AZ

Qərbə inamsızlıq fonunda HAYLAR ARASINDA NARAHATLIQ –TƏHLİL

Qərbin hər zaman mənasız, yalan və boş vədlər, ümidlər verdiyi artıq dəfələrlə öz təsdiqini tapıb və Ermənistana da eyni şəkildə yalançı vədlər verdiyi diqqətdən yayınan deyil. Gürcüstanın çox ümid etdiyi Qərbin həmin ölkəni müdafiəsiz qoyduğunun da şahidi olduq, Rusiyasının yerlə-yeksan etdiyi Ukraynaya kömək etməkdən boyun qaçırdığını və meydanda tək qoyduğunu da gördük. ABŞ və Avropa İttifaqının Ermənistana real təhlükə zamanı kömək edəcəyinə nəinki heç kim zəmanət verə bilməz, ümumiyyətlə, bu barədə kimsə hansısa iddiada belə ola bilməz. Təsadüfi deyil ki, artıq erməni cəmiyyəti məhz buna görə narahatdır, çünki hadisələrin gedişi də həmin narahatçılığa əsas verir.

Paşinyan Qərbə ümud etməyin mənasız olduğu barədə açıq-aydın şəkildə açıqlama verib

İndi erməni cəmiyyəti müşahidə edir ki, kollektiv Qərb guya Ermənistanın təhlükəsizliyinin qarantı kimi sadəcə özünü göstərməyə çalışır və get-gedə hayların ümidləri də bu baxımdan puç olur. Artıq erməni cəmiyyərində həyəcan təbili çalınır, çünki haylar hiss etməyə və başa düşməyə başlayırlar ki, onların məhz Ermənistan dövlətinin taleyini kollektiv Qərbin əlinə vermək cəhdləri ölümcül nəticələrə gətirib çıxaracaq. Diqqət çəkən məqam odur ki, bu vaxta qədər Ermənistan hakimiyyəti Qərbin onları müdafiə edəcəyinə hayları inandırmağa çalışırdı, amma indi onların artıq belə bir niyyətdə olmadığını da görmək çətin deyil. Beləki, artıq Ermənistanın baş naziri Nikol Paşinyan özü belə Qərbə ümud etməyin mənasız olduğu barədə açıq-aydın şəkildə açıqlama verməyə məcbur olub. O bildirib ki, aprelin 5-də Brüsseldə keçirilən yüksək səviyyəli Ermənistan-ABŞ-Aİ görüşü Aİ və ABŞ-ın onların problemlərinin həll edilməsi ilə bağlı deyil. O əlavə edib ki, Aİ və ABŞ Ermənistanla siyasi islahatlar, iqtisadi inkişaf, idarəetmə, ticarət, rabitə, kənd təsərrüfatı, aviasiya təhlükəsizliyi və enerji, o cümlədən nüvə enerjisi kimi sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib, amma Aİ və ABŞ-ın hər zaman Ermənistanı dəstəkləyəcəyi, yaxud qarant kimi çıxış edəcəyi barədə qətiyyən söz açmayıb. Heç şübhə ediləsi deyil ki, erməni baş nazir hansısa şəkildə manipulyasiya edərək, diqqəti yayındırmağa, nəyi isə gizlətməyə, görüş zamanı hansı məsələlərin müzakirə edildiyini gizlətməyə çalışır, amma bütün bunların fonunda Vovayeviçin Qərbin dəstəyi ilə bağlı ümidsiz olduğu da özünü biruzə verir. Daha dəqiq desək, Qərbə ümid etməyin mənasız olduğunu Paşinyan açıq şəkildə bəyan edə bilib.

Qərbə güvənərək ruslara qarşı xəyanətlər edən haylar özlərinin oda atmış olduqları qənaətindədirlər və buna görə qorxu keçirirlər

Bəli, demokratiya, qanunun aliliyi, korrupsiya ilə mübarizə məsələləri kollektiv Qərb üçün maraqlı görünə bilər. Bunlar təbii ki, elə Ermənistan üçün də maraqlı və vacibdir. Amma haylar bu sadalananlara indiki və gələcək xarici siyasətdə hansısa kəskin və problemlərlə dolu olan yayınmalar olmadan, Rusiyaya qarşı çıxıb Qərbə meyl etmədən də nail ola bilərdilər. Amma bu yolda Qərbə güvənərək özlərinin oda atmış oldular. Qərb yönümlü olduqlarını göstərərək və Qərbin qarant olacağına ümid edərək, Rusiyaya ası oldular, ruslara qarşı çox xəyanətlər etdilər və indi buna görə zərbə alacaqlarından bərk qorxu keçirməkdədirlər. Qorxu keçirmələrini başa düşmək çətin də deyil, çünki rusların cavabının olacağına əmindirlər. Məsələ burasındadır ki, Rusiyanın nə edəcəyi barədə plan da çox güman ki, artıq hazırdır və hətta ölkənin gündəliyinə də daxil edilib. Sözsüz ki, həmin plan təkcə şəxsən Paşinyan üçün yox, elə Ermənistan üçün də ciddi problemlər deməkdir. Qərb isə bununla bağlı nəinki heç nə edə bilməyəcək, ümumiyyətlə, nə isə etmək barədə belə düşünmədiyi belə göz önündədir. Hətta haylar özləri belə hesab edirlər ki, Qərb artıq öz zəifliyini, çarəsizliyini etiraf etməyə hazırdır. Bunun isə ermənilər üçün nə demək olduğunu özləri hamıdan yaxşı bilirlər və yuxularının ərşə çəkilməsi də bu baxımdan tam şəkildə başadüşüləndir.

Son hadisələr, daha dəqiq desək, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməyə başlaması ümumiyyətlə, haylar üçün böyük bir şok oldu. Əvvəla ona görə ki, haylar öz ərazilərində olan və Rusiyaya məxsus 102-ci hərbi baza ilə bağlı hay-küy qoparmalarına rusların məhəl qoymadığı halda, səssiz-səmirsiz, iki ölkənin ali rəhbərliyinin qərarı ilə sülhməramlılarını Azərbaycan ərazilərindən çıxarmağa başlaması bütün erməni cəmiyyəti üçün gözlənilməz soyuq duş effekti oldu. Digər tərəfdən də haylar başa düşdülər ki, ümumiyyətlə, ruslar nəinki onları, heç arxalandıqları Qərbi belə hesaba almır, saya salmırmış. Hər halda erməni cəmiyyəti başa düşür ki, əgər Rusiya indiki məqamda Qərbi hesaba almış olsaydı, özləri əraziləri tərk etdikdən sonra, Qərbə məxsus hansısa hərbi kontingentin regiona yerləşdirilməsi ilə bağlı imkanlarının olduğunu real hesab etsəydi, qətiyyən bölgəni tərk etmək barədə düşünməzdi. Əksinə, müddəti bacardıqca uzatmağa çalışardı. Əgər haylar bunun əksini müşahidə edirlərsə, başa düşürlər ki, ruslar bunun mümkünsüzlüyünü nəzərə alaraq, hesablayaraq, saymazyana şəkildə bölgəni tərk etməkdədirlər. Deməli, ortada qalan haylar özləridir və getdikcə daha dərin quyuya yuvarlanmaqdadırlar. Hər halsa bunu görmək onların özləri üçün ən azından, kifayət qədər həyəcanvericidir və haylar arasında narahatlıq da bu səbəbdəndir.

Qərbə ümid edən Gürcüstanın taleyi bir nümunədir oxşar vəziyyət Ermənistan üçün fəlakət deməkdir

Xatırladaq ki, Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanın əvvəlcə ABŞ və Aİ-nin ən mühüm müttəfiqi səviyyədinə belə yüksəldilməsi, sonra isə sadəcə olaraq tərk edilməsi göz önündə baş vermiş oldu. Bir zamanlar Gürcüstan hökumətini qızışdıran, ən təhlükəli addımlar atmağa sövq edən Qərbin sonda tamamilə kənara çəkildiyini müşahidə etdik. Gürcüstanın o zamankı prezidenti Saakaşvilini guya dəstəklədiyini göstərən, bunu açıq-aşkar şəkildə nümayiş etdirən Qərb sonda heç Mixail Saakaşvilinin həbsinə belə biganə yanaşdı. Bir nəfəri, həmin ölkə prezidenti olmuş şəxsi belə müdafiə etmədi. Qərbin istədiyi kimi davranan bir liderin, Saakaşvilinin həbsinə səssiz qaldı və belə çıxır ki, razılıq da verdi. Bir sözlə, Qərbə ümid edən Gürcüstanın da, həmin ölkənin prezidentinin də taleyi bir nümunə olaraq qəbul edilməkdədir və bu baxımdan, azacıq ağlı olan erməni başa düşür ki, onlar tam müdafiəsiz qalacaqlar və bu onlar üçün fəlakət deməkdir.

Haylar tam zamanında nəticə çıxarmalıdırlar ki, özləri ukraynalıların, ölkələri də Ukraynanın vəziyyətinə düşməsin

Ukrayna ilə bağlı təcrübə də hayların kürkünə birə salıb. Haylar görürlər ki, ukraynalıları qızışdırıb müharibəyə, münaqişəyə sövq edən Qərb indi bütün məsuliyyəti elə onların öz üzərinə atır. Görünən odur ki, Qərb açıq şəkildə bildirir ki, ukraynalılar ruslarla özləri dil tapmalıdırlar. Bu isə o deməkdir ki, Qərb Ukraynanı meydanda tək buraxır və qətiyyən üzərinə məsuliyyət götürmək niyyyətində belə görünmür. İndi ukraynalılar ruslarla üz-üzə qalıblar və bu qədər itgilər, bu qədər dağıntılar, bu qədər tələfatdan sonra onların bir-biri ilə dil tapmaları da özlərinə həvalə edilib. Qərb heç vasitəçi qismində belə çıxış etmək istəmir və açıq şəkildə bəyan edir ki, tərəflər öz aralarında danışıqlar apararaq razılığa gəlməli, bir sözlə, öz problemlərini özləri həll etməlidirlər. Bunun nə demək olduğunu yəqin ağlı başında olan hərhansı erməni də yaxşı başa düşür və bilir ki, nəticədə onlar yenə də ruslarla üz-üzə qalanda Qərbə arxalana bilməyəcəklər. Çünki Ukraynanın arxasında dayanmayan Qərbin bundan sonra Ermənistanı müdafiə edəcəyi ehtimalı sıfır səviyyəsində görünür.

Ukrayna prezidenti Vladimir Zelenskinin 25 Patriot batareyası istəməsinə məhəl qoyan yoxdur. Bu vaxta qədər maddi yardımlar etməklə işini bitmiş hesab edən Qərb bilmirmi ki, müharibədə canlı qüvvə və hərbi texnika, silah-sursat əsaslı rol oynayır? Əlbəttə ki, bilir. Özü də çox yaxşı bilir. Amma indi heç heç yardım haqqında belə düşünmür. ABŞ və Aİ sadəcə olaraq, bu vaxta qədər söz oyunu oynasa belə, indi heç vəd belə vermək istəmir və açıq-aydın şəkildə bildirir ki, güvəniləsi deyil. Belə bir vəziyyətdə qalan ukraynalılar üçün geri yol qalmır. Ruslar hər gün Ukrayna şəhərlərini yerlə-yeksan etməkdə davam edirlər. Hər gün Ukrayna vətəndaşları həyatlarını itirirlər. Hər gün ukraynalılar faciələrlə üzləşməli olurlar. Bütün bunlar isə Qərb tərəfindən sadəcə olaraq, seyr edilir. Nə belə müttəfiqlik, nə də belə qarant olmaq olmaz, hansıki bunu dərk edən hayların həyacan keçirmələri, hətta hədsiz dərəcədə qorxmaları belə tamamilə məntiqidir. İndi elə haylar tam zamanında belə bir vəziyyəti görməli və qorxmalıdırlar ki, özləri ukraynalıların, ölkələri də Ukraynanın vəziyyətinə düşməsin.

Rusiya ilə Qərb arasında qalan, ruslara qarşı xəyanətə sövq edilən Ermənistanın gələcəyi ilə bağlı hayların qorxu hissi

Bir-birinin ardınca Qərbə, Avropaya səfərlər edən Ermənistan hakimiyyəti də, həmin ölkənin vətəndaşları da əvvəlcə elə zənn edirdilər ki, bir göz qırpımında istədiklərinə nail olacaqlar. Sanki avropalıların, yaxud da amerikalıların gəlib onların əvəzinə hər şeyi həll etməli olacağına böyük ümidlər bəsləyirdilər, amma nəticədə onların da maddi yardımlarla tovlanıldıqlarının şahidi olmuş oldular. Hətta haylar əl açıb dilənməklə belə müəyyən vəsaitləri də əldə etməyi özlərinə rəva bilirdilər, amma Qərb onların ümid etdiklərindən onlarla dəfə az vəsait ayırdığında bu, haylar üçün soyuq duş effekti oldu. Haylar milyardlarla dollar vəsait gözlədikləri halda, cəmi 350 milyon dollar, özü də dörd il müddətinə qrantlarla ayrıldığını gördükdə başları daşa dəymiş oldu. Bəzi ağlı başında olan erməni də anladı ki, bu vəziyyət onlar üçün dərs olmalıdır. Çünki bununla haylar anlamalı idilər ki, bu gün gözlədikləri, daha doğrusu umduqları milyardlar verilmədiyi kimi, gələcəkdə də istədikləri, gözlədikləri yardımlar verilməyə bilər və bu da həmin anda fəlakətə səbəb ola bilər. Çünki Ermənistanın hansı vəziyyətdə olduğunu, necə səfalət içərisində inlədiyini, büdcəsinin də, arsenalının da yox dərəcəsində, sıfır həddində olduğunu ermənilər özləri hamıdan yaxşı bilirlər və əmindirlər ki, köməksiz halda onlar fəlakət astanasındadırlar.

Yenə də bu məqamda Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməyə başlaması hayları düşündürməyə bilməz. Bu məqam bütövlükdə erməni cəmiyyəti düşündürür də, narahat da edir. Çünki haylar müşahidə edirlər ki, bölgəni rusların tərk etməsindən sonra amerikalılar qətiyyən onların arzuladıqları və gözlədikləri fikirləri onlardan eşitmirlər. Daha dəqiq desək, haylar görürlər ki, Qərb qətiyyən bölgəyə öz kontingentinin yerləşdirilməsi barədə düşünmək belə fikrində deyil. Əksinə, erməni cəiyyəti müşahidə edir ki, Qərb indi də Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsinə narazılıq ifadə edir, həmin sülhməramlı kontingentin bundan sonra da bölgədə qalmasının vacibliyini bildirirlər və deməli, belə olan halda bundan sonra da onlardan nə isə gözləməyin mənasız olduğu qənaətinə gəlinir. Bir sözlə, haylar gözlədiklərini, arzuladıqlarını amerikalılardan nəinki ala bilmirlər, ümumiyyətlə, belə bir niyyətlərinin də, arzularının da puç olduğu qənaətindədirlər. Yəni, ölkələrinin də, özlərinin də gələcəyi ilə bağlı qorcu, həyəcan, narahatlıq keçirmələri anlaşılandır.

Hazırda Ermənistana məxsus mətbuat səhifələrində Qərbi ittiham edən yazılar dərc edilir və bu heç də təsadüfi deyil. Kollektiv Qərbin öz yaxasını kənara çəkməsi, bundan sonra da Ermənistana qarant olmayacağı barədə kəskin yazılara rast gəlinir. Haylar təkcə ittihamlarla belə kifayətlənmirlər və bir çox hallarda Qərbin ünvanına təhqir ifadələri də işlədilir. Məsələn, haylar Qərbi qorxaqlıqda ittiham edirlər. Rusiya ilə qarşıdurmadan Qərbin çəkindiyini vurğulayaraq, amerikalıların da, avropalıların da ruslardan qorxduqlarını açıq-aşkar qeyd edirlər. Bəzən onlar hətta Qərbi “yazıq” adlandırırlar. Bir çox hallarda çarəsiz kimi də qələmə verirlər. Amma bütün bunların fonunda, əlbəttə ki, Rusiya ilə Qərb arasında qalan, hətta ruslara qarşı yanlışlıqlara, səhvlərə, xəyanətə məhz Qərb tərəfindən sövq edilən Ermənistanın gələcəyi ilə bağlı da qorxu hissi keçirdikləri özünü göstərir. Təbii ki, belə bir qorxu hissi keçirmələri indiki məqamda daha çox anlaşılandır və indi haylar məhz həmin qorxu kompleksi fonunda heç olmasa bundan sonra da olsa, mənasız yerə, boş yerə Qərbə güvənib cızıqlarından çıxmamalıdırlar, çünki güvənclərinin puç olması fonunda bunun onlara nəin bahasına başa gələcəyini indidən yəqin edə bilərlər...

Müəllif: İnam Hacıyev
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla