AZ

Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...

“Çünki düşmənlərimiz hələ də böyük və güclüdürlər, daim ayıqdırlar və hər an Azərbaycan, Türkiyə və ümumiyyətlə, İslam-Türk dünyasına qarşı fəaliyyətlərini davam etdirməkdədirlər...”
 
“Fəqət, gerçəkdən keçmiş postsovet məkanında ilk dəfə, 30 ildən çoxdur Gürcüstanın, Moldovanın Rusiya “sülhməramlı”larının öz ərazisindən çıxarılmasına nail ola bilmədiyi bir işi görmək böyük uğurdur...”
 
“1994-cü ilin avqustunda mərhum eks-prezident Əbülfəz Elçibəyə də bu fikrimi çatdırmışdım... Dedim ki, bəy, Xalq Cəhbəsinin, demək olar ki,  bütün liderləri, fəalları, üzvləri iki ildir böyük fəxr və qürurla deyirlər ki, Güney Qafqazda ilk olaraq biz, yəni müstəqil(!) Azərbaycan Respublikası öz ərazisindən Rusiya qoşunlarını çıxarmağa nail olduq.  Fəqət...”
 
“Üç aydır məhz bu günü gözlədiyimə görə susurdum...”
 
Allaha çox şükür, dövlətimizin apardığı xarici siyasət sayəsində işğal altındakı torpaqlarımızın azadlığından, ərazi bütövlüyümüzün bərpasından(kiçik istisnalarla) sonra bizi iki əsrə yaxın müddətdə öz rəsmən və hüquqi cəhətdən müstəmləkəsi kimi əsarətdə saxlamış Rusiya imperiyasının 3 il 5 aydan çoxdur ki,  Yuxarı Qarabağ və Laçın “dəhlizi” deyilən ərazimizdə “sülhməramlı” adı altında fəaliyyət göstərən qoşunlarını da çıxarırıq...
 
Eşq olsun dövlətimizə! Fəqət, yenə də tələsməyək, təmkinli olaq, eyforiyaya qapılmayaq, başımız uğurdan gicəllənməsin və arxayınlaşmayaq...  Fəqət, gerçəkdən keçmiş postsovet məkanında ilk dəfə, 30 ildən çoxdur Gürcüstanın, Moldovanın Rusiya “sülhməramlı”larının öz ərazisindən çıxarılmasına nail ola bilmədiyi bir işi görmək böyük uğurdur...
 
Amma... 1994-cü ilin avqustunda mərhum eks-prezident Əbülfəz Elçibəyə də bu fikrimi çatdırmışdım... Dedim ki, bəy, Xalq Cəhbəsinin, demək olar ki,  bütün liderləri, fəalları, üzvləri iki ildir böyük fəxr və qürurla deyirlər ki, Güney Qafqazda ilk olaraq biz, yəni müstəqil(!) Azərbaycan Respublikası öz ərazisindən Rusiya qoşunlarını çıxarmağa nail olduq.  Fəqət... Söylədim ki, bəy, düzdür, hakimiyyətdə olduğunuz dövrdə Rusiya ordusunun ölkə ərazisindən çıxarılma prosesinin başlanmasına nail oldunuz, amma və lakin əvəzində həmin imperiya “KQB”-sinin arxivlərini açmadınız, nəticədə 200 ilə yaxındır, nəsilbənəsil canla-başla imperiyaya qulluq edib Azərbaycan xalqının kölələşdirilməsində, manqurtlaşdırılmasında aparıcı rol oynayan kəşfiyyat, xüsusi xidmət qurumlarının(sonuncusu “KQB” idi) üstəgəl Rusiya-Sovet ordusunda Baş Kəşfiyyat İdarəsinin, yəni məşhur "QRU"-nun agentura şəbəkələri zərərsizləşdirilmədən içimizdə qaldı... Və nəticədə nə baş verdi?..  Elə həmin AXC iqtidarı dövründə Azərbaycan ordusu Xankəndinin, Laçın “dəhlizi”nin bir neçə kilometrliyində olduğu bir durumda məhz həmin imperiya şəbəkələri, agentləri, həmçinin onlara bilərəkdən, ya bilməyərəkdən dəstək verən hakimiyyət, vəzifə aşiqlərinin dəstəyi ilə törədilmiş çoxsaylı hərbi və siyasi təxribatlar sayəsində ordumuzun uğurlu hücum əməliyyatları dayandırıldı, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur əraziləri yenidən işğal edildi, üstəgəl Kəlbəcər və digər 6 rayon... Bax, belə...
 
Düzdü, hazırkı hakimiyyətlə Elçibəy iqtidarını gücünə, qüdrətinə görə qətiyyən müqayisə etmək olmaz... Ancaq... Axı Azərbaycanın gücü ilə, nə qədər zəifləsə də, Rusiya imperiyasının, eləcə də "mədəni", "sivil" maliyyə imperiyaları qismində olan ABŞ və ya Böyük Britaniyanın, Fransanın və s. güclərini də müqayisə etmək doğru deyil...
 
İkincisi də, həmişə demişik, indi də deyirik ki, ölkələr, dövlətlər, eləcə də keçmiş müstəmləkələrlə imperiyalar arasındakı qarşıdurmaların, savaşların taleyini əsasən gözə görünən ordular yox, gözə dəyməyən kəşfiyyat və agentura, casus şəbəkələri həll edir... Həmin şəbəkə üzvləri də çox zaman cəmiyyətin, hakimiyyətin aşağı, orta və yuxarı eşelonlarında rəhmətlik Şeyx Şamil demiş, dost cildində görünən düşmənlər qismində yerləşdirilir...
 
Üçüncüsü, yəqin ki, heç kəs XVIII əsrin sonlarından bəri Azərbaycanın torpaqlarının işğallarının, parçalanmasının, xüsusən də ərazilərimizə, o cümlədən Qarabağa ermənilərin kütləvi köçündən təxminən bir əsr sonra onların vasitəsilə başlanan, işğal, soyqırım, deportasiya və represssiyaların, eləcə də son 30 ildəkilərin əsas ideoloqu, baiskarı və icraçısının məhz Rusiya imperiyası olması mövzusunda  heç kəs mübahisəyə girişməz... Baxmayaraq ki, bu gün siyasi maraqlar baxımından Rusiya ilə faktiki müttəfiqlik münasibətlərindəyik...
 
Dördüncüsü də, Rusiyanın hazırkı hakimiyyətinin rus xalqı ilə eyni kökdən olan Ukrayna xalqına, dövlətinə qarşı xüsusən son iki ildən çox müddətdə apardığı ədalətsiz və amansız işğal, faktiki soyqırımı siyasəti də göstərmirmi ki, Kremllə ittifaqa, dostluğa heç vaxt etibar etmək olmaz... Sabah təsadüfən bir balaca ayaqlarını tapdasaq, həmin Putin rejimi, təsəvvür edin müsəlman-türk xalqı olaraq Azərbaycana qarşı daha nələr edər...
 
Odur ki,- düzdü, deyilənləri, dövlətimizin rəhbərliyi və müvafiq qurumları bizlərdən daha gözəl bilir, onların bizim tövsiyələrimizə ehtiyacı yoxdur,- ancaq bilməyənlərin nəzərinə bir daha çatdırmağı özümüzə borc hesab edirik ki, əldə edilmiş qələbə və uğurlarımızdan arxayınlaşıb qətiyyən eyforiyaya qapılmaq olmaz... Çünki düşmənlərimiz hələ də böyük və güclüdürlər, daim ayıqdırlar və hər an Azərbaycan, Türkiyə və ümumiyyətlə, İslam-Türk dünyasına qarşı fəaliyyətlərini davam etdirirlər...
 
Və onu da xatırladaq ki, hazırda, indən belə milli(!) dövlətimizin qarşısında əsas 4 vəzifə durur:
 
-Digər imperiya miqyaslı və faktiki düşmən dövlət və güclərin agentura və kəşfiyyat şəbəkələri ilə yanaşı, zamanı və məqamı yetişəndə Rusiya imperiyasının belə şəbəkələrinin ifşa edilib tam zəiflədilməsinə, onların son 3 əsr müddətində, xüsusən də son onilliklər boyu  Azərbaycan xalqına, dövlətinə, ordusuna, iqtiadiyyatına və s. qarşı törətdikləri cinayətlərin üzə çıxarılaraq baiskar və icraçıların cəzalandırılmasına nail olmaq...
 
- Ermənistanla birdəfəlik sülhə, həmin ölkədəki revanşist, daşnak, terrorçu xislətli qüvvələrin, onların Qarabağ iddialarının ən azı uzun müddətə susdurulmasına nail olmaq... Qeyd edək ki, birinci vəzifəni, yəni Rusiya imperiyasının agentura, kəşfiyyat şəbəkələrinin ifşa edilib tam zəiflədilməsini həyata keçirmədən Ermənistanla sülhə, Qarabağ məsələsinin tam bitirilməsinə nail ola bilməyəcəyimiz də şəksizdir... Çünki bu məsələlərin bünövrəsini məhz Moskva qoyub və daim bu münaqişəni yenidən qızışdırıb ondan alət kimi istifadə etməyə çalışacaq...
 
-Ölkədə sovet dövründən bəri elə göstərilən imperiya şəbəkələrinin xüsusi proqramları sayəsində kök atmış korrupsiya-rüşvətxorluq şəbəkəsini də tam zəiflədilməsi və cəzalandırılması...
 
- Müxtəlif qeyri-rəsmi qurumlar, media, telekanallar, sosial şəbəkələr və s. vasitəsilə  milli mənəvi dəyərlərimizə qarşı aparılan düşmən fəaliyyətlərini də heçə endirmək(Deyəsən, hazırda bu istiqamətdə qəti addımların atıldığı görünməkdədir)...
 
İnanırıq və ümid edirik ki, Azərbaycan respublikasının milli(!) dövləti bütün bu vəzifələrin, xüsusən də imperiya agentura və kəşfiyyat şəbəkələrinin zərərsizləşdirilməsi vəzifəsinin öhdəsindən də uğurla gəlməlidir...
Allah Özü köməyimiz olsun!..
 
P.S. Üç aydır bu günü gözlədiyimə görə susurdum...
 
Sultan Laçın
 
 
 
Seçilən
78
Mənbələr
Şərh ()
Bağla