AZ

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Nazir:

Ankara, 19 aprel, AZƏRTAC

Türkiyə mülki aviasiya sahəsində dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alır.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu səsləndirib. Ölkəsinin əlverişli coğrafi-siyasi mövqeyinə nəzər salan türkiyəli nazir Asiya, Avropa və Afrika qitələrində Türkiyədən dörd saatlıq uçuş məsafəsində ümumilikdə 1,4 milyard insanın yaşadığını qeyd edib.

“Türkiyə ümumi xarici ticarət dövriyyəsi 8 trilyon 600 milyard ABŞ dolları olan 67 ölkədən ibarət regionun tam mərkəzində yerləşir.

Ölkəmizin coğrafi mövqeyi tranzit yükdaşımaları baxımından da çox sərfəlidir”, - deyə Uraloğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə hökuməti 2002-ci ildən sonrakı dövrdə nəqliyyat sahəsində apardığı uğurlu siyasət nəticəsində aktiv hava limanlarının sayını 26-dan 57-yə çatdırıb. Ankara ilə mülki aviasiya sahəsində əməkdaşlığa dair ikitərəfli müqaviləsi olan dövlətlərin sayı isə 81-dən 173-ə yüksəlib.

Uraloğlu əlavə edib ki, hazırda Türkiyədən 130 ölkənin 346 aeroportuna uçuşlar həyata keçirilir, hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı isə 2023-cü ildə 214 milyonu ötüb.

Ramin Abdullayev

AZƏRTAC -ın xüsusi müxbiri

Ankara

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla