AZ

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Gürcüstan

Tbilisi, 19 aprel, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İnvestisiya Bankının (AİB) Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Matsey Çura ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb. Bildirilir ki, görüşdə Gürcüstan ilə AİB arasında əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.

Tərəflər Gürcüstan iqtisadiyyatının müsbət artım dinamikasını və makroiqtisadi tendensiyaları nəzərdən keçiriblər. Hökumət başçısı göstərdiyi dəstəyə görə AİB-nin regional nümayəndəliyinin rəhbərinə təşəkkür edib.

Gürcüstanda infrastrukturun inkişafına yönəlmiş və AİB tərəfindən maliyyələşdirilən investisiya layihələrinin rolu xüsusi vurğulanıb. Bu xüsusda bankının dəstəyi ilə həyata keçirilən Şərq-Qərb beynəlxalq avtomobil yolu layihəsinin əhəmiyyəti qeyd olunub.

Baş nazir AİB-in gələcəkdə də ölkə üçün prioritet sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində Gürcüstana dəstəyini davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, AİB Gürcüstanda investisiya layihələrinə indiyədək 1,6 milyard avro sərmayə qoyub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla