AZ

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Azərbaycan

Bakı, 19 aprel, AZƏRTAC

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanovla görüşüb.

AZƏRTAC səfirliyin saytına istinadla xəbər verir ki, görüş zamanı iki ölkənin investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər, xüsusilə Prezident Kasımjomart Tokayevin 11-12 mart tarixlərində Azərbaycana dövlət səfəri çərçivəsində imzalanan “Samruk-Kazına” SC ilə Azərbaycan İnvestisiya Fondu arasında strateji tərəfdaşlıq haqqında Sazişinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Səfir A. Bayel birgə investisiya fondunun yaradılmasının ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsində mühüm addım olacağını və qardaş ölkələrin regionda maraqlarını əlaqəli şəkildə təşviq etməyə imkan yaradacağını vurğulayıb. Yaradılmaqda olan Qazaxıstan-Azərbaycan Fondu həm iki ölkənin ərazisində, həm də üçüncü ölkələrdə iqtisadiyyatın müxtəlif sektorlarda maraqlı investisiya layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq.

Bu kontekstdə, tərəflər həm iki ölkə, həm də bütün region üçün böyük geoiqtisadi əhəmiyyətə malik və artıq reallaşdırılmaqda olan layihələri yüksək dəyərləndiriblər. Xüsusi diqqət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) birgə inkişafına, Qazaxıstan enerji daşıyıcıların Azərbaycan ərazisi üzərindən tranzitinə, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FORX) çəkilməsinə, habelə Xəzərin dibi ilə dərin dəniz elektrik kabelinin çəkilməsi ilə bağlı əldə olunmuş razılaşmalara yetirilib.

Həmsöhbətlər həmçinin investisiya fondunun iştirak edəcəyi yeni təşəbbüsləri müzakirə ediblər. Qeyd etmək lazımdır ki, fond “Astana” Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) bazasında qeydiyyata alınacaq və ən yazın zamanda fəaliyyətə başlayacaq. Fondun ilkin həcmi 300 milyon dollar təşkil edəcək.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla