AZ

Növbəti qələbə: kəndlərimiz geri qaytarldı

Nəhayət, gözlənilən hadisə baş verdi. Qazax rayonunun işğal altındakı 7 kəndindən 4-ü geri qaytarılır. Düzdür, bu hadisə gec-tez baş verməli idi, amma Azərbaycan bunun qansız-qadasız ötüşməsini istəyirdi. Müharibə etmək niyyəti olsaydı, yəqin ki, Azərbaycanı durduran olmazdı, öz suverenliyini, ərazi bütövlüyünü bərpa etməkdə yenə tərəddüd etməzdi. İtkilər olmasın deyə, rəsmi Bakı İrəvandan kostruktivlik nümayiş etdirməyi, bizə aid olan torpaqları qeyd-şərtsiz qaytarmağı tələb edirdi.
Ermənistan tərəfi 44 günlük müharibədən keçən 3 il yarım müddət ərzində Azərbaycandan delimitasi prosesi ilə bağlı təkliflər alsa da, revanşistlərin və daha çox xarici qüvvələrin təhriki ilə İrəvan reallıqla barışmaq istəmirdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə qeyri-müəyyən, anlaşılmaz fikirləri ilə ölkəsini bir az daha dolaşığa salır, işğalçı əməllərini davam etdirməklə beynəlxalq qurumların, o cümlədən sülh təşəbbüskarlarının işini çətinləşdirirdi. Amma yolun sonu gəldi, Ermənistan rəhbərliyi Azərbaycanın “B” variantını işə salacağından çəkinərək prosesin sülh yolu ilə həll olunmasına üstünlük verdi.

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

Görüş zamanı komissiyalar delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Həmçinin qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Azərbaycan və Ermənistan arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun. Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

Razılaşmada qeyd olunub ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər. Əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq.
Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. Görüşün nəticəsində protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılması qərara alınıb.

Tərəflər arasında baş tutan razılaşma barədə danışarkən kənar qüvvələrin bu məsələyə verdikləri, yaxud verəcəkləri reaksiya daha maraqlıdır. Çünki, iki ölkə arasında münaqişənin həllində olduğu kimi, müharibənin gedişində də beynəlxalq güclər yalnız qeyri-konstruktivlikləri ilə yadda qalıblar. 30 illik savaşda bu qüvvələr müxtəlif adlar altında iki qonşu ölkə arasında sülhü təmin etmək, ədaləti bərpa etmək əvəzinə dağıdıcılıqla məşğul olublar, düşmənçilik toxumu səpiblər, ermənilərə hərtərəfli yardım etmə qarçıdurmanı passiv fazadan çıxararaq onu böyük savaşa çevirə biliblər. Burada həmin güclər daha çox öz maraqlarından çıxış edərək müharibənin uzanmasına səbəb olublar. Bu gün isə Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan masaya əyləşiblər və razılığa gəliblər. Halbuki, Azərbaycan hər zaman Ermənistanla birbaşa danışıqların tərəfdarı idi. Düşənbə görüşündən başlanan birbaşa danışıqların bəhrəsi bu gün özünü daha geniş mənada təsdiq edir. Bəzi ölkələr və beynəlxalq təşkilatlar ikitərəfli danışıqların bəhrə verməyəcəyi barədə təbliğat apararaq buna özlərini də inandırmışdılar. Amma Azərbaycan Prezidenti İlham Əliyev bu səddi də dağıtmağı bacardı.

Bəzi Qərb dairələrinin danışıqlar prosesinə müdaxiləsinin qarşısını alındıqca, Ermənistan və Azərbaycan qarşılıqlı anlaşma mühiti formalaşdı və nəticə də bundan ibarətdir ki, Qazax rayonunun 7 kəndindən 4-ü qansız, qadasız geri alındı. Bu, əlbəttə, Azərbaycanın, önun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və onun ətrafından yumruq tək birləşən Azərbaycan xalqının uğurudur, növbəti QƏLƏBƏsidir.

V.VƏLİYEV

Seçilən
17
12
Mənbələr
Şərh ()
Bağla