AZ

“Kəpəz” lə “F-Holdinq” arasında danışıqlar davam edir” - Tural Piriyev xoş mesajlar verdi

Ötən ay “Kəpəz”ə yeni sponsorun tapılmasıyla bağlı xəbərləri gündəmi zəbt etmişdi. Lakin Gəncə təmsilçisi ilə “F-Holding” arasında gedən danışıqlar məhsuldar alınmadı.

Əsas səbəb şərtlərin üst-üstə düşməməsidi. Daha dəqiqi, holdinqin nümayəndələrinin “Kəpəz” rəhbərliyində əsas postlara yiyələnmək niyyəti klubun İdarə Heyətinin sədri İlqar Nadirini razı salmadı. Sponsorun təmsilçiləri kluba ayıracaqları vəsait qarşılığında idarəetmə aparatına da yiyələnmək istəyirdi. Nadiri isə 5 ildən çoxdu təkbaşına idarə elədiyi “Kəpəz”də bu səlahiyyətlərin əlindən alınmasına razılaşmadı. Bununla da danışıqların xoş sonluğu ilə bağlı ümidlər çilik-çilik oldu. Belədə ikinci şans kimi “Mingəçevir” variantı qalırdı. Bəs uğursuz “Kəpəz” variantından sonra “F-Holdinq” “Mingəçevir”lə danışıq aparırmı? Gəncə planının alınmamasının səbəbi nə oldu? Bu məsələlərə aydınlıq gətirmək üçün danışıqlardan xəbərdar olan Futbolun İnkişaf Fondunun rəhbəri Tural Piriyevə müraciət etdik. Onun cavabi isə gözlənilməz oldu:

“Hazırda danışıqlarımız davam edir. Bildirim ki, “Mingəçevir” yox, sırf “Kəpəz” üzərində dayanıldı. “F-Holdinq” tərəfindən rəhbərliyin dəyişilməsi şərti olmayıb. Deyilənlər kiminsə şəxsi mülahizəsidi. Belə bir məlumat paylaşmamışıq. Prosesin bu müddəti əhatə etməsi başadüşüləndi. Tərəflərin uzun müddət ərzində danışıq aparması normaldı. Bilirik ki, real sponsor danışıqları bundan qat-qat artıq olur. Üstündən böyük bir vaxt da keçməyib”.

Premyer-liqa klubları arasında “Kəpəz”lə yanaşı, maliyyə vəziyyəti yaxşı olmayan başqaları da var. “Qəbələ” və “Araz-Naxçıvan” da sponsora ehtiyac duyur. Tural bəy bu yöndə də müsbət mesaj verdi:

“Həm premyer-liqa, həm də birinci və ikinci liqa klublarından bəzilərinin real sponsor danışıqları gedir. İşlər yekunlaşdıqda məlumat verəcəyik. Təəssüf, praktika göstərir ki, danışıqlar prosesində məlumatların paylaşılması nəticəyə müsbət təsir göstərmir. Ona görə də dəqiqləşdikdən sonra rəsmi məlumat veriləcək”.

Belədə sual yaranır: mövsümün sonuna qədər tərəflər razılığa gələ bilərmi? Bu məqamı dəqiqləşdirmək üçün “Kəpəz”in mətbuat katibi Azad Mustafayevə müraciət etdik:

“Yeni mövsüm üçün klubumuz tərəfindən sponsor danışıqları və görüşləri davam edir. Klubumuz bu yöndə fəaliyyətdədi”.

RÖYANƏ OĞUZ
Seçilən
52
Mənbələr
Şərh ()
Bağla