AZ

Ardanın Barselonada yaşadığı evin sahibindən şok iddialar

Karyerasını 2022-ci ildə başa vuran, hazırda baş məşqçi kimi fəaliyyət göstərən və “Eyupspor”u tarixində ilk dəfə superliqaya yüksəltməklə diqqəti çəkən Arda Turanla bağlı qalmaqallı xəbər yayılıb.

“Football-plus.az” xəbər verir ki, bilindiyi kimi, Türkiyə futbolunun yetişdiridiyi ən önəmli isimlərdən olan Turan 2015-18-ci illərdə “Barselona”nın şərəfini qoruyub və bu klubda 55 rəsmi oyuna çıxaraq 15 qol vurub. Barselonada kirayədə qaldığı evin sahibi Ardanın evə zərər vurduğunu iddia edərək məhkəməyə üz tutub. İspaniyanın “El Periodiko” nəşrinin yaydığı məlumata görə, evin sahibi Ardanın və dostlarının evə ümumilikdə 230 min avroluq ziyan vurduğunu bildirib. Bu üzdən həmin şəxs Barselonadakı məhkəmələrdən birinə müraciət edib. Xəbərdə qeyd olunub ki, məhkəmə ilk mərhələdə şikayətçi ilə anlaşıbmış. Amma sonradan məhkəmədən Ardaya sənəd göndərilib. Orda Arda tərəfindən diplomatik qanun pozuntularına yol verildiyi üçün məhkəmə prosesinin bərpa olunduğu qeyd olunub. Maraq üçün həmin evin qiymətinin təxminən 18 milyon avro olduğunu bildirək. Ev sahibi dəymiş ziyanı hesablatmaq üçün xüsusi adamlar tutub və ortaya 230 min avroluq məbləğ çıxıb. Ev sahibi iddia edir ki, türkiyəli ulduz evin səliqə-sahmanına və yaxşı durumda qalmasına barmaqarası yanaşıb. Eləcə də onun sözlərinə görə, Arda evdə olmadığı vaxtlarda dəfələrlə dostları orda çılğın şənliklər təşkil edib. Evə ən böyük ziyanı da məhz elə bu şənliklər vurub. Ev sahibinin şikayətində qeyd olunub ki, belə tədbirlər zamanı pərdələr “cinsi yelləncək” rolunu oynayırmış. Ardanın özünün evdə olduğu müddətdə də bir çox problemlərin yaşandığını ortaya atan şikayətçi “evin bir çox yerlərində siqaret izləri qalıb. Onlar istədikləri yerdə siqareti söndürürdülər. Futbol izləyərkən qol vurulan zaman pultu hara gəldi, hətta hovuzun içinə də atırdılar. Təkcə elə həmin pultun qiyməti 1000 avrodu” deyə bildirib. Ev sahibinin başqa qeyd etdiyi detallar da diqqəti çəkir. Məsələn, onun sözlərinə görə, Arda ilk gəldiyi dönəmdə çox sevincli, həyəcanlı idi, gecələr tez-tez “yaşasın Barsa” qışqırırmış. Ev sahibinin ən maraqlı iddiası isə ondan ibarətdi ki, Arda özündən əvvəl orda kirayədə yaşayanların müsəlman olmadığını və evdə onların “qalıqlarının” olduğunu bildirərək bütün otaqları dezinfeksiya elətdiribmiş.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla