AZ

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Tanınmış

Hacıqabul, 19 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tanınmış şair və tərcüməçi Sabir Almazovun xatirə gecəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xatirə gecəsində şairin ailə üzvləri ilə bərabər, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, mədəniyyət işçiləri, müəllimlər, məktəblilər, rayon ağsaqqalları iştirak ediblər.

Natiqlər mərhum şair Sabir Almazovun həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, 1937-ci ildə Hacıqabul rayonunda anadan olan Sabir Almazov bir çox hekayə, povest və romanları xarici dildən Azərbaycan dilinə tərcümə edərək, geniş oxucu kütləsinə çatdırıb. Şairin "Mənim səsim", "Fikir", "Baharla görüş" adlı kitabları işıq üzü görüb. O, 1976-cı ildə dünyasını dəyişib.

Məktəblilər şairin şeirlərini səsləndirib, sözləri Sabir Almazova məxsus olan musiqi ifa edilib.

Şairin bacısı Bibigül xanımın və yaxın dostu Sabir Rüstəmxanlının Sabir Almazov haqqında fikirlərini bölüşdükləri videoçarx izlənilib.

Sonda muzeyin fondunda saxlanılan, Sabir Almazova aid eksponatlardan hazırlanan sərgiyə baxış olub.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla