AZ

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa düşüləndir, mürəkkəb maliyyə terminlərindən ibarət deyil, infoqrafikaların-data bazaların beynəlxalq standart və tələblərə uyğunluğu da ayrıca vurğulanmalıdır”. 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.


 
“Palatanın tədbirləri media məkanına açıqdır və büdcənin üzərində daim korrupsiya ittihamlarını yağdıran xarici dairələrə ən mötəbər ali audit sənədidir. Bildiyiniz kimi, Hesablama Palatasının yaradılmasının başlıca prinsipi-Parlamentin büdcənin xərclənməsi üzərində nəzarətinin həyata keçirilməsi vəzifəsidir. Palatanın son illər fəaliyyət dairəsi genişlənən və daha güclü maliyyə hesabatlılığını təmin edən quruma çevrilməsi mühüm nəticədir. Göründüyü kimi, ötən il Hesablama Palatası 562.5 milyon manatlıq maliyyə pozuntusu aşkar edib. Bunun 103.2 milyon manatı dövlət büdcəsinə vurulmuş zərərdir. Maliyyə pozuntuları arasında satınalma prosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha gerçəkləşdirilməsi halları var ki, bu da dövlət vəsaitinə qənaət olunmamasını göstərir. Yoxlamaların nəticəsində bəzi dövlət qurumları ilə bağlı materiallar hüquq- mühafizə orqanlarına göndərilib. Lakin Palatanın fəaliyyəti 36 milyardlıq büdcənin 40 faizini əhatə edib. Qarşıya qoyulan 22 vəzifədən- büdcəyə peşəkar rəyin verilməsindən hüquqpozmalara qarşı tədbirlərə qədər hamısı yerinə yetirilib”. 

 

Millət vəkili bildirib ki, büdcədənkənar fondlarla bağlı qərarı alqışlayır:

 

“Xatırladaq ki, hər bir nazirliyin, yaxud komitənin nəzdində belə fondlar yaradılıb. Əksəriyyətinin gəlirləri 25 faizlik cərimələrdən formalaşır. Lakin şəffaflıq və hesabatlılıq üçün vahid büdcə siyasətinin həyata keçirilməsi o qədər də asan deyil. Dövlət orqanlarının sərəncamında saxlanılaraq bəzən hesabatsız xərclənməsi maliyyə nəzarəti orqanlarının diqqətini tələb edir. Ümidvarıq ki, Palatanın audit tədbirlərindən sonra cərimə və sanksiyaların əsassız tətbiqinin də qarşısı alınacaq. Qarabağa Böyük Qayıdış proqramına yönələn 12 milyardlıq vəsaitin şəffaf xərclənməsi ətrafında sosial mediada çoxlu spekulyasiyalar var. Lakin hamı nəzərə almalıdır ki, son 4 ildə dövlətin həmin bölgələrdə həyata keçirdiyi tədbirlər - məsələn, Zod yatağı ətrafında infrasrukturdan yeni qazandığımız sərhədlərə qədər müvafiq hərbi-silahlı qüvvələrin yerləşdirilməsi və nəhayət, Laçında buraxılış məntəqəsi də daxil - əgər “Dövlət satılanalmaları” haqqında qanunun tələbləri gözlənilərək həyata keçirilsə idi, onda Qarabağdakı hazırki bütövlüyümüz təmin olunmazdı, çünki orada görülən quruculuq və inşaat işləri zaman gözləmir, digər tərəfdən onlar da hərbi-təhlükəsizlik məqsədlərimizə xidmət edir. Yəni bir mənbədən satınalma üzrə vəsaitlərin Qarabağda xüsusi olaraq, əvvəlki illərdə xərclənməsi əsla onların maliyyə auditindən, uyğunluq, yaxud səmərəlilik üzrə yoxlamalardan kənarda qalması demək deyil. Artıq bütün azad torpaqlarda görülən işlər dövlət satınalmaları üzrə yeni qanuna uyğun aparılır, digər tərəfdən bizdə olan məlumata görə, Palata Qarabağda bir sıra investisiya layihələri ilə geniş audit tədbirini həyata keçirir. Ümidvarıq ki, hər bir iş adamı azad torpaqları müqəddəs məkan kimi qəbul edib yüksək biznes əxlaqı nümayiş etdirəcək”. 

 

“Cəmi 134 əməkdaşdan ibarət olan Hesabalama Palatasının 36 milyardlıq büdcəni əhatə etməsi qeyri mümkündür. Bəli, Gürcüstanda müvafiq qurumda 342, Ermənistanda 204, Rusiyada 1007 nəfər əməkdaş çalışır. Üstəlik nəzərə almalıyıq ki, sözügedən ölkələrin büdcə rəqəmi bizimlə müqayisədə daha aşağıdır.Ona görə Palatanın ştat kontingentinin artırılmasını təklif edirik”, - Z.Oruc qeyd edib.

 

Firuzə Əliyeva
 

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla