AZ

Azərbaycanda həyata keçirilən elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları – Hədəflər və vəzifələr

“Elm ağlın çırağıdır” deyib atalarımız. XXI əsrin möcüzələrlə və qlobal çağırışlarla dolu sürətli inkişafı da atalarımızın haqlı olduğunu göstərir.

Artıq elə mərhələyə çatmışıq ki, yalnız elmə, intellektə söykənən, öz vətəndaşlarını müxtəlif miqyaslı elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları əsasında yetişdirən sağlam cəmiyyətlər xalqlarının rifahına, böyük inkişafına və dövlətlərinin güclənməsinə nail olurlar.

Azərbaycanda akademik səviyyədə bünövrəsi qoyulmuş milli elm sistemimizin respublika və sovet imperiyası miqyasında nailiyyətləri az olmayıb. Yaşlı nəsil xatırlayar, həmin illərdə hətta elmin, mədəni-maarifin, təhsilin kütləviliyinin təbliğ olunması məqsədilə alimlərimizin o zaman yeganə telekanal olan Azərbaycan Televiziyasında elmi-kütləvi, təhsil, mədəni proqramlar aparması xoş ənənəyə çevrilmişdi. Onların arasında görkəmli elm və ictimai xadim, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun populyar “Evrika” elmi-kütləvi verilişi xüsusi yer tuturdu.

Amma artıq keçmiş nailiyyətlərlə qürrələndiyimiz mərhələ geridə qalıb. İndi xalqımızın və dövlətimizin yeni yüzilliyin hədəf və məqsədlərinə çatması tələb olunur. Buna isə ölkəmizi yenidən elm və mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları sayəsində nail olmaq mümkündür.

Bu baxımdan müvafiq qurumlar, o cümlədən Elm və Təhsil Nazirliyi bir sıra proqramlar həyata keçirməyə çalışır. Onların arasında “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”, “Maarifçi” tələbə-məzun təcrübə proqramı, STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsi, “Sabahın alimləri” respublika müsabiqəsi və digərləri diqqəti cəlb edir.

Təhsil

Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na əsasən, hər il 400 nəfər olmaqla ümumilikdə 2 000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə bakalavriat və magistratura səviyyələri üzrə təhsil alması nəzərdə tutulub.

STEAM layihəsi 400 ümumtəhsil məktəbini və 25 STEAM Mərkəzini əhatə edir. Ümumilikdə 180 000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.  STEAM İnnovasiya Mərkəzində “Nyuton elm otağı”, “Elmi eksponatlar sərgisi”, “Aviasiya akademiyası”, “İdeya laboratoriyası”, “STEAM TV” kimi fəaliyyət zonaları, köməkçi və funksional sahələr mövcuddur. Mərkəzə 4 yaşdan yuxarı uşaqlarla yanaşı, tələbələr də gələ bilərlər.

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsində riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri üzrə 113 elm-tədqiqat layihəsinin iştirak hüququ qazanması məktəblilər və yeniyetmələr arasında elmə kütləvi marağın yaranmasından xəbər verir.

Son illərdə məktəblilərin müxtəlif nüfuzlu beynəlxalq olimpiadalarda qalib gəlməsi, orta təhsilini bitirmədən dünyanın nüfuzlu universitetlərinə qəbul olunması təkcə valideynləri deyil, ümumiyyətlə, cəmiyyəti sevindirən məqamlardan biridir. Azərbaycanlı gənclərin Türkiyənin hərbi-sənaye kompleksinə böyük töhfələr verən tanınmış mühəndis, “Baykar Makina” şirkətinin həmsahibi və texniki direktoru Səlcuk Bayrakdarın təşkilatçılığı ilə Türkiyədə və Azərbaycanda baş tutan “Teknofest” aviasiya, kosmik və texnologiya festivalında ardıcıl olaraq startaplarla iştrak etmələri təqdirəlayiqdir.

Hazırda azərbaycanlı gənclərin Stenford, Harvard, Kolumbiya, Vaşinqton, Pensivaniya, Kembric, Oksford və digər nüfuzlu universitetlərdə təhsil alması, nəhəng texnologiya şirkətlərində, hətta ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyində (NASA) çalışması xalqımızı fərəhləndirir.

Azərbaycanda

Reyhan Camalovanın yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu ixtira etməsi, bu kəşflə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində diqqəti özünə cəlb etməsi təkcə 16 yaşlı bir fərdin uğur hekayəsi deyildi, bu, həm də elmi-kütləvi proqramlara üz tutmağın üstünlüyünü göstərən amildir. Hazırda Reyhan  ABŞ-nin Pensivaniya Universitetində təhsil alır.

Bundan başqa, soydaşlarımız mədəniyyət və maarifçilik mövzularında müxtəlif elmi-praktik konfranslarda elmi araşdırmalarla çıxış edir, çoxlu sayda festival və müsabiqələrdə qələbə qazanırlar. Bu, cəmiyyətin yeniliyə, liberallığa açıq olduğunu, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının əhatə dairəsinin daha da genişləndirilməsinin vacibliyini, bu proqramların sürətli icrasına mane olan bütün əngəllərin təcili şəkildə aradan qaldırılmasının önəmini göstərir.

Ekspertlərin fikrincə, əslində tv və radioların kommersiya xarakterli proqramlara daha çox meyllənməsi düzgün deyil. Çünki elmin, maarifçiliyin, oxumağın, savadlı olmağın təlqin edilməsi ölkəyə daha çox faydalar gətirə bilər. Çünki mürəkkəb proseslərin cərəyan etdiyi zamanda savaş təkcə hərb meydanında deyil, informasiya platformalarında da aparılır. Elmin, təhsilin, mədəniyyətin təbliği gənclərimizin təkcə mənəvi cəhətdən yüksəltmir, həm də informasiya müharibəsində onların səsinin gur eşidiməsi ilə nəticələnir.

Təqdirəlayiqdir ki, informasiya texnologiyalarının inkişafı sayəsində hazırda elmə, maarifçiliyə meyllənən gənc təkcə televiziya və radio proqramlarından asılı deyil. İndi evdən çıxmadan fərdi şəkildə internet resurslarından bir çox elmi-kütləvi, təhsil və  mədəni-maarif proqramlarına yiyələnmək mümkündür. Bunun üçün yalnız istək, iradə və işgüzarlıq tələb olunur. Dövlətimiz isə hər bir fərdin intellektual baxımından inkişafı naminə maraqlı proqramların hazırlanmasını və sürətli icrasını təmin etməlidir. Bunu bizdən ölkəmizin maraqları və mənafeləri tələb edir.

Xatirə SADİQ,

KONKRET.az

Medianın

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusuna uyğun olaraq dərc edilir.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla