AZ

Qaradağda “Heydər Əliyev və gənc nəslin vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib

YAP Qaradağ rayon təşkilatının və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞAİB) Qaradağ rayon filialının birgə təşkilatçılığı ilə Qobustan qəsəbəsində yerləşən 223 nömrəli tam orta məktəbdə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev və gənc nəslin vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Qaradağ rayon təşkilatının nümayəndəsi Vüqar Ağayev, İctimai Birliyin Qaradağ rayon filialının sədri Maqsud Heydərov, şəhid ailələrinin üzvləri, qazilər, müəllimlər, qəsəbə ictimaiyyətinin nümayəndələri və hərbi xidmətə hazırlaşan XI sinif şagirdləri iştitak ediblər.

Məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsələndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirsə bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aynurə Qurbanova qonaqları salamlayaraq, Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra ölkədə bütün sahələrdə, o cümlədən təhsil sahəsində yeridilən siyasət və aparılan quruculuq işlərinin əhəmiyyətindən danışıb. Direktor vurğulayıb ki, müstəqilliyin bərpasının ilk illərində böyük çətinliklərlə qarşılaşan Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin böyük zəhməti və misilsiz xidmətləri sayəsində görünməmiş uğurlara imza atıb. Ölkədə təhsil, yeni məktəblərin inşası, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində mühüm nailiyyətlər qazanılıb. 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyevin də təhsil sahəsinə böyük diqqət və qayğı göstərdiyini qeyd edən A.Qurbanova dövlətimizin başçısının “Neft kapitalını insan kapitalına çevirəcəyik” sözlərini xatırladıb.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının əməkdaşı Vüqar Ağayev Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra daxili və xarici siyasətin yenidən qurulması, ictimai-siyasi sabitliyin bərpası, Ermənistanla atəşkəsə nail olunması, yeni neft strategiyasının hazırlanması, ölkədə aparılan nəhəng quruculuq işləri, o cümlədən ordu quruculuğu, təhsil və digər sahələrdə həyata keçirilən nəhəng layihələr barədə məlumat verib. O qeyd edib ki, məhz Ulu Öndərin müəyyən etdiyi və bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyası nəticəsində torpaqlarımız işğaldan azad edilib, suverenliyimiz tam bərpa olunub və Azərbaycan beynəlxalq səviyyədə görünməmiş nüfuz qazanıb.  Prezident İlham Əliyevin vurğuladığı kimi, Vətən müharibəsində Böyük Zəfər məhz müstəqillik illərində yetişən vətənpərvər gənclərin qəhrəmanlığı nəticəsində əldə edilib.

Tədbirdə digər çıxış edənlər: Qaradağ rayon İH-nin Qobustan qəsəbə nümayəndəsi Tanrıverdi Qurbanov, Birliyin Qaradağ rayon filialının sədri Maqsud Heydərov, Din xadimi hacı Qaraoğlan Həsənov, şəhid anası Elnarə Xəlilova, müaharibə qaziləri Altay Məmmədov, Ələmdar Məmmədov, Bəhrəm Rəcəbli və digərləri Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində xidmətlərindən, Qobustan şəhidlərinin torpaqlarımızın azad edilməsi naminə göstərdikləri qəhrəmanlıqdan bəhs ediblər. Bu gün dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra Vətən Müharibəsində düşmənin 21 texnikasını məhv edən qobustanlı qəhrəman Hünər Mehman oğlu Məmmədovun döyüş yolundan bəhs edən və onun məhv etdiyi düşmən texnikaları haqqında videoçarx nümayiş etdirilib. 

Tədbirin sonunda gənclərin vətənpərvərlik tərbiyəsində fəal iştirak edən müəllimlərə və hərbi-idman yarışlarında fərqlənən bir qrup şagirdə Fəxri Fərman təqdim edilib.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla