AZ

Sərxoş və narkoman sürücülər tutulub müayinə ediləndə videosu çəkiləcək? – Hüquqşünas AÇIQLADI

Parlamentin bugünkü plenar iclasında inzibati icraat zamanı həyata keçirilən tədbirlərə kənar şəxslərin (hal şahidlərinin) cəlb edilməsinin aradan qaldırılıb. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə həmin hallarda fasiləsiz videoçəkiliş aparılmaqla icraatın həyata keçirilməsi nəzərdə tutulur.

Bəs video çəkilişlər həyata necə keçiriləcək? Bu görüntüləri kim çəkə biləcək? Belə görüntülər mediaya aid olacaq, yoxsa səlahiyyətli orqana?

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində inzibati xətalara dair işlər üzrə müəyyən prosessual hərəkətlərin həyata keçirilməsində hal şahidlərinin iştirakı nəzərdə tutulur: “Məcəllənin 69-cu maddəyə əsasən, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitələrinə baxış, əşyaların və sənədlərin götürülməsi, nəqliyyat vasitəsini idarə edən şəxslərin sərxoşluq vəziyyətinin yoxlanılması hal şahidlərinin iştirakını nəzərdə tutan prosessual hərəkətlərdir. Milli Məclisdə təklif olunan son dəyişiklikdə ümumiyyətlə, inzibati xətalara dair işlər üzrə icraatda hal şahidi institutunun ləğvi nəzərdə tutulub. Yəni, inzibati xətalara dair iş üzrə icraatda bu dəyişikliklərdən sonra artıq hal şahidləri olmayacaq və müəyyən hərəkətlərdə hal şahidlərinin iştirakının əvəzi olaraq fasiləsiz video çəkilişin aparılması nəzərdə tutulur. Bundan əvvəl guya ki, axtarışda hal şahidi axtarılan şəxsin üzərindən, nəqliyyat vasitəsindən hansı əşyaların tapıldığına şahidlik edirdi. Lakin bu hal şahidləri heç vaxt qanunda nəzərdə tutulduğu kimi istifadə olunmayıb və formal xarakter daşıyıraq bütün hərəkətlər qanun pozulmaqla həyata keçirilib. Artıq bütün prosesin video çəkilişlə qeydə alınması bu formallığı aradan qaldıracaq. Fasiləsiz video çəkilişdə prosessual hərəkətin icra olunması, onun nəticələri, yəni edilən hərəkətlər, aşkar olunan əşyalar, sənədlər və s. əks olunacaq”. 

Hüquqşünas vurğulayıb ki, bu video çəkilişlər yayılmaq üçün yox, yalnız icraat üçündür: “Video çəkilişi həmin prosessual hərəkəti həyata keçirən səlahiyyətli orqan icra etməlidir. Məsələn, polis şəxsi axtarış aparırsa çəkilişi həyata keçirməlidir. Görüntülər yalnız icraat zamanı xidməti istifadə üçündür. Onların başqa heç bir təyinatı yoxdur”.

Ərşad Hüseynov qeyd edib ki, Milli Məclisdə müzakirə olunan dəyişikliklərlə hal şahidlərinin fasiləsiz video çəkilişlə əvəz edilməsi normal bir şeydir: “Çünki hal şahidləri onsuz da formal xarakter daşıyırdı. Videoçəkiliş daha maraqlı, daha rahat, daha qanunauyğundur. Amma şəxsin sərxoşluq vəziyyətinin müayinəsinin aparılmasının çəkilişi yeni dəyişikliklərdə nəzərdə tutulmur. Bunu mən doğru saymıram. Hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsinə şəxsin sərxoşluq vəziyyətinin müayinə edilməsi həyata keçiriləndə də fasiləsiz video çəkilişin aparılması da əlavə olunmalıdır. Görüntülərdə müayinənin tam qanunauyğun qaydada həyata keçirildiyi, sertifikatlaşdırılmış alkotesterdən və digər müayinə vasitələrindən istifadə edildiyi, nəticələrin də məhz o sənədləşdirmədə olduğu kimi aşkar edildiyi əks olunmalıdır. Fasiləsiz video çəkilişin aparılmasının məcburi olmasını bu layihəyə əlavə etsələr gözəl olar, mübahisələr aradan qalxır”.

Məhəbbət Tərlanoğlu

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla