AZ

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin daha bir uğurudur.

 

Əvvəlcə tarixə nəzər salaq...

 

Sfera.az bildirir ki, Rusiya Federasiyası sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 3, 4 və 6-cı maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmişdi.

 

“Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. Bu, bəyanatın 4-cü maddəsində qeyd olunmuşdu.

 

Bir neçə gündür, Rusiya sülhməramlıları vaxtından əvvəl ölkəmizi tərk etməyə başlayıblar. Artıq hər iki ölkənin rəsmi şəxsləri açıqlama verərək faktı təsdiqləyiblər. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan və Rusiya liderləri sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması ilə bağlı “qərar qəbul edib”. O, çərşənbə günü bildirib ki, artıq “proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

 

Kreml sözçüsü Dmitri Peskov aprelin 17-də qeyd edib ki, sülhməramlı kontingentin Azərbaycanın Qarabağ regionundan çıxarılması prosesi başlayıb.

 

Nəticədə, bunun Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, rəsmi Bakının növbəti diplomatik uğuru kimi dəyərləndirmək lazımdır.

 

Həm də ona görə ki, məhz sülhməramlılarla bağlı cəmiyyətdə birmənalı fikirlər yox idi. Prosesə necə deyərlər, “çomaq soxmaq” istəyənlər kifayət qədər idi.

 

Məsələn, Əli Kərimli və onun ətrafının bu istiqamətdə cəfəng çıxışları buna nümunədir. Ölkə başçısının uğurlu addımlarını qəbul etməyən bu qrup, sülhməramlıların Qarabağda yerləşməsinin əbədi olacağını deyirdi.

 

Yəqin ki, sülhməramlıların ərazidən çıxacağı zaman Prezident İlham Əliyevə "Bravo, Müzəffət Ali Baş Komandan deyəcəm" fikrini bildirənlər də yadınızdadır.

 

Zaman bu şəxslərin yanıldığını, pafoslu çıxışlarının nöqtəsinə qədər real olmadığını sübut etdi. İndi sülhməramlılar vaxtından bir il əvvəl Qarabağı tərk edirlər.

 

Azərbaycan tərəfi dəfələrlə sülhməramlı qüvvələrin ərazidə qalma müddətini uzatmayacağını qeyd edirdi. Belə də oldu. Rusiya sülhməramlılarının ölkəmizi tərk etməyə başlaması İkinci Qarabağ müharibəsindən, o cümlədən Qarabağda separatizmə son qoyduqdan sonra növbəti uğurumuz sayıla bilər.

 

Azərbaycan bütün dünyada ilk dəfə olaraq sülh yolu ilə sülhməramlıları göndərdi.

 

Azərbaycan Prezidenti İlham Əliyev bir daha sübut etdi ki, bu ölkə üçün nəyi, necə, nə vaxt etmək lazımdır, yalnız o, özü bilir.

 

Türkan

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla