AZ

Samir Abasov: “Bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 31-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizi təbrik edirəm. Bu qələbədə onların da payı var. Futbolçularımı da təbrik etmək istəyirəm. Matçdan öncə ajiotaj o yerə çatmışdı ki, bu, bizi öz oyun intizamımızdan çıxara bilərdi. Futbolçular sağ olsunlar, söz-sözbətlərə adekvat cavab verdilər və öz oyunumuzdan dönmədik. Rəqibin oyununu pozmağa və özümüz oynamağa çalışdıq. Bu qələbəni sürücümüzə həsr edirəm. Ağır əməliyyat keçirib. Bu da onun üçün sevinc payı olsun”.

Samir Abasov oyundan öncəki ajiotaj və avrokuboklara vəsiqə qazanmaq şansları barədə suallara da cavab verib:

“Bir qələbə ilə nəyisə təmin etmək çətindir. Turnir cədvəlində sıxlıqdır. Amma qələbə komandanı ayaqda saxlayır. Bu gün bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil. Başımızı başlara qoşmuşuq, bəzilərinin planlarını alt-üst etmişik. Yalnız bir rəqibə qarşı oynamırıq, bir neçə kluba qarşı mübarizə aparırıq. Avrokuboklara vəsiqə qazansaq, məmnun olarıq.

Ajiotaja gəlincə, bu cür hallar baş məşqçilərin arasını vurur, futbolçuları qızışdırır, klubları düşmən edir. Kimlərsə olmayan şeyləri yazır, “Sumqayıt”ı “dartırlar” deyir. Onların düşündüyünün əksinə bu cür hallar bizim xeyrimizədir. Həmişə qələbə qazanacağıqsa, yazsınlar. İnanıram ki, qələbə ilə bu söhbətlərə son qoyduq”.

“İlk hissədə rəqibdə hər şey alınırdı” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Üzücü məğlubiyyət oldu. Oyuna yaxşı başladıq. İlk 10 dəqiqə üstünlüyümüzlə keçdi. Təəssüf ki, sonra 2 ardıcıl qol buraxdıq. Bəzi çatışmazlıqlarımız var idi. Oyunçularımız zədəli, cəzalı olduğuna görə bəzi dəyişiklikllər edirik. İlk hissədə rəqibdə hər şey alınırdı. İkinci yarıda oyunu çevirə bilərdik. Otto Conun qaçırdığı epizodlar matçın qırılma nöqtəsi oldu. Hələ mübarizə davam edir. Həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaq lazımdır. Son həftələrdə hər kəs avrokuboklar haqda fikirləşirdi. Futbolçular uduzmaqdan qorxurdu. Bu məğlubiyyətin faydası da olacaq. Düz yoldayıq. Hər komanda məğlub ola bilər. Günahkar axtarmıram. İrəli baxacağıq. Həvəsdən düşsək, gələcəyimiz üçün böyük problem yarada bilər. Ümumən futbolçularım əllərindən gələni etdilər.

Bu gün komandada dayaq yarımmmüdafiəçisi yox idi. “Qəbələ” ilə matçda Ayxan Hüseynovu zədədən sonra risk edib oynatdıq. Bu gün tam hazır deyildi. “Sumqayıt” mərkəzdə ən aktiv komandadır. Bu gün məcburiyyətdən Emmanuel Hakmanı mərkəzdə oynatdıq. Fəridlə Ayxanı meydana buraxmaqla hücumu gücləndirməyə çalışdım. İkinci hissə bizim üstünlüyümüzlə keçdi”.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla