AZ

Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...

“Azərbaycan dünyanın böyük bir hissəsini zəbt edən moğol imperiyasının gücü ilə
hesablaşmalı oldu, lakin müstəqil dövlətçilik ənənələrini itirmədi, əksinə, moğollar
bu ərazilərə nəzarət etmək üçün Azərbaycanın dövlətçilik sistemindən, idarəetmə
qaydalarından, yerli nəsillərin imkanlarından istifadə etməli oldu…”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru...- XIX mövzu
 
Eldənizlər sülaləsinin yüksəlişi. Şəmsəddin Eldəniz.
 
XII əsrin birinci yarısından etibarən Azərbaycan sülalələri yenidən
mövqelərini bərpa etdi. Səlcuqların dövründə də Azərbaycan dövləti
mövcudluğunu davam etdirir, yerli sülalələr, müxtəlif nəsillərin nümayəndələri
ölkəni Səlcuq sultanları ilə birlikdə idarə edirdi. Səlcuqlar, faktiki olaraq,
Azərbaycanın dövlət quruluşuna əsaslanaraq öz hakimiyyətlərini qurdular və
imperiyanı Azərbaycan ənənələrinə uyğun olaraq idarə edirdilər. XII əsrin
əvvəllərindən etibarən Azərbaycanda hakimiyyət əsasən yerli nümayəndələrin
ixtiyarında idi. Bu proses paralel olaraq ölkənin şimal və cənub hissələrində eyni
vaxtda gedirdi. Hadisələr artıq qədim dövlətçilik ənənələrinin inkişafı və böyük
dövlətçiliyə, imperiyaya doğru gedirdi. Bu proses bir tərəfdən Şirvanşah-
Kəsranilər sülaləsi, digər tərəfdən isə Qara Sunqurun nəsli, az sonra isə Eldənizlər
sülaləsi ilə bağlı idi...
 
Səlcuqlar dövləti zəiflədikcə Şirvanşahlar yenidən dirçəlirdi. Şirvanşah I
Fəriburz (1063-1096) Səlcuq sultanlarına tabe olsa da, Şirvanşahların
hakimiyyətinə tamamilə son qoyulmamışdı. Sultan Məlikşahın hakimiyyətinin
sonuna yaxın Şirvanşahlar yenidən qüvvətlənməyə başladılar. I Fəriburzdan sonra
oğlanları II Mənuçöhr və I Afridun ölkəni müstəqil idarə edirdilər.
Səlcuq türklərinə qarşı mübarizədə gürcü hakimləri Şirvanşahlarla
yaxınlaşmağa çalışırdılar. Gürcü knyazı Qurucu David və ya IV David (1089-
1125) bu məqsədlə qızı Tamarı Şirvanşah Afridunun oğlu Mənuçöhrə ərə vermişdi.
Şirvanşahlarla qohumluğun digər bir səbəbi də gürcü hakimlərinin Azərbaycanın
qərb torpaqlarını ələ keçirmək niyyəti ilə bağlı idi. IV David özü isə Səlcuqlara
qarşı güclü müttəfiq qazanmaq məqsədilə qıpçaq türklərinin hökmdarı Atrakın
qızına evlənmişdi. (Qıpçaqlar qədim türk tayfalarından idi. Onlar mənbələrdə
qıpçaq adı ilə yanaşı “kuman”, “kun”, “polovets” və sair formalarda da təqdim
olunub, Orta Asiya, Sibir, Ural, Qafqaz, Şərqi Avropa, Dunay və Don çayları,
həmçinin digər ərazilərdə yaşadıqları məlumdur. Bəzi məlumatlara görə, e.ə. I
minilliyin əvvəllərində Azərbaycanın cənub və şimal ərazilərində məskunlaşmış, o
cümlədən Göyçə gölü sahillərində, kutilərlə qonşuluqda yaşayıblar. Onlar XI-XII
əsrlərdən başlayaraq Qara dənizin şimalından Qafqaza qədər ərazilərdə
məskunlaşmış, hərbi-siyasi birliklər yaratmış, amma dövlətə çevrilə bilməmişlər.
Onların yaşadığı bu ərazilər Dəsti-Qıpçaq (Qıpçaq çölü) adlandırılırdı. Onların
xeyli hissəsi xristian dinini qəbul etmiş, ruslar, gürcülərlə qarışmışdılar. Bir hissəsi
isə İslama gəlmişdilər. Krım tatarları, başqırdlar, qazaxlar, qırğızlar, qaraçaylar,
Kazan tatarları, noqaylar, kumıklar və digərləri onların varisləridir.- A.N.). O,
Səlcuq türklərinə qarşı Qafqazın şimalından Gürcüstana ailələri ilə birlikdə 40 min
nəfərdən çox seçmə qıpçaq-türk döyüşçüsü köçürmüşdü. Gürcülər Bizans
imperiyasına, həmçinin Qərbi Avropa səlibçilərinə arxalanaraq türk-müsəlman
amilini Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan torpaqlarını öz aralarında
bölüşdürməyə çalışırdılar. Şirvanşahlar isə səlcuqlarla münasibətləri pozmamağa
çalışırdılar. Belə olanda qıpçaq-türk döyüşçüləri hesabına çox güclənmiş gürcü
knyazı Azərbaycanın qərb torpaqlarını işğal etmək planlarını həyata keçirməyə
başladı. 1117-ci ildə IV Davidin oğlu Demetre Şirvana hücum etdi. O, Şirvanşah I
Afridunun (1107-1120-ci illər) qoşunlarını məğlubiyyətə uğradıb çoxlu qənimət və
əsirlərlə Gürcüstana döndü. 1120-ci ildə IV Davidin özü qüvvətli ordu ilə 2 dəfə
Şirvana basqın etdi. Şirvanşahların qoşunları yenə də məğlubiyyətə uğradı.
Gürcülər Qəbələni talan edərək geri qayıtdı [6, s.82-84]…
 
IV David 1121-ci ildə Tiflis yaxınlığında Didqori vuruşmasında daha
mühüm qələbə qazandı - gürcü, qıpçaq, osetinlər və Qərbi Avropa səlibçilərinin
birləşmiş qüvvələri Səlcuq qoşunlarına qalib gəldilər. 1122-ci ildə Tiflis müsəlman
əmirliyi ləğv edildi. Tiflis Gürcüstanın əlinə keçdi…
 
Gürcüstanın qüvvələnməsi Şirvanşahların mövqeyinə təsir göstərdi. Bu
dövrdə Şirvan - Gürcüstan əlaqələrinin yaxınlaşmasında Böyük Səlcuq
imperatorluğunun zəifləməsi ilə yanaşı Mənuçöhrün arvadı Tamar və onun gürcü
əhatəsi də mühüm rol oynayırdı…
 
III Mənuçöhr (1120-1160) və I Demetrenin (1125-1156) hakimiyyəti
illərində Şirvanşahlarla Gürcüstan arasında hərbi münaqişə baş vermədi. XII əsrin
30-60-cı illərində Şirvanşahlar dövləti özünün ən qüdrətli çağını yaşayırdı.
Azərbaycan Şirvanşahlar dövləti bütün Cənubi Qafqazda ən qüdrətli siyasi amilə
çevrilmişdi. 1160-cı ildə III Mənuçöhrün ölümü ilə Şirvanda vəziyyət yenidən
mürəkkəbləşdi. Şirvanşahların oğulları arasında taxt-tac mübarizəsi başlandı. Hələ
III Mənuçöhrün sağlığında saray çevrilişi etməyə cəhd göstərmiş Şirvan əyanları
yenidən fəallaşdılar. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən Tamar kiçik
oğlu II Afridun və bir qrup gürcüpərəst əyanla birlikdə qıpçaq türklərinə
arxalanaraq Şirvanı Gürcüstana birləşdirməyə cəhd göstərdi. Lakin Eldənizlərin işə
qarışması ilə bu məkrli plan pozuldu. Atabəy Şəmsəddin Eldənizin hərbi
qüvvələrinin köməyi ilə III Mənuçöhrün böyük oğlu I Axsitan (1160-1196)
hakimiyyəti ələ keçirdi. Azərbaycanın şimal-qərb torpağını və Şirvanı Gürcüstana
qatmaq planları bu dəfə də puça çıxdı. Tamar özünün gürcü əhatəsi ilə birlikdə
Azərbaycandan qaçdı və rahibliyə qapılaraq ömrünü monastırda başa vurdu [1,
s.146-154].
 
I Axsitanın hakimiyyəti illərində Şirvanşahlar dövləti daha da qüvvətləndi.
O, atası III Mənuçöhrün səhvini düzəldərək Səlcuq türkləri ilə dostluq
münasibətlərini bərpa etdi. I Axsitanın hakimiyyəti illərində Gürcüstan çarlığı ilə
də dostluq münasibətləri davam etdirildi. O, Şirvan-Gürcüstan qohumluq
əlaqələrini davam etdirərək gürcü çarı III Georginin bacısı ilə evləndi. Atası III
Mənuçöhr kimi I Axsitan və onun varisləri də Şirvanşahlar dövlətinin müdafiə
qüdrətini artırdılar. Ölkənin ərazisində çoxlu müdafiə qurğuları - qalalar, qüllələr
və s. bərpa etdilər…
 
I Axsitanın hakimiyyətinin sonuna yaxın güclü zəlzələ (1192) nəticəsində
Şamaxı dağıldı. Şəhər əhalisinin xeyli hissəsi tələf oldu. Şirvanın paytaxtı Bakıya
köçürüldü [1, s.178-180].
XII əsrin 30-cu illərində Azərbaycanda Atabəy-Eldənizlər sülaləsi
hakimiyyətə gəldi (1136-1225). Sülalənin yaradıcısı zəmanəsinin ağıllı diplomatı
və üzaqgörən dövlət xadimi qıpçaq əsilli Şəmsəddin Eldəniz idi [2, s.38-39]. Onun
uşaqlığı son dərəcə məşəqqətli keçmişdi. Valideynlərini çox erkən itirib yetim
qalmış, özgə qapılarında zülm görmüş, kömək və qayğıdan məhrum olmuş, qul
bazarlarında satılaraq əldən-ələ keçmişdi. Sonradan taleyi üzünə güldü və onu
Sultan II Toğrulun sarayına gətirib çıxardı. II Toğrulun hakimiyyəti illərində
(1132-1135) Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi və vəzifədən
vəzifəyə keçməyə başladı. Sultan Eldənizə əmir rütbəsi verdi. Sonra isə II Toğrul
azyaşlı oğlu Arslan şaha Eldənizi atabəy təyin etdi [8]…
 
Sultan Məsud isə (1135-1152) Eldənizi II Toğrulun dul qadını Möminə
xatunla evləndirdi. 1136-cı ildə Məsud mərkəzi Bərdə ilə birlikdə Arranı Eldənizə
iqta torpağı verdi. Eldəniz burada möhkəmlənərək tədricən Sultan asılılığından
çıxdı…
 
1160-cı ildə Atabəy Eldəniz 20 minlik ordu ilə, Arslan şahla Həmədana
gəldi. Burada Arslan şaha tac qoyuldu. Eldəniz Böyük Atabəy adlandı və Eldənizin
oğulları Məhəmməd Cahan Pəvləvan əmir-hacib (baş əmir), Qızıl Arslan isə Sultan
ordularının baş komandanı oldu. Dövlətdə əsas işləri Eldəniz görürdü. Arslan şah
formal olaraq dövlətin başında dayanmışdı [2, s.39-40]...
 
Beləliklə, Atabəy Eldəniz Qafqaz dağlarından İran körfəzinə qədər uzanan
nəhəng bir ərazini öz hakimiyyətinə tabe etdirdi. O, Azərbaycan, Arran, Şirvan,
Cibəl, Həmədan, Gilan, Mazandaran, Isfahan və Reyə yiyələnmişdi. Mosul,
Kirman və Pars atabəyləri, Şirvan, Xuzistan, Xilab, Ərzurum və Marağa hakimləri
Eldənizin adına pul kəsdirir, xütbə oxutdururdular. Əmrləri o verir, torpaqları
paylayır, dövlət xəzinəsinə nəzarət edirdi, Sultan Arslan şah heç bir işə qarışmırdı.
Şəmsəddin Eldənizin dövründə (1136-1175-ci illər) Azərbaycanın bütün ərazisi, o
cümlədən Arran, Şirvan, indi Ermənistan deyilən Azərbaycan torpaqları, İranın
bütün ərazisi, o cümlədən, Həmədan, Mazandaran, İsfahan, Rey, Fars, Xuzistan və
digər torpaqlar dövlətin tərkibinə daxil idi. 1160-cı ildə Arazdan şimala və cənuba
doğru ərazilərimiz Azərbaycan Sultanlığı adını aldı. Şəmsəddin Eldənizin övladları
Məhəmməd Cahan Pəhləvanın (1175-1186) və Qızıl Arslanın (1186-1191)
hakimiyyətləri dövründə dövlət daha da gücləndi, yeni ərazilər ələ keçirildi.
Eldənizlər hakimiyyəti İraq Səlcuq dövləti sultanlarının atabəyləri kimi idarə
edirdilər, atabəylik adı formal xarakter daşıyırdı, əslində müstəqil dövlət rəhbərləri
idilər, Qızıl Arslan isə bu formal ənənəyə də son qoyaraq, özünü sultan elan etdi.
 
 
Azərbaycan dövlətində Eldənizlər sülaləsinin hakimiyyəti 1136-cı ildən 1225-ci ilə
qədər davam etdi, Naxçıvan, Həmədan, Təbriz şəhərləri müxtəlif vaxtlarda
dövlətin paytaxtı oldu [4, s.20-25; 5, s.18-20; 8; 7; 9, s.28]. Azərbaycan türkcəsi və
fars dilləri dövlətin rəsmi dilləri idi [2, s.199]. Eldənizlərin dövründə Azərbaycan
dövləti tarixi ərazilərindən kənara çıxaraq, 1,4 milyon kv.km. [3, s.155] ərazini
əhatə etməklə artıq imperiya xarakteri almış, böyük və qüdrətli dövlətə çevrilmişdi.
Eldənizlər sülaləsinin sonuncu nümayəndəsi Atabəy Özbəyin dövründə
(1210-1225) dövlət zəiflədi. Dövlətin daxildə zəifləməsi, iqtisadi və hərbi böhran
meylləri nəticəsində xarici müdaxilələrin qarşısını almaq mümkün olmadı.
Azərbaycan dünyanın böyük bir hissəsini zəbt edən moğol imperiyasının gücü ilə
hesablaşmalı oldu, lakin müstəqil dövlətçilik ənənələrini itirmədi, əksinə, moğollar
bu ərazilərə nəzarət etmək üçün Azərbaycanın dövlətçilik sistemindən, idarəetmə
qaydalarından, yerli nəsillərin imkanlarından istifadə etməli oldu…
 
Ədəbiyyat:
 
1. Aşurbəyli S. Şirvanşahlar dövləti. VI-XVI əsrlər. Bakı, “Avrasiya press”, 2006.
2. Bünyadov Z. Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər). Bakı, “Şərq-Qərb”,
2007.
3. Əliyarlı S. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, “Çıraq”, 2007.
4. Nəcəf Ə.N. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından-XIV
əsrə qədər). Bakı, “Qanun”, 2010.
5. Nuriyeva İ. Azərbaycan dövlətləri intibah dövründə. Bakı, “Mütərcim”, 2015.
6. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Bakı, “Elm və
təhsil”, 2019.
7. Houtsma M.T., Brill`s E.J. First Encyslopedia of İslam, 1913-1936, BRİLL, 1987,
s.1053.
8. Luther K.A. (December 15, 1987). “Atabakan-e Adarbayjan. Encyslopedia İranica.
9. Гусейнзаде Р. Кавказ и армяне. Баку, «Апострофф», 2014.
 
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla