AZ

“Qəbələ” sonuncu pilləni tutacaqsa, elitadan düşməlidi" - Kənan Məstəliyev

Növbəti mövsümdən premyer-liqada komanda sayının və legioner limitinin artırılması ehtimalı ölkə futbolunun gündəmini zəbt edən əsas mövzulardı.

Belə ki, həm komanda sayının artırılması, həm də idman prinsiplərinin ziddinə “Qəbələ”nin elitadan düşməməsi, legioner limitinin indiki 7+4-dən 8+3-ə çevrilməi kimi məsələlər futbol ictimaiyyətini ikiyə bölüb. Bu mövzu ilə bağlı “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyevə tribuna verdik:

“Ümumiyyətlə, ölkəmizin əsas problemlərindən biri odu ki, biz heç bir işə peşəkar yanaşmırıq, heç bir işi davamlı şəkildə həyata keçirmək istəmirik. Ötən mövsüm idman prinsipinə riayət olunmasına başlanmışdısa, bunu birinci mövsüm edib, ikinci mövsüm etməmək qeyri-peşəkarlıqdı və ictimaiyyəti aldatmaqdı. “Kəpəz” var gücünü ortaya qoyur, əlavə xərclərə gedir, çətinliyə düşür, öz gücünə elitada qalır. “Qəbələ” isə heç bir iş görmədən rəzil transferlərlə, biabırçı idarəçiliklə mövsümü yola verir və elitada qalır. Bu həm mənəvi-vicdani, həm də reqlament baxımından doğru deyil. Yəni idman prinsiplərinə riayət etməyimiz vacibdi. Bu prinsiplərə əməl edilməyəcksə, onda bir-birimizə inamımız qalmayacaq. Belədə heç bir inkişafdan söz gedə bilməz. Nəyinsə inkişafı üçün təməl olmalıdı. Təməl də idman prinsipləridi. İdman prinsiplərinə əməl olunmalıdı və bunun üzərində biz Azərbaycan futbolunu inkişaf etdirməliyik. Ona görə də çempionatda 12, 14 və ya 16 komanda olacağının fərqi yoxdu. “Qəbələ” sonuncu pilləni tutacaqsa, elitadan düşməlidi. Hansı ki, artıq rəsmiləşmək üzrədi. Onun yerinə 3, 6 və ya 8 komanda gələcək – bu artıq başqa müzakirə mövzusudu. Fikrimcə, bu mövsüm ölkə çempionatında komanda sayının 12-yə və ya 14-ə çatdırılmasının heç bir əhəmiyyəti yoxdu. Buna ehtiyac yoxdu. 1-ci liqadan bir komanda gəlsin, elitadan biri düşsün. Yalnız bundan sonra İcraiyyə Komitəsi indidən elan etsin ki, növbəti mövsümdən etibarən elitadan 1 komanda düşəcək və aşağı liqadan neçəsə komanda gələcək. Bu doğru olacaq. Düşünürəm ki, region komandalarının elitada olmasının heç bir ziyanı yoxdu. Amma bunu düzgün şəkildə etməliyik. Yəni region komandasıdı deyə ucdantutma premyer-liqanı doldurmamalıyıq. Məsələn, “Turan Tovuz”, “Kəpəz”, “Araz-Naxçıvan”ı elitaya gətirmişik. Keyfiyyət artımı var? Hələ ki elə bir fərq yoxdu. Bu süni artımdı. “Huner Group” olmasaydı, indi “Turan Tovuz” da “Kəpəz”in vəziyyətindəydi. “Kəpəz”in stadionu yoxdu, hələ infrastruktur qurulur. “Kəpəz” kimi klubu yollarda qoymaq əvəzinə, infrastrukturu qurulandan sonra premyer-liqaya gətirmək daha doğru olardı. Hazırda 1-ci liqada olan digər komandalar da həmçinin. Sizin vasitənizlə AFFA rəhbərliyinə müraciət edirəm ki, gəlin prinsipləri pozmayaq, qaydalara riayət edək. Bu mövsüm bir komanda düşsün, digəri gəlsin. Növbəti mövsümdən etibarən isə planlı şəkildə aşağı liqalardan 3, 4, 6 və ya neçə komanda nəzərdə tutulacaqsa, o qədər komanda elitaya gətirilsin. Bununla da normal çempionatımızı quraq.
O ki qaldı legioner limitinə, bu məsələnin müzakirəsi belə doğru deyil. Hazırda limitlə bağlı heç bir problemimiz yoxdu. Yəni ölkə futbolunun indiki problemi limit deyil. Elə “Qəbələ”ni götürək. Ayağı top tutmayan legionerləri doldurublar kluba. Onların yerinə yerli futbolçular oynaya bilərdi. Həmin yararsız, yarımfabrikat legionerlərdən olmayacaq 7, olacaq 8. Bunun Azərbaycan futboluna nə xeyri var? Ölkə futbolunun daha böyük problemləri var. Məsələn, infrastruktur, uşaq futbolu, kadr çatışmazlığı və s. və i.a. Yəni o qədər önəmli problemlər var ki, legioner limiti sonrakı mərhələdi. Legioner limitinin 7 yox, 8 olmasıyla, sadəcə, “Qarabağ” güclənəcək. Çünki biz illərdi “Qarabağ”ın həm yerli futbolçu, həm də legioner futbolçu seçimində başqa komandalara güzəştə getdiyinə əmin oluruq. Bu mövsüm sona 8 tur qalmış çempion oldusa, növbəti mövsüm qışda çempion olacaq. Gərək qaş düzəltmək istədiyimiz yerdə göz çıxarmayaq. Legioner limitini artırmaqla heç nə əldə olunmayacaq. Azərbaycan çempionatının səviyyəsi də bura daxildi. Guya indi gətirilən legionerlər Messi, Ronaldo və ya Neymardı. Qətiyyən belə deyil. Gətirilən legionerlər göz qabağındadı. İstər “Neftçi”nin, istər “Kəpəz”in, istərsə də digər klubların. Fikrimcə, indiki durumda bu məsələni müzakirə etmək düzgün deyil, limit olduğu kimi qalmalıdı. Xüsusən də nəzərə almaq lazımdı ki, aşağı liqada futbolçular yetişməyə başlayıb, onlar oynamaq üçün özünə yer tapmalıdı. Birdən-birə bu oyunçulardan super keyfiyyət gözləyə bilmərik ki, gedib elitada əsas heyətdə oynasınlar. Belə olmur. Bunun üçün münbit şərait yaratmamışıq. Bu üzdən legioner limiti artırılmamalı, ümumiyyətlə, bu məsələ müzakirə olunmamalıdı. Dediyim kimi, ölkə futbolunun hazırki problemi legioner limiti deyil”.


KAMAL SƏFƏR
Seçilən
75
Mənbələr
Şərh ()
Bağla