AZ

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri - Keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı və Beynəlxalq əlaqələr şöbəsinin “Avstriya – Azərbaycan Turizm Proqramı” üzrə koordinatoru Aytac Babayeva Avstriyanın IMC Krems Universitetində “Erasmus+” layihəsi çərçivəsində təşkil edilən “3rd International Staff Week” adlı təlimdə olublar.

Bu barədə AZƏRTAC-a ATMU-dan bildirilib. Azərbaycanla yanaşı, Avropa və digər tərəfdaş ölkə universitetlərinin nümayəndələrinin qatıldığı təlimdə “Bilik və təcrübə mübadiləsinin təşkili”, “Ali təhsil sisteminin keyfiyyətli idarə olunması” və IMC Krems universitetinin əməkdaşları tərəfindən gündəliyə daxil edilən “Tələbə qəbulu prosesi və marketinq”, “Tələbələrin elmi işlərində plagiatlıq”, “Tədqiqat işinin aparılması: jurnal nəşrləri” və “Süni intellektin təhsildə rolu” mövzularında müzakirələr aparılıb. İnteraktiv formatda təşkil olunan təlim zamanı təcrübə mübadiləsinin genişləndirilməsi məsələsi də diqqətdə saxlanılıb.

Mədəni turizm istiqamətli ekskursiya və ekoloji yürüşlərlə yekunlaşan təlimin sonunda fəal iştirakçılar sertifikatla təltif ediliblər.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla