AZ

Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” – VİDEO

“Şəhidlər ölməz, vətən bölünməz!” Vətən savaşı bu sözlərin şüar olmadığını bir daha dünyaya göstərdi. Torpaqlarımız məhz onların şücaəti sayəsində azadlığına qovuşdu.

Bu gün Azərbaycanın bağrında yatan əziz şəhidlərimizdən biri də Qərbi Azərbaycandan qaçqın düşən olunan və bir müddət Zəngilanda yaşayandan sonra ailəsi ilə birlikdə Bakıya köçən Rəfail Maarif oğlu Hüseynovdur. 

1974-cü ildə anadan olan şəhidimiz bu gün onun şərəfli adını daşıyan 49 saylı “İntellekt” məktəb-liseydə oxuyub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedən Rəfail Hüseynov Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən hərbi hissədə 4 ay xidmət etdikdən sonra könüllü olaraq Ağdam rayonunun bir sıra kəndlərinin müdafiəsində iştirak edib.

1993-cü il mart ayının 15-də Xramort kəndində qəhrəmancasına şəhid olan Rəfail hələ gənc olsa da, düşmənin qarşısında əyilməyən bir vətən oğlu idi. Atası Maarif dayı onu belə xatırlayır:

“İnanırsınız? Mən dəhşətə gəldim! 4 erməninin qarşısını əlində dəhrə ilə kəsib. Tələbi isə həmin ermənilərin bu yoldan istifadə etməməsi olub.

Qısa yollarla özümü onların yanına çatdırdım.

Bildim ki, Rəfail onların qarşısını kəsəcək. Onlar məni tanıyırdılar. Rəfailin də mənim oğlum olduğunu bilirdilər. Əgər 5 dəqiqə geciksəydim, pis şeylər olardı…

Məktəbi bitirdikdən sonra 65 saylı sürücülük məktəbinə getdi. Bitirdikdən sonra isə əsgərliyə yola düşdü. Sumqayıtda hərbi xidmətdəykən, şəhəri yaxşı tanıdığı üçün elə həmin ərazidə bələdçi kimi qalmasını istədilər. Lakin Rəfail bunu qəbul etməyərək, “mən burada qala bilmərəm”, dedi və Qarabağa getdi”.

Ad gününü atası ilə qeyd edən şəhidimiz cəmi 11 gün sonra Allah dərgahına köçüb:

“Martın 4-ü doğum gününü qeyd etdik. Cəmi 11 gün sonra martın 15-də şəhid oldu. Necə qəhrəmancasına döyüşdüyünü isə bütün yoldaşları etiraf edir. Çox təəssüf ki, erməni snayperinin gülləsinə tuş gəldi…”

Bu gün Maarif dayı oğlunun qoxusunu oxuduğu məktəbdə qoyulan büstündən alır. Səbail rayon Ağsaqqallar Şurasının üzvü olan Maarif dayı tez-tez 49 saylı “İntellekt” məktəb-liseyə baş çəkir, oğlunun büstünə baxıb, fəxr edir.
Məktəbdə şəhid və ailəsinə olan yüksək münasibəti də öz dilindən eşidək:

“Məktəbin də, rayonun da bütün tədbirlərində iştirak edirəm. Məktəbin direktoru Elza xanım (49 saylı “İntellekt” məktəb-liseyi direktoru Elza Bağırova –red.) məni məktəbdə çox yaxşı, sanki atasını qarşılayırmış kimi, qarşılayır. O qədər məni çox istəyir ki, özüm utanıram. Evimizin divarındakı oğlum Rəfailin xalça portretini də özü hazırladıb və mənə Zəfər günündə təqdim edib”.

Qarabağ azad olandan sonra Maarif dayı şəhidinin ruhunun da şad olduğunu söyləyir.

“Allah dövlətimizi qorusun, Qarabağımızı azad etdik, başımız hər zaman hər yerdə ucadır.

Prezident İlham Əliyev dünyada tək liderdir ki, öz sözünü deyir. Onun hər məğrur duruşunu gördükcə ürəyim açılır”.

Nəsimi Ələsgərli

Samir Məcidov

Seçilən
29
5
Mənbələr
Şərh ()
Bağla