AZ

“Bir komanda ev oyunlarını müxtəlif stadionlarda keçirirsə, bu özü də idman prinsipinin pozulmasıdı” - Firuz Abdulla

Növbəti mövsümdən premyer-liqada komanda sayının və legioner limitinin artırılması ehtimalı ölkə futbolunun gündəmini zəbt edən əsas mövzulardı.

Belə ki, həm komanda sayının artırılması, həm də idman prinsiplərinin ziddinə “Qəbələ”nin elitadan düşməməsi, legioner limitinin indiki 7+4-dən 8+3-ə çevrilməi kimi məsələlər futbol ictimaiyyətini ikiyə bölüb. Bu mövzu ilə bağlı “Səbail”in icraçı direktoru Firuz Abdullaya tribuna verməyi lazım bildik:

“Klub sayının artırılması və legioner limitində dəyişiklik AFFA İcraiyyə Komitəsinin səlahiyyətindədi. Təbii, klub rəsmisi kimi, mən də istəyərdim ki, çempionatdakı komandaların sayı artsın, oyun sayı çoxalsın, rəqabət bir qədər də yüksəlsin. Əlbəttə, elitada komanda sayının 12 olmasını istəyirəm. Amma bunun üçün bir sıra işlər həyata keçirilməlidi. Bu da federasiyanın üzərində əlavə məsuliyyət və iş yükünün olması deməkdi. Necə qərar veriləcəksə, klublar da ona uyğun fəaliyyətini davam etdirəcək. “Qəbələ”nin elitadan düşməməsinə, idman prinsipinin pozulmasına gəlincə, burda da ziddiyyətli məqamlar var. Hələ ötən mövsümün gedişində müəyyən kuluarlarda bu barədə subyektiv fikirlərimi səsləndirmişdim. Bilindiyi kimi, ötən “futbol ili”ndə “Səbail” ilə “Şamaxı” arasında elitada qalmaq uğrunda gərgin mübarizə gedirdi. Mən də həmin ərəfədə “Səbail”in Müşahidə Şurasında təmsil olunurdum və səsləndirdiyim fikirlər müəyyən qədər başqa cür qəbul olunurdu. Yəni bildirirdim ki, ötənilki çempionatda heç bir komanda aşağı liqaya düşməsin. Çünki “Şamaxı”nın da, “Səbail”in də yaxşı maddi-texniki bazası var. Ən azı klubların ev oyunlarını keçirə bildikləri stadion var. Mənim yanaşmama görə, idman prinsipi bir komandanın aşağı liqaya, birinin isə elitaya yüksəlməsi deyil. Premyer-liqaya yüksələn komandanın, heç olmasa, ev oyunlarını keçirmək üçün stadionu olmalıdı. Bir komanda çempionatın gedişində ev oyunlarını müxtəlif stadionlarda keçirirsə, bu özü də idman prinsipinin pozulmasıdı. Məsələn, bir komanda öz ev oyununu gah bu rayonda, gah o rayonda, gah da Bakıda keçirir. Axı burda da idman prinsipləri pozulur. Məsələn, mən hansısa komandayla oynamaq üçün Bakıdan 450 km uzaqda yerləşən bir şəhərə və ya rayona gedirəmsə, həm futbolçuların yol yorğunluğunu, həm də səfər xərclərini nəzərə almaq lazımdı. Amma eyni çempionatda mənimlə rəqib olan komanda eyni komandayla Bakıda qarşılaşır. Bəs burda idman prinsipi pozulmur? Yəni idman prinsipləri deyəndə bir məfhumu qəbul etmək düzgün deyil ki, mütləq bir və ya bir neçə komanda aşağı liqaya düşməlidi və o qədər komanda da elitaya yüksəlməlidi. Bu, belə deyil. Elitaya yüksələn komandanın ev oyunlarını keçirməyə stadionu yoxdusa, başqa bir bölgəni təmsil edib ev matçlarını Bakıda keçirəcəksə, bu da idman prinsiplərinin düzgün tətbiqi deyil. Klub baza və infrastruktur baxımından, heç olmasa, müəyyən qədər hazır olmalıdı, yalnız ondan sonra elitaya yüksəlməlidi. İndi ötən mövsümə görə yenə “Şamaxı”nı nümunə gətirəcəm. Şamaxını təmsil edən, orda baza və infrastrukturu olan bir komanda elitadan düşdü. Amma bu mövsüm çempionatda gördük ki, bəzi komandalar ev oyunlarını özünə məxsus stadionda keçirmək bir yana, heç eyni stadionda oynaya bilmədi.

Legioner limitinə gəlincə, burda məsələyə ikili münasibət ola bilər. Sırf klubların nəzərindən yanaşsaq, bəlkə də hazırkı legioner limitinin başqa formada tətbiqi onlar üçün daha məqbul olardı. O mənada ki, “7+4” limitindən “8+3” variantına keçmək klublar üçün daha sərfəli ola bilər. Çünki istədiyin yüksək keyfiyyətli yerli futbolçuların tapılması bir qədər çətindi. Premyer-liqa ilə ayaqlaşacaq səviyyədə yerli futbolçuların sayı o qədər də çox deyil. Amma ümumi Azərbaycan futbolunun marağından çıxış edəcəyiksə, yerli futbolçuların marağını nəzərə alırıqsa, məncə, hazırkı limitin saxlanılması daha düzgündü. Çünki bu, Azərbaycan çempionatıdı, ölkə klublarıdı və yerli futbolçuların da yüksək liqada oynamaq haqqı var. Burda söhbət daha da uzadıla bilər. Yəni “kim daha layiqdisə, o da heyətə düşsün” məsələləri qabardıla bilər. Ancaq istənilən halda, limit yol verəcəyi təqdirdə klubların əksəriyyəti daha yaxşı əcnəbi futbolçu gətirib oynatmağa üstünlük verəcək. Bunun nəticəsində də yerli oyunçuların heyətdə yer almasıyla bağlı problemlər ortaya çıxa bilər. Subyektiv fikrimə gəlincə, indiki limitin saxlanılmasının tərəfdarıyam. Çünki yerli futbolçuların oynamaq şansı qazanması həm də millli komandanın formalaşdırılması baxımından çox vacibdi. Buna əks dəlil də var. Məsələn, limit dəyişsə, azərbaycanlı futbolçular daha çox ölkə xaricində gedib oynaya, keyfiyyət baxımından artıra bilərlər. Amma mənim yanaşma tərzimə görə yerli oyunçuların ölkə xaricində çox oynamamasının səbəbi təkcə onların futbol keyfiyyətiylə bağlı olan məsələ deyil. Bilirik ki, Avropa ölkələrində oynamaq üçün işçi vizası, hansı ölkənin pasportuna sahib olmaq nüansları var. Yəni Avropa İttifaqına üzv ölkədən deyilsənsə, istənilən halda legioner sayılırsan. Bütün bu amillər yerli oyunçuların ölkə xaricində çıxış etməsinə təsir göstərir”.


KAMAL SƏFƏR
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla