AZ

Azərbaycançılıq ideyasının təbliği ön plandadır - TƏHLİL

Vətənpərvərlik, eləcə də dövlətçilik kimi təməllərə söykənən Azərbaycançılıq ideyasının təbliği nisbətən yeni yaranan anlayış olsa da, Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, dəyərlərini qorumağa və demokratik inkişafını təmin etməyə xidmət etdiyi üçün artıq insanların şüurunda formalaşan ictimai dəyərlərdən hesab olunur. Buna görə də Azərbaycançılıq ideyası ön planda durur və azərbaycanlıları, eləcə də Azərbaycanın mənafelərini müdafiə edən insanları birləşdirən ideya olaraq qəbul edilir.

Ərazi bütövlüyümüzün, suverenliyimizin, mədəniyyətimizin, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin, milli maraqlarımızın, bütövlükdə dünya azərbaycanlılarının ümumi maraqlarının qorunmasını aşılayan azərbaycançılıq ideyasının təbliği də məhz bu baxımdan ön plandadır. Çünki bizim hər birimiz harada yaşamağımızdan, harada məskunlaşmağımızdan asılı olmayaraq Azərbaycanın və azərbaycanlıların ümumi maraqlarını müdafiə etməyə borcluyuq və bunun üçün bizim istinad etdiyimiz də məhz azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq ideyası bizə doğru, düzgün istiqamət verən ideyadır və biz bu ideyanı rəhbər tutaraq, bizə məxsus olan dəyərlərə sahib çıxa, milli dəyərlərimizdən çıxış edə, onları qoruya bilirik.

Sadalanan məqamlar təsdiq edir ki, azərbaycançılıq ideyası təkcə respublikamızın, ölkəmizin hüdudlarında yaşayan azərbaycanlıların ideyası deyil. Azərbaycançılıq ideyası bütövlükdə dünyanın istənilən ölkəsində yaşayan, məskunlaşan soydaşlarımızın ideyasıdır. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, azərbaycançılıq ideyası dünya azərbaycanlılarının təşkilatlanması, istənilən istiqamətdə, ələlxüsus da mədəni və mənəvi əlaqələrinin inkişaf etdirilməsi baxımından əvəzsiz hesab olunur. Təsadüfi deyil ki, ölkəmizin daxilində, həmçinin, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında, eləcə də onların ölkəmizlə əlaqələrinin möhkəmlənməsi, bu əlaqələrinin daha da yaxşılaşdırılması üçün azərbaycançılıq ideyası başlıca rəhbər tutulur. O da əbəs yerə deyil ki, bu ideya, həmvətənlərimiz arasında əlaqələri daha da yaxşılaşdıran, daha da möhkəmləndirən azərbaycançılıq ideyası Azərbaycan dövlətinin xüsusi diqqət mərkəzində saxlanılır. Dövlətimizin məhz soydaşlarımız arasında əlaqələrin daha da yaxşılaşdırılması üçün göstərdiyi dəstək də, bu məsələnin prioritet olaraq qəbul edilməsi də bu baxımdan başadüşüləndir.

“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, deyə bəyan edən Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideyasının məhz milli həmrəyliyimizin aparıcı amilinə çevrilməsi istiqamətində gördüyü işləri danmaq mümkün deyil. Azərbaycançılıq ideyası məhz Ulu Öndərin gördüyü işlər və səyi sayəsində mahiyyətcə yeni məzmun daşımağa, reallaşmağa başladı. Müstəqilliyimizi, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün azərbaycançılıq ideyasının çox önəmli bir vasitə olduğunu vurğulayan Ümummilli Lider Heydər Əliyev bu ideyanı milli ideyalogiyaya çevirməklə, həmrəyliyə, milli birliyə nail oldu. Bu baxımdam azərbaycançılıq ideyası da məhz Ulu Öndərin adı ilə bağlıdır.

Hər il 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq qeyd edilməsi də Ümummilli Lider tərəfindən qəbul edilib və bu günün təqvimdə qeyd edilməsi, yer alması özü də həmvətənlərimizi bir-biri ilə birləşdirir və milli maraqlarımızın, dəyərlərimizin qorunması baxımından bunun nə dərəcədə əhəmiyyətli olduğu hər birimizə bəllidir. Dünyaya səpələnmiş 50 mindən artıq azərbaycanlı üçün bu günün, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq qeyd edilməsi həmvətənlərimizin vahid ideallar naminə səfərbər edilməsi deməkdir. Biz artıq vahid ideyalar, milli maraqlar, milli dəyərlər naminə biliyin, səfərbər olmanın nə demək olduğunu, nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirə bildik və hər halda dünya ictimaiyyəti də bu birliyin mahiyyətini çox yaxşı anlamaqdadır.

Azərbaycançılığın mahiyyəti artıq hər birimizə bəllidir. Bəllidir ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafını təmin etməklə yanaşı, millətçilik və şovnizmə qarşı təşəkkül tapmış bir ideyadır. O da bəllidir ki, bu ideyanın kökündə millətçilik deyil, vətəndaşlıq dəyərləri dayanır. Bu ideyanın məqsədi isə çoxmillətli Azərbaycan xalqının birləşməsi, eləcə də demokratik inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, xalqımızı birləşdirən azərbaycançılıq ideyası ilk növbədə müstəqilliyin qorunmasına, demokratik inkişafa, hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Təkcə Azərbaycan ərazisində yaşayanların həmrəyliyi ilə məhdudlaşmayan azərbaycançılıq ideyasının ölkəmizin müstəqilliyini, güclənməsini, qüdrətinin artmasını arzulayan insanları birləşdirən dəyər sayılması görünür, heç də təsadüfi deyil. Çünki azərbaycançılıq ideyası kimliyimizi əks etdirən və milli təfəkkürümüzü birləşdirən dəyər sayılır.

Etiraf etmək lazımdır ki, bir zamanlar, daha dəqiq desək, 30 ilə yaxın müddətdə ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli, məhz bütün azərbaycanlıların birliyi ilə reallaşdı. Belə bir birlik isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya, azərbaycançılıq ideyası sayəsində reallaşdı. Məhz azərbaycançılıq ideyasına sadiq qalaraq, torpaqlarımızın bütövlüyü, ərazilərimizin işğaldan azad edilməsi uğrunda birləşməklə, işğala son qoyuldu. Ən qısa zamanda düşmən üzərində qələbənin əldə edilməsinə də məhz bu ideyaya sadiqlik, milli birlik sayəsində nail olundu. Dünyanın harasında yaşamasından asılı olmayaraq, vətən sevgisi ilə ürəyi döyünən hər bir azərbaycanlının birliyinin, azərbaycançılıq ideyasının milli maraqlarımızın təmin olunmasına necə xidmət etdiyinin hər birimiz əyani şəkildə şahidi olduq. Bütün dünya azərbaycanlılarının Azərbaycanın haqq səsinə səs verməsinin gücümüzə güc qatdığına bir daha əmin olduq. Əmin olduq ki, azərbaycançılıq ideyası bizim üçün ən başlıca ideyadır. Çünki Azərbaycançılıq ideyasının nəyə qadir olduğu, birliyimizin, həmrəyliyimizin güçü özünü göstərdi. Biz azərbaycançılıq ideyası ilə ölkə rəhbərimizin ətrafında bir yumruq kimi birləşərək, Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, təcrübəsi, biliyi, uzaqgörənliyi, eləcə də azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi, həmrəyliyi ilə böyük tarixi qələbəmizə imza atdıq, birlikdə güclü olduğumuzu sübut etdik. Bütün bunların fonunda azərbaycançılıq ideyasının təbliğinin ön planda olması hər birimizin ürəyincədir.

Müəllif: İnam Hacıyev

6.3.9. Azərbaycançılıq ideyasının təbliği”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla