AZ

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

ADPU-da

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Heydər Əliyev dərsləri”nin növbəti məşğələsi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ADPU-nun Heydər Əliyev Mərkəzində keçirilən məşğələdə Tarix və coğrafiya fakültəsinin tələbələri iştirak ediblər.

Dərsin əvvəlində onlar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolu haqqında məruzəni dinləyiblər. Məruzədə qeyd edilib ki, Heydər Əliyev fitri istedadı və gərgin əməyi sayəsində istər təhsil illərində, istərsə də dövlət və partiya orqanlarında çalışdığı zaman ən yüksək nailiyyətlər qazana bilib. Ulu Öndər 1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edib, onun hərtərəfli inkişafını təmin edərək Sovet İttifaqının 15 respublikası arasında qabaqcıl mövqelərə çıxarıb. Müstəsna keyfiyyətlərinə görə Heydər Əliyev 1982-ci ildə SSRİ-nin ali partiya və dövlət rəhbərlərindən biri səviyyəsinə yüksəlib. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider qısa müddətdə ölkədə tüğyan edən xaos və anarxiyanın, etnik separatizm təzahürlərinin qarşısını alıb, hakimiyyəti silahlı yolla devirmək praktikasına birdəfəlik son qoyub. Beləliklə, Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsindən qurtulub, həyata keçirilən kompleks islahatlar sayəsində davamlı sosial-iqtisadi inkişaf yoluna qədəm qoyub. Təsadüfi deyil ki, 1969-2003-cü illər arasındakı zaman kəsiyi haqlı olaraq “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” adlandırılır.

Məruzədən sonra mütəxəssis Tərlan Ağayev dərsin iştirakçılarını Mərkəzdə nümayiş olunan fotolar, arxiv sənədlərinin surətləri və digər eksponatlarla tanış edib, onlara Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə məlumat verib. Tələbələr Ulu Öndərə həsr edilmiş sənədli filmə maraqla tamaşa ediblər.

İştirakçıların fəallığı ilə keçən dərs sual-cavab və qarşılıqlı müzakirələrlə başa çatıb.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla