AZ

Goranboyda baş leytenant arvadını niyə qətlə yetirib? — MƏHKƏMƏ

Goranboy rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Bəbir Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bəbir Həsənli  qısqanclıq zəminində yaranan mübahisə zamanı 1993-cü il təvəllüdlü həyat yoldaşı Zəhra Babayevanı öldürüb. O, 2022-ci il oktyabrın ortalarından etibarən arvadı Zəhra ilə münasibətləri pisləşib. Tez-tez aralarında ailə-məişət zəminində mübahisələr yaranıb. Sonuncu dəfə Zəhra artıq boşanmaq qərarına gəldiyini bildirib.

Bəbir dərin sevgi hissi bəslədiyindən arvadından boşanmaq istəmədiyinə görə 30 oktyabr 2022-ci ildə, saat 18 radələrində Goranboy rayonu Yeni qəsəbə yaşayış massivində kirayə yaşadıqları mənzilin yataq otağında Zəhranı fikrindən daşındırmağa çalışsa da, qadının boşanmaq fikrində qəti olduğunu görüb.

Bəbir bu vəziyyətlə barışmadığından, arvadının onu istəməyib ayrılmasını qəbul edə bilmədiyindən, habelə arvadının başqası ilə sevgi münasibətlərinin olması, ona xəyanət etməsi ilə bağlı bir müddət əvvəl yaranmış şübhələrinin doğru ola biləcəyini, məhz buna görə arvadının onun təkidli xahişlərinə məhəl qoymayaraq ayrılmaq fikrindən daşınmadığını zənn edib. O, qısqanclıq zəminində qisas məqsədilə Zəhranı öldürmək qərarına gəlib.

Bəbir mətbəxə gedərək oradan bıçaq götürüb və yenidən yataq otağına qayıdıb. Bəbirdən bir daha ayrılmamasını bildirib.

Lakin qadın təklifə rədd cavabı verib. O, sağ əlində tutduğu bıçaqla əvvəlcə həyat yoldaşının qarın və döş qəfəsi nahiyələrinə, daha sonra qaçaraq yaxa qurtarmaq istəyən Zəhranı dəhlizdə hamam otağının qarşısında yaxalayıb, kürək nahiyəsinə ardıcıl çoxsaylı zərbələr vurub. Qadın aldığı 24 bıçaq xəsarəti nəticəsində vəfat edib.

İstintaq orqanı tərəfindən Bəbirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Bəbir 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 3 il müddətini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. 

Dövlət ittihamçısı apellyasiya protestində hökmün Cinayət Məcəlləsinnin 61-ci maddəsinin bəndləri xaric olunmaqla dəyişdirilməsini, məhkumun müdafiəçisi apellyasiya şikayətində hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməsini, həmçinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müddətlər çərçivəsində cəza təyin edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə yeni hökm çıxarılmasını xahiş edib. 
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin vəkili tərəfindən verilən şikayət təmin edilməyib. Prokuror tərəfindən verilən şikayət təmin olunub. 

Qərarda qeyd olunub ki, “cinayətin təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı” və “əzab verməklə törədilməsi” hallarının təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınmasına dair müddəalar hökmdən xaric edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb. 

Qeyd edək ki, hər iki şəxs hərbi qulluqçudur. Bəbir Həsənli baş leytenant, Zəhra Babayeva isə MAXE-dir.

Fariz Məlikli
Demokrat.az
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla