AZ

Sosial medianın uşaqlar üzərindən qazancı DODAQ UÇUQLADIR – Milyardlarla dollar...

Sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilib. Hətta bir çoxumuz günümüzün əsas hissəsini onlara həsr edirik. Bu şəbəkələr bəzi işlərimizi asanlaşdırsa da, təhlükəsizlik baxımından bir çox çətinliklərə yol açır. Xüsusilə də yetkinlik yaşına çatmayan uşaqlar və yeniyetmələrdə... 

Təbii ki, burada məsələ təkcə azyaşlıların sosial şəbəkələrdə çox vaxt keçirməsi deyil. Həm də bu platformaların onlar üzərindən pul qazanmasıdır. Hazırda dünya üzərində məşhur sosial şəbəkələr fenomen uşaqlar üzərindən milyonlarla pul əldə edir. Hər nə qədər bu vəziyyət ürəkaçan olmasa da, bu platformaların nə qədər pul qazanması son vaxtlar ən çox maraq doğuran mövzulardan biridir. 

Lent.az xarici mediaya istinadən bununla bağlı kiçik bir araşdırma edib. 

Araşdırmalar göstərir ki, bu vəziyyət platformaların populyarlığı ilə əlaqəlidir. Mütəxəssislər sosial media platformalarının 18 və daha aşağı yaşda olan istifadəçilərdən nə qədər pul qazandığını açıqlayıblar. 

Tədqiqat zamanı mütəxəssislər ilk olaraq “Instagram”, “Facebook”, “Snapchat” və “X” kimi platformalarda 18 və daha aşağı yaşda olan istifadəçilərin sayını təhlil ediblər. 

Bu məqsədlə tədqiqatçılar birinci mərhələdə əhalinin məlumatlarından istifadə ediblər. İkinci mərhələdə sosial media şirkətlərinin keçən ildəki reklam gəlirlərini araşdırıblar. 

Son mərhələdə uşaqların gündəlik sosial mediadan istifadə müddətini təyin edən və bütün məlumatları birləşdirən mütəxəssislər heyrətamiz bir rəqəmlə qarşılaşıblar.

Uşaqlardan sosial media platformalarının reklam gəliri təkcə Amerikada 11 milyard dollardan çox olduğu ortaya çıxıb.

Araşdırmaya görə, “YouTube” 12 və daha aşağı yaşda olan istifadəçilərdən ən çox gəlir əldə edən platforma olub. Onlayn video platforma uşaqlar vasitəsilə ümumilikdə 959,1 milyon dollar qazanıb. Siyahıda “YouTube”dan sonra 801,1 milyon dollar gəlirlə “Instagram” və 137,2 milyon dollarla “Facebook” gəlir.

“Instagram”ın 13-17 yaş qrupundan əldə etdiyi gəlir 4 milyard dollar olub. Bununla da “Instagram” 13-17 yaş qrupu arasında ən gəlirli platforma seçilib. “Instagram”dan sonra isə 2 milyard dollar gəlirlə “TikTok” və 1,2 milyard dollarla “YouTube” gəlir.

Mütəxəssislər bildirir ki, uşaq və gənclər olmasaydı, sosial şəbəkələrin gəlirlərində ciddi azalmalar olardı.

Araşdırmalar göstərir ki, uşaqlar sosial şəbəkələr üçün əvəzolunmazdır. Çünki keçən ildə “Snapchat”ın bütün gəlirinin 41 faizi 18 yaşdan kiçik istifadəçilərin payına düşüb. 

“TikTok”un reklam gəlirlərinin 35 faizi, “YouTube”un 27 faizi və “Instagram”ın isə 16 faizi 18 yaşdan kiçik istifadəçilər olduğu təsdiqlənib.

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla