AZ

Əbədi sevgililərdən biri...

19 aprel Novruzgülü günüdür

Soyuq havalardan sonra torpağın altından baş qaldıran al-əlvan çiçəkli novruzgülü baharın müjdəçisi hesab olunur. El arasında ona novruzçiçəyi də deyirlər. Novruzgülü zanbaqlar fəsiləsinin və zanbaq cinsinin bir növüdür. Yeri gəlmişkən, aprelin 19-da dünyanın bir çox ölkəsində Novruzgülü günü qeyd edilir. Bu gün ilk dəfə 1984-cü ildə İngiltərədə qeyd edilib.

İngilislər novruzgülünə xüsusi münasibət bəsləyirlər. Bu ölkədə yayılan rəvayətə görə, evin ətrafında əkilmiş novruzgülü təkcə pis ruhlardan deyil, həm də bütün fəlakət və bədbəxtlikdən qoruyur. Orta əsrlərdə bu çiçək paklığın rəmzi hesab edilirdi.

“Olimpin dərman çiçəyi”...

Qədim dövrlərdən etibarən novruzgülündən müalicə məqsədilə də istifadə olunub. Məsələn, Yunanıstanda novruzçiçəyinə “Olimpin dərman çiçəyi” adı verilib. Qədim həkimlər novruzgülü ilə iflici müalicə etdiklərinə görə onu “İflic otu” da adlandırırdılar.

20 növü var..

Hazırda novruzgülü planetin müxtəlif yerlərində bitir, onun təxminən 20 növü var və demək olar ki, hamısı Qırmızı Kitaba düşüb. Ən populyar növü ağ novruzgülüdür. Bu çiçəyin yunan, Bizans, Qafqaz və digər növləri də var. Hollandiyada bu gül giasint və zanbaq kimi məşhurdur.

A və C vitaminləri ilə zəngindir

Xalq təbabətində novruz çiçəyinin dəmləmə, bişirmə və şirəsi bronxit, astma, qəbizlik, yuxusuzluq, öskürək, başgicəllənmə, qıcolmalar, iflic, ümumi zəiflik zamanı istifadə olunur. Tərkibindəki saponinlərin hesabına öskürək əleyhinə tərqovucu və sidikqovucu təsir göstərir. Həmçinin C və A vitaminləri ilə zəngin olduğuna görə, həmin vitaminlərin çatışmazlığı zamanı istifadə olunur.

Novruzçiçəyi preparatlarının istifadəsində əks göstəriş yoxdur. Lakin bəzi xəstələrdə ona qarşı yüksək dərəcədə həssaslıq olur. Onunla təmas zamanı həmin xəstələrin dərisində güclü qaşınmalar yaranır və qabarmalar əmələ gəlir.

Qızılgüllə əbədi sevgilidir...

Azərbaycan dağlarında novruzgülü ən çox üç rəngdə bitir: göy, bənövşəyi və ağ. Folklorumuzdakı əfsanəyə görə, novruzgülü ilə qızılgül əbədi sevgilidirlər. Novruzgülü yazın əvvəlində, Qızılgül isə iki ay sonra açılır. Ona görə onlar bir-birini görə bilmirlər. Azərbaycan folklorunda belə bir inanc var ki, bu iki gülü bir-birinə çatdıran kimsə behiştlik olacaq. Novruzgülü ilə qızılgülün sevgili olduqları xüsusi bir inanca söykənir.

Yeganə BAYRAMOVA

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla