AZ

"Xocalı aeroportu işləyə bilərəm..." - Əlif Hacıyevin qızı

“Atam şəhid olanda mənim 9, bacımın isə 2 yaşı var idi. Atamı dünyanın ən yaxşı adamı kimi xatırlayıram. O, bir dəfə də üstümə səs qaldırmayıb. Dərslərimdə kömək edirdi, nə istəyirdim alırdı. Xocalıda iki yaşımda olan hadisələri belə xatırlayıram”.

Bunu Bakupost.az -a açıqlamasında Milli Qəhrəman Əlif Hacıyevin qızı Zərinə Hacıyeva deyib.

O atasının arzularını da dilə gətirib:

“Atam çox istəyirdi ki, xaricdə təhsil alım və diplomat işləyim. Mən Almaniyada universitet bitirmişəm, ingilis dilini çox yaxşı bilirəm, xarici şirkətdə işləyirəm. İndi övladlarım da ingilis dilində təhsil alırlar. Ümid edirəm ki, böyük oğlum David babası kimi Xocalı aeroportunda işləyə bilər və bunun üçün əlimdən gələni edəcəm. Bacımın oğlu isə atamın adını daşıyır və artıq 6 yaşı var”.

Zərinə xanım hər həftə atasının məzarını ziyarət etdiklərini bildirib:

“Təəssüf ki, Xocalıya gedə bilməmişik. Amma bununla bağlı müraciət etmişəm. Cənab Prezident Xocalıda təməlqoyma mərasimində olanda təəssüf ki, bizi ora dəvət etmədilər. Atamın məzarını isə övladlarımla birlikdə demək olar ki, hər həftə ziyarət edirik”.

O, Xocalı aeroportuna atasının adının verilməsi arzusunda olduqlarını deyib:

“Bu günü 32 il idi ki, gözləyirdik. Xocalı aeroportundan rus sülhməramlılarının çıxması bizim üçün həqiqətən çox vacib hadisədir. Bibimə dedim ki, Xocalı aeroportu azadlığına qovuşsa, atamın adını Cənab Prezident ora versə, özümə deyə bilərəm ki, missiyamı yerinə yetirdim. Çünki bundan sonra dünyada ən xoşbəxt adam mən olacam. İndi müraciət etmək istəyirəm ki, bütün gücümü Xocalıya verim və atamın yarımçıq qalan arzularını mən gerçəkləşdirim. Potensialım buna imkan verir. Əslində mən kadrlar üzrə mütəxəssisəm və Xocalı aeroportu açıldıqdan sonra öz sahəm üzrə orda işləyə bilərəm”.

Vasif Əlihüseyn
BakuPost
Seçilən
75
Mənbələr
Şərh ()
Bağla