.

Azərbaycanın tolerantlıq prinsiplərinə söykənən siyasəti və onun uğurlu təqdimatı artıq ölkənin vizit kartına çevrilib. Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətin əsas hədəfi Azərbaycanın bu irsinin təbliği, çağdaş dünyamızda dini, etnik dözümsüzlük zəmnində baş qaldırmış kobud ayrı-seçkilik siyasətinin ifşasıdır.

Bunun üçün ölkəmizin böyük tarixi təcrübəsi, kifayət qədər resursu və verə biləcəyi mesajları var. Odur ki, ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan dünyaya  tolerantlıq baxımından təqdim etdiyi yeni model özünün fərqli təqdimatı ilə seçilir.

Bu gün dünyanın müxtəlif ölkələrində törədilən terror aktları, insan qırğını, separatizm, islamofobiya, antisemitizm, sivilizasiyalar arasında qütbləşmə dinlərarası və millətlərarası  dialoqa ciddi zərbə vurur. Lakin yaşanan bütün faciələrə baxmayaraq dünyanı məhvərindən çıxarmağa qoymayan  əbədi mənəvi dəyərlər mövcuddur. Tolerantlıq belə dəyərlərdəndir.

Azərbaycan bu baxımdan dünyaya öz təcrübəsini nümayiş etdirməklə bütün dövrlərin qabaqacıl maarifçilərinin arzu etdiyi humanist prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin bəyan etdiyi böyük bir humanitar platformanın özəyini  təşkil edən tolerantlıq prinsipləri xarici təhdidlərə qarşı dayanıqlı müstəvidir. Həssas geopolitik regionda yerləşən Azərbaycan üçün tolerantlıq siyasəti  inteqrasiya üçün vacib çağırışlarıdır.

 

A.ABBASOV

 

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla