AZ

Divarlara yazılan nalayiq ifadələrin yaratdığı CİNAYƏT MƏSULİYYƏTİ: Bu şəxsləri hansı cəzalar gözləyir? – AÇIQLAMA

“Hər hansı özünü ifadə etmək istəyən gənc divarlara şəkil çəkmək, yaxud yazı yazmaqla dövlət mülkiyyətinə ziyan vurmuş sayılır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bəzi şəxslər tərəfindən divarlara çəkilən şəkillər və yazılan təhqiramiz ifadələr və bunun yarada biləcəyi cinayət məsuliyyəti haqda danışan hüquqşünas Ramil Süleymanov deyib.

Onun sözlərinə görə, bəzi gənclər müəyyən bacarıqlarını nümayiş etdirməklə özlərini ifadə etməyə çalışırlar.

“Qeyd edim ki, “Street Art”- küçə sənəti ilə bağlı mübarizə Azərbaycanla yanaşı, bütün ölkələrdə verilir. Bəzi gənclər müəyyən bacarıqlarını nümayiş etdirməklə özlərini ifadə etməyə çalışırlar. Lakin bu davranış həm dövlətin, həm də özəl mülkiyyətin faktiki olaraq, zərər görməsinə gətirib çıxarır. Bununla bağlı dövlət büdcədən müəyyən xərclər həyata keçirməklə təmir yaxud yenidənbərpa işlərini həyata keçirir. Hər hansı özünü ifadə etmək istəyən gənc divarlara şəkil çəkmək yaxud yazı yazmaqla dövlət mülkiyyətinə ziyan vurmuş sayılır”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, divarlara təhqiramiz ifadələrin yazılması, vətəndaşların belə ifadələri oxuması həmin işi həyata keçirənlərin cəmiyyətə açıq-aşkar hörmətsizliyi və etikadan kənar hərəkət kimi qiymətləndirilir:

“Burada mülkiyyətə zərər vurmadan əlavə, divarlara təhqiramiz ifadələrin yazılması, vətəndaşların belə ifadələri oxuması həmin işi həyata keçirənlərin cəmiyyətə açıq-aşkar hörmətsizliyi və tərbiyəsizliyi kimi qiymətləndirilir. Nəticə etibarı ilə bu şəxslərin əməllərində xırda, o cümlədən, daha ciddi xuliqanlıq hərəkərtləri təsbit oluna bilər.

Qeyd edim ki, həmin şəxslərin dövlət yaxud özəl əmlakı qəsdən məhv etməsi, zədələməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə cəzalandırılır.

Həmin şəxslər əmlaka az miqdarda – 5 min manata qədər olan məbləğdə zərər vurarlarsa, vurulmuş zərərin bir mislindən iki mislinə qədər miqdarda inzibati qaydada cəriməyə məruz qalırlar. Vurulmuş zərərin dəyəri bundan çox olduğu təqdirdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əmlakı qəsdən məhvetmə maddəsinə istinad olunaraq, həmin şəxslərin davranışı cinayət məsuliyyətinə səbəb olacaq”.

İsmayıl Bakuvi

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla