AZ

APL: Tovuzda avrokubok, Zirədə "gümüş" mübarizəsi

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək. Birinci oyun günündə “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Çempion “Qarabağ” “Qəbələ”ni, “Sabah” “Kəpəz”i sınağa çəkəcək.

Turun mərkəzi oyununda “Zirə” “Neftçi” ilə üz-üzə gələcək. Son görüşdə “Araz-Naxçıvan” “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

19 aprel / 16:30 Turan Tovuz – Sumqayıt
Əvvəlki oyunlar: 0:0, 2:2, 0:0

Son turlarda əldə etdiyi nəticələrdə avrokubok zonasına yaxınlaşan “Turan Tovuz” mövsümün ən önəmli oyunlarından birinə çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Tovuzda “Sumqayıt”a qalib gəlsə, bu rəqibdən önə keçəcək. Bu baxımdan görüşün nəticəsi 4-cü pillə üçün önəm daşıyır.

"Turan Tovuz" son turlarda yaxşı oyunla nəticələr qazana bilir. Komanda xüsusilə, hücumda effektivdir. İrəli xətt oyunçularının da məhsuldarlığı sayəsində Tovuz təmsilçisi 30 turda ən çox qol vuran ikinci komandadır. "Sumqayıt" isə bu göstəricidə son turlarda rəqibinə əksdir. Bugünkü görüşdə hücum xəttində Kasimir Ninqa olmayacaq və bu, "kimyaçılar" üçün ciddi itki sayıla bilər. "Gənclik şəhəri" təmsilçisi üçün səfərdə qazanılacaq bir xal da önəmli olacaq.

20 aprel / 16:30 Qarabağ - Qəbələ
Əvvəlki oyunlar: 2:1, 3:0, 4:0

Çempionluğunu rəsmiləşdirən "Qarabağ" autsayder qarşısında olacaq. "Atlılar" ötən tur "Sabah"a məğlub olub və komanda bunu unutdurmağa çalışacaq. Görüşdən sonra Qurban Qurbanovun futbolçularla bağlı narazılıq dilə gətirməsi oyunçuların bu tura daha ciddi yanaşmasına səbəb olacaq.

"Qəbələ"də isə işlər qaydasında deyil. Komanda uzun müddətdir, qələbəyə həsrət qalıb. Turnir cədvəlinin sonuncu sırasında qərarlaşan "qırmızı-qaralar"ın bu yeri tərk etməsi çətin olacaq. 9-cu "Kəpəz"lə xal fərqi 15-dir və gəncəlilər qarşıdakı bütün oyunları uduzması real görünmür. "Qəbələ" bu tur məğlub olsa, və “Kəpəz” qələbə qazansa, autsayderin sonuncu olacağı rəsmiləşəcək. Bölgə təmsilçisinin aşağı liqaya düşüb-düşməyəcəyi isə hələ bəlli deyil.

20 aprel / 19:00 Zirə - Neftçi
Əvvəlki oyunlar: 1:1, 0:1, 0:1

Gümüş medallar uğrunda mübarizə aparan komandaların dueli mövsümün ən kritik oyunlarından olacaq. “Neftçi” qələbə qazanacağı halda, ikincilik yolunda böyük addım atmış olacaq. Məğlubiyyət isə “Zirə”ni “üçlük”dən kənara düşməsinə səbəb ola bilər. Komandalar son turlarda yaxşı nəticələr əldə edir və formada olan kollektivlərin oyunu turun mərkəzi görüşü hesab edilir.

“Zirə” bu mövsüm çempionatda “Neftçi”ni məğlub edə bilməyib. İki görüşdə uduzan “qartallar” bir matçda da heç-heçəyə razılaşıb. Rəşad Sadıqovun baş məşqçilik etdiyi kollektiv bu tur ev oyununda həm bu seriyanı sonlandırmaq, həm də ikinci pilləyə yüksəlmək üçün çalışacaq.

“Neftçi”də isə hədəf gümüş medallardır. Məqsədə çatılmazsa, böyük ehtimalla baş məşqçi Miodraq Bojoviç vəzifəsindən göndəriləcək. Son illərdə tez-tez baş məşqçi dəyişikliyinə gedən “ağ-qaralar” hələ istədiyi mütəxəssisi tapa bilmir. Bojoviçlə anlaşmada qarşıya qoyulan iki tələb – ölkə kuboku və gümüş medal idi. Kubok demək olar, əldən çıxıb. Yarımfinalın ilk matçında “Qarabağ”a 0:4 hesabıyla uduzan “Neftçi”nin revanşda 5 fərqlə qalib gəlməsi inandırıcı görünmür. Real olan isə ikincilikdir və “ağ-qaralar” bu yolda əsas əngəl “Zirə”ni məğlub edərək, rahatlaşmaq niyyətindədir.

21 aprel / 16:30 Kəpəz – Sabah
Əvvəlki oyunlar: 0:2, 3:4, 2:3

Əsas hədəfi elitada qalmaq olan “Kəpəz” demək olar, işin öhdəsindən gəlib. Sonuncu “Qəbələ”nin bundan sonra onlara çatması mümkünsüzə bənzəyir. Gəncəlilərin indiki məqsədi isə maksimum irəli getməkdir. “Araz-Naxçıvan”la xal fərqi birdir və qələbə onları 8-ci pilləyə yüksəldə bilər. “Sabah” bu mövsüm “Kəpəz”in xal qazana bilmədiyi rəqiblərdəndir. Hər üç görüşü uduzan gəncəlilər bu turda uğursuz seriyanı qırmaq niyyətindədir.

“Sabah” isə ötən tur “Qarabağ”a qalib gəlməklə avrokubok iddiasını yenidən ortaya qoydu. Turnir cədvəlinin 5-ci sırasında yer alan “futuristlər” 2-ci “Neftçi”dən 4, 4-cü “Sumqayıt”dan isə 1 xal geridədir. Yuxarı sıraları hədəfləyən “Sabah” “Kəpəz” səddini aşıb, “üçlük” yolunda irəliləmək niyyətindədir. Baş məşqçi Krunoslav Renduliçin gəlişindən sonra oyun planında artıran “futuristlər” “Qarabağ” qələbəsiylə daha motivasiyalıdır. Bu, “Kəpəz”lə dueldə komandaya əlavə güc qatacaqdır.

21 aprel / 19:00 Araz-Naxçıvan – Səbail
Əvvəlki oyunlar: 0:1, 1:1, 2:2

“Araz-Naxçıvan”da baş məşqçi Elmar Baxşıyev ilk oyunda “Neftçi”yə məğlub olub. Mütəxəssis uzun müddətdir qələbəyə həsrət qalan naxçıvanlıları çətin durumdan çıxarmağın yollarını axtarır. “Səbail”lə oyun bu baxımdan önəmlidir. Turnir cədvəlinin 9-cu sırasındakı “Kəpəz” də xal fərqini 1-ə endirib və növbəti məğlubiyyət “Araz-Naxçıvan”ı 9-cu pilləyə sala bilər.

“Səbail”də də vəziyyət ürəkaçan deyil. Ötən turda “Kəpəz”lə oyunda son dəqiqələrdə qələbədən məhrum olan “dənizçilər” bir neçə turdur üç xal qazana bilmir. Bunun nəticəsidir ki, komanda turnir cədvəlində 7-ci sıraya qədər geriləyib. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv “qara zolaq”dan qurtulmağın yollarını axtarır. Avrokubok şansları davam edən “Səbail” bununçün səfərdən qələbə ilə dönməlidir.

Premyer Liqada sona altı qur qalıb. Çempionun bəlli olduğu yarışın əsas mübarizəsi avrokuboklar zonası uğrundadır. 2 və 7-ci sırada yer alan komandaların hər birinin avrokubok şansları davam edir. Bu baxımdan növbəti turlar daha rəqabətli və gərgin keçəcək. Mübarizədən kimlərin qalib ayrılacağı isə mövsümün sonunda bilinəcək.

Şahin Cəfərov
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla