AZ

"Nəticəni gələn il görməyəcəksiniz" - "Neftçi"ylə bağlı suallara nöqtə qoydu

“Neftçi Arena”nın konfrans zalında “Neftçi”nin idman direktoru Yens Andersson jurnalistlərin önünə çıxıb.

İsveçli futbol funksioneri konfransa giriş sözü ilə başlayıb görülən və görüləcək işlərlə bağlı məlumat verəndən sonra çoxsaylı sualları cavablandırıb.

“6 aydır "Neftçi"dəyəm. Böyük tarixi olan kluba gəlmək xoşdur. Yeni mühit, yeni mədəniyyət, yeni ölkə bir az çətin ola bilər, amma burada məni çox yaxşı qarşıladılar. Gəldiyimiz gündən deparatmentin strukturunu dəyişdik, əsas, ehtiyat heyət və skautlardan ibarət heyət yaratdıq. "Neftçi"yə gələndə şəraiti görüb təəccübləndim. Təlim-məşq bazamızda böyük binamız olsa da, içi boş idi. Paltardəyişmə otaqları konteynerlərdə idi. Belə şərait köklü klubun adına uyğun deyildi. Təmirə zaman və pul ayıraraq əlavə yeniliklər etdik, şşəraiti daha da yaxşılaşdırdıq. Həmçinin, skautinq sisteminə yetərincə diqqət ayırmışıq. İndiki heyətimizdə yaşlı oyunçuların sayı çoxdur. Lakin bizim istəyimiz təcrübə ilə bacarığın sintezini yaratmaqdır. Başa düşürəm ki, komandanın hazırkı vəziyyətinə görə müəyyən narahatlıq və qəzəb var. Bəzən narazılıqlar klub daxilində də olub. Açığı, biz də yaxşı nəticələr gözləyirdik. Hazırda uzun müddətli layihələrimizə daha çox vaxt və güc sərf edirik. Bunun nəticəsini illər sonra görəcəksiniz. Bəzən irəliyə doğru iki addım atmaq üçün bir addım geri atmalı olursan. Biz bu yolu seçmişik.

- İdman departamentində sizdən başqa daha iki nəfər - Kamil Məmmədovla Zaur Əzizov var. Onların öhdəliyi nədir? İş bölgüsü necə aparılır?

- Tək onlar deyil, başqa insanlar da var. Kamil və Zaur fərqli sahələrdən gəliblər. Zaur əvvəl idman direktoru kimi çalışıb, klubdaxili məsələləri idarə etməkdə, gündəlik əməliyyatları həyata keçirməkdə yardımçı olur. Kamil isə əvvəl agent olaraq çalışıb, indi öz təcrübəsi ilə bizə kömək edir. "Neftçi" kimi klubda bu işləri bir nəfər görməməlidir. Veriləcək böyük qərarların yeganə məsuliyyətini mən daşıyıram. Təbii ki, hansısa oyunçu ilə bağlı qərar verməmişdən əvvəl baş məşqçinin fikirlərini öyrənəcəyik.

- Yaydan bu yana 13 transfer həyata keçirilib ki, onlardan 2-si qış fasiləsinə, sizin söz sahibi olduğunuz dönəmə təsadüf edib. Həmin transferlərin performansını necə dəyərləndirirsiniz?

- 13 futbolçunun hamısını qiymətləndirmək üçün vaxtım olmayıb. Qış transfer pəncərəsində Brayan Moreno ilə Alfa Konte transfer edildi. Onlar gəncdir, biri 1999, digəri 2000 təvəllüdlüdür. Onlara uyğunlaşmaq üçün vaxt lazımdır.Morenonun oyununu müəyyən qədər görmüşük, cəmi 3 aydır burada çıxış edirlər. Yay transfer dönəmində burada deyildim, amma transferlər barədə mənə məlumat verilib. Baş məşqçinin təyinatı gecikib, yeni gələn futbolçular az müddətdə birlikdə olublar. hazırlıq dönəmi keçiblər. Fikrimcə, futbolçunu klubu tərk etdiyi vaxtda dəyərləndirmək lazımdır.

- İnşaatdan, baza tikintisindən danışmağınız bir qədər təəccüblü oldu. İndiyə qədər hansısa bazanın, yaxud binanın tikintisində iştirak etmisiniz? Baza hansı tarixdə tam təhvil veriləcək?

- İsveçdə və Danimarkada bu kimi təcrübələrim olub.Bu gün nələrə ehtiyac duyğumuzu bilirik. "Beşiktaş"lı həmkarlarımızdan da müəyyən tövsiyələr almışıq. Bu baza komanda üçün vacib və müsbət nəticələr verəcək.Bazada gündəlik tələblər üçün lazım olan şərait var. İkinci mərhələdə isə prosessin digər fazası baş tutacaq. "Neftçi" kimi klubların bazasına investissiya etmək cəsarət tələb edir. Bu işlərin nəticəsini gələn il görməyəcəksiniz. Bu, gələcəyə hesablanıb.

- Son 1 ildə transfer olunan 5 hücumameyilli futbolçu birlikdə 3 qol vurub. “Neftçi”yə normal hücumçu tapmaq bu qədər çətindir?

- Futbol çox çətin oyundur. Təbii ki, skautinq fəaliyyətidə çətinlik olur. Elə oyunçu tapmalısan ki, komandaya uyğunlaşa bilsin, nəticə versin. "Bayer"in oyunçu transfer etmək işləri ilə bizimki fərqlidir. Çünki onların oturuşmuş heyəti var. Hər fasilə dönəmində 1-2 transfer edirlər, onlar da komandaya uyğunlaşır. Çünki sistem var. Bu sistemi qurmaq üçünsə vaxt lazımdır.

-“Neftçi”də illik 1 milyon dollar qazandığınız iddia olunur. Dəqiq rəqəmdir?

- İndiyə qədər mətbuatla məvacibimi müzakirə etməmişəm. İndi də nəsə demək fikrim yoxdur.

- İddialara görə mövsümün sonunda komandanı çox sayda oyunçu tərk edəcək. Kimlər gedə bilər və hansı mövqelərə yeni adlar gözlənilir?

- Məndə belə siyahı yoxdur. Bəzi futbolçuların müqaviləsinin müddəti başa çatacaq. Ola bilər ki, onlarla yeni anlaşma əldə olunsun. Say mövzusunda heç nə deyə bilməyəcəyəm.

- Planlarınızı həyata keçirmək üçün yetərincə vaxtınız olacaq?

- Bütün işlər gələcəyə hesablanıb. Bunu planla, balansla həyata keçirməliyik. Uğurlar əldə etməsəm, burada işim davam etməyəcək. İstənilən komandanı uğura daşımaq üçün 3 “transfer pəncərəsi” tələb edir.

- "Neftçi"ydə əsas öhdəliklərinizdən biri də gənc yerli futbolçuların əsas komandaya yüksəlməsidir. Burada olduğunuz müddətdə bu yöndə hansı işlər görülüb?

- Böyük klublarda akademiyada yetişən futbolçuların oynadılması çox müzakirə olunur. Bunu normal qarşılayıram. Rza Cəfərov, Ağadadaş Salyanski, Ömər Qurbanov kimi gənclər əsas komanda ilə məşq edir və oynayırlar. Fərid Yusifliilə İsmayıl Zülfüqarlını "Turan Tovuz"a icarə vermişik. Hər zaman komandada ehtiyat qüvvə saxlamağa çalışırıq. Əvəzedici komandadan 4-5 futbolçu mütəmadi olaraq əsas komanda ilə məşq edir. Bu işlərə daha çox payızda vaxt ayıracağıq. Çünki bir çox işi eyni anda görmək olmur. Çalışırıq ki, gənc oyunçulara daim şans verək. Amma zamanlama düzgün olmalıdır. Hər hansı futbolçunun komandaya gec və ya tez cəlb edilməsi ona ziyan vura bilər.

- Miodraq Bojoviçin qarşısına iki hədəf qoyulmuşdu. Ölkə kuboku böyük ölçüdə əldən getdi. Yalnız gümüş medallar üçün şanslarınız qalır. Bojoviçin işini necə qiymətləndirirsiniz?

- Hər həftə qiymətləndirmə aparıram. Qərar verməmişdən əvvəl götür-qoy edirik. Baş məşqçinin işini yekunda qiymətləndirəcəyik.

- Baş məşqçinin gedib-qalması barədə yekun qərarı klub rəhbərliyinə siz çatdıracaqsınız?

- Bəli.

- Skautinq komandası hansı əsaslarla işləyəcək?

- Skautluq üçün əsas pinsiplər var. Biz maraq dairəmizdə olan oyunçuları canlı görmək istəyirik. Çünki videoda futbolçunun yalnız topla davranışını görürsünüz. Məqsədimiz maraqlandığımız futbolçuları yaxından izləməkdir.

- Uzun zaman üçün perspektivdən danışdınız. Bəs, qısa müddət üçün planlarınız nədən ibarətdir?

- Hər bir oyuna qələbə qazanmaq əzmi ilə çıxmalıyıq. Hazırda heyətimizi maksimum formalaşdırmaq üçün çalışırıq. Növbəti mövsüm üçün hazırlıqlara başlamışıq.

- Azarkeşlərin “Neftçi”nin oyunlarını boykot etməsinə münasibətiniz nəcədir?

- Bu günə qədər böyük klublarda iş təcrübəm olub. Böyük azarkeş ruhu olan klublarda işləməyi sevirəm. Bilirəm ki, komandaya olan azarkeşlik sevgisi bəzən qəzəbə çevrilə bilər. Amma boykot yaxşı üsul deyil. Klubu sevirsinizsə, hər zaman yanında olmalısınız. Bura gələndə, stadiondakı atmosferi görəndə müsbət mənada təəccüblənmişdik. Çox istərdik ki, azarkeşlərimizi yenidən stadionlarda görək. “Neftçi”nin uğurlarını istəyiriksə, gücümüzü birləşdirməliyik. “Zirə” ilə oyunda azarkeşlərimizi stadiona dəvət edirik.

HƏBİB

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla