AZ

Gözlərə nur bəxş edən fədakar həkim

Həmişə nəzərimizdə saxlamalıyıq ki, hər bir uğurun arxasında gərgin çalışmaq dayanır. Hər şeyin özünəməxsus qayda-qanunları olduğu kimi məqsədə çatmağın da özünəməxsus qayda-qanunları var. Kim uğur qazanmaq, qarşısına qoyduğu məqsədə çatmaq istəyirsə durmadan, usanmadan çalışmalıdır. Tutduğu mövqedən, sahib olduğu peşədən asılı olmayaraq insanda təkcə təhsil yox, eyni zamanda davamlı çalışmaq, inam, cəsarət olmalıdır.

Qələmə aldığım bu məqalədə də özündə cəsarət tapmış, özü üçün ideal imic təyin etmiş nəcib bir peşə sahibindən, sahib olduğu peşəni sevən, ona qəlbən bağlı olan şərəfli bir həkimdən söz açmağı boynumun borcu hesab etdim. O həkimdən ki, düşündüyü və güvənlə gözlədiyi məqsədlərə mütləq çatacağına inanırdı. Onun inamı, qətiyyəti güclü oldu, əksər hallarda mümkünsüzlüyün olmadığı qənaətinə gəldi. Arzularına sərhəd qoymadı və məqsədinə özünün hakim ola biləcəyini düşündü.


Bütün bu fikirlər onun içində əsaslı təhsil almaq,sevdiyi bir ixtisasa yiyələnmək arzusunu günbəgün artırdı. O, gələcək həyatını mənalı, dəyərli, cəmiyyət içərisində şərəfli ömür sürmək arzusuyla yaşadı. Bu arzuların içərisində ən çox sevdiyi ixtisasa yiyələnmək xüsusi yer tutmaqda idi. Ən böyük arzusu Vətən üçün layiqli bir vətəndaş, cəmiyyətə gərəkli olan peşələrdən birinin sahibi, insanlara öz peşəsi ilə xidmət göstərən savadlı, bacarıqlı və şərəfli həkim olmaq idi ki, bu dəyərli insan hal-hazırda Şəki şəhərində yerləşən “Bonum Medical” klinikasının rəhbəri, tanınmış Oftalmoloq-cərrah İlqar Məmmədovdur.

Oftalmoloq-cərrah İlqar Zülüqar oğlu Məmmədov 16 iyun 1976-cı ildə Şəki rayonunun Orta Zəyzid kəndində ziyalı ailəsində anadan olmuşdur.

Orta təhsilini Orta Zəyzid Kənd orta məktəbində almış, 1993-cü ildə həmin məktəbi uğurla başa vurmuşdur.

1993-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, Müalicə-profilaktika fakültəsində təsil almışdır.

1999-cu ildə həmin universiteti bitirmiş, 2000-ci ildə İnternaturada təhsil almış, elə burada əmək fəaliyyətinə başlamışdır.

2001-ci ildən Şəki Rayonlararası Göz Xəstəxanasında işləmiş, 2011-ci ilin dekabr ayından etibarən Şəki Mərkəzi Rayon Xəstəxanasının Göz xəstəlikləri şöbəsində çalışmışdır.

2020-ci ilin sentyabr ayından etibarən indiyədək “Bonum Medical” klinikasında göz həkimi kimi çalışır və eyni zamanda həmin klinikaya rəhbərlik edir.

Belə bir deyim var: “Ağac meyvəsi, insan əməli ilə tanınar”. İnsan üçün ən yaxşı həyat gözəl və mənalı yaşanmış həyatdır. Haqqında söz açdığımız oftalmoloq-cərrah İlqar Məmmədov da öz həyatını mənalı yaşamaq, gördüyü işin öhdəsindən layiqincə gəlmək, peşəsinə əsil peşəkar kimi yanaşmaq, peşəsinin adını, şərəfini daim yüksəltmək, onu insanlara sevdirmək kimi bir missiyanı öz üzərinə götürmüşdür.

Hər bir insan sahib olduğu peşəni layiqincə sevməli, ona əsil peşəkar kimi yanaşmalıdır. Gördüyü işdə məsuliyyət, diqqətlilik, səliqə-sahman, işgüzarlıq və s. göstəriciləri əsas meyar kimi qəbul etməlidir.

Bütün bu deyilənlərə əməl etmək səhiyyə-tibb sahəsində daha çox tələb olunur.

Elə haqqında söz açdığımız, Şəki şəhərində fəaliyyət göstərən “Bonum Medical” Klinikasının rəhbəri, oftalmoloq-cərrah İlqar Məmmədovun xarakterində olan iradi keyiyyətlər işində öz əksini tapır; müsbət cəhətlərin qorunub saxlanılmasında, işinə əsil peşəkar kimi yanaşmasında böyük rol oynayır. Ən çox gərəkli və vacib bildiyi əlamətlərdən biri kimliyindən asılı olmayaraq insanın cahanın ən ali əşrəfi olduğunu dərindən dərk edir,ona hörmət və izzətlə yanaşır, ehtiyacı olanın imkan olan qədər bir həkim olaraq cani-dildən xidmətində dayanır. O, yaxşı bilir ki, həkim əldə etdiyi bilik və bacarıqlarını insanın xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr etməli, bu fikirdən əmələ gələn tələblərə qəlbən riayət etməlidir.

İlqar Məmmədovun müsbət keyfiyyətləri haqqında çox fikir söyləmək olar. Ancaq onun özü haqqında fikirlərini, həyata baxışını, sahib olduğu peşə haqqında düşüncələrini öz dilindən eşitmək daha dolğun daha dürüst olacağını düşünərək onunla həmsöhbət olmaq qərarına gəldim. Həkim mənim xahişimi səmimi qəbul etdi, vaxt təyin edib görüşdük və həmsöhbət olduq. Ona doktor deyə müraciət etmək istəyimi də səmimiyyətlə qəbul etdi.

- Doktor, hər şeydən öncə sizi Allahın adıyla salamlayıram. Sizə can sağlığı, xoşbəxtlik, həyatın bütün sahələrində bol-bol uğurlar arzulayıram. Görüşümüzə razılıq verdiyinizə görə təşəkkür edirəm. Sizinlə olan görüşümüzün səmərəli keçəcəyinə inanıram.

- Çox sağ olun. Mən də mənimlə görüşüb həmsöhbət olmaq istədiyinizə və vaxt ayırıb gəldiyinizə görə təşəkkür edirəm. Güman edirəm ki, söhbətimiz qənaətbəxş olacaq.

Hər kəs həyatda bir ixtisasa,bir peşəyə sahib olur. Kim hansısa peşəni həqiqətən sevdiyindən, kimsə də valideyinlərinin təkidi, yaxud istək və arzuları əsasında ona yiyələnir.

- Siz Tibb Universitetini bitirmisiniz. Cəmiyyətdə sayılan, seçilən həkimlərdən birisiniz. Həkimlik kimi bir peşəni öz istəyinizlə seçmisiniz, yoxsa valideyinlərinizin arzusu ilə?

- Ümumiyyətlə həkimlik çox şərəfli peşədir. Bu sahəyə maraq məndə uşaqlıq dövründə baş qaldırıb. Göz həkimi olmaq istəyimə səbəb isə anamın gözündə olan problem olub.

Belə düşünürəm ki, yaxşı, ürəkaçan xəstəlik yoxdur. Xəxtəlik insanı həm cismən, həm də ruhən zəiflədən, əldən salan bir haldır. Göz xəstəlikləri isə daha çox həssas və acınacaqlıdır. Dünya işığına ürək açıqlığı ilə baxa bilməmək, yaxud bundan tamamilə məhrum olmaq dəhşətdir. Odur ki, göz həkimi olmağımdan məmnunam.

- Siz yenidən həyata gəlsəydiniz kim olmaq istərdiniz, həkim,yoxsa?...

- İnanın ki, həkim olmaq arzusu məndə hələ orta məktəbin 3-ü sinfində oxuyanda yaranıb. Bir gün televiziyada Topçubaşov haqqında yayımlanan filmə baxıb dedim ki, mən də böyüyüb həkim olacağam. Həm də bayaq dediyim kimi anamın gözündə olan problem məndə bu sahəyə həvəs yaratdı.

Bir sözlə həyata yenidən gəlmək mümkün olsaydı, yenə həkim olmaq istərdim.

- Siz həkim-cərrahsınız. İlk dəfə cərrahi əməliyyatı nə vaxt, harada, kimin üzərində aparmısınız?

-İlk cərrahi əməliyyat apardığım vaxt İnternatura dövrünə təsadüf edir. Bir xəstənin göz almasında bədxassəli şiş var idi. O, milliyyətcə rus olan bir kişi idi. Tanınmış, elmi dərəcəli həkimlə birlikdə idim. O, əməliyyatın ilkin işlərini mənimlə başlayıb, davamını mənə tapşıraraq uğurlar diləyib əməliyyat otağını tərk etdi. Bir az həyəcan hissi keçirsəm də, özümdə güc tapıb əməliyyatı layiqincə başa catdırdım. Uğurla, müstəqil şəkildə mənim tərəfimdən həyata keçirilən əməliyyat nəinki öz cevrəmizdə, hətta universitet səviyyəsində dillər əzbəri oldu. Bu hadisə məndə savadlı, bacarıqlı oftalmoloq-cərrah olacağıma inam yaratdı.

Həkim işlədiyim dövrdə dəfələrlə ağır əməliyyatlar həyata keçirmişəm ki, bunlardan biri də Qəbələ rayonundan olan Ağasəf dayının gözlərində apardığım əməliyyat olub.

- Bu yaxın zamanlarda tanınmış, hörmətli ziyalılardan biri olan, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü, şair-publisist, görkəmli tərcüməçi Giya Paxataşvilinin gözündə əməliyyat aparmısınız. Hansı ki, bir neçə adlı-sanlı həkim sizdən öncə onu müayinə etmiş, bu əməliyyatın çox riskli olduğunu söyləmiş və bu işi öhdələrinə götürməmişlər. Siz isə bu məsuliyyəti öz üzərinizə götürmüş və əməliyyatı uğurla yerinə yetirmisiniz. Siz bu işi öhdənizə götürəndə hansı hissləri keçirirdiniz?

- Bilirsiz, Giya müəllimin bir gözü anadangəlmə kor idi. İkinci gözü də demək olar ki, görmə qabiliyyətini tam itirmək üzrə idi. Əməliyyat vacib idi. Bu işdə çox ciddi şəkildə diqqətli olmaq, əməliyyatın riskli olduğunu anlamaq vacib idi.

Mənə verilən məlumata görə o, gördüyü bütün işlərini zəif görən tək gözü ilə böyüdücü vasitəsi ilə görürdü.

Belə bir söz var: “Niyyətin hara, mənzilin ora”.

Özümdə inam və cəsarət tapıb onun gözünü çox çətinliklə, həm fiziki, həm də zehni gərginliyin təsiri altında əməliyyat etdim. Allaha şükürlər olsun ki, bu əməliyyat da uğurlu alındı.

Mən insanlara fərq qoymaq məqsədiylə demirəm, bütün pasientlər mənim üçün doğma və əzizdir. Giya müəllimin də görməyi məni çox sevindirir. Axı o nəinki Azərbaycan ədəbiyyatının, həm də bir sıra xarici ölkə ədəbiyyatının inkişafında, yayılmasında öz sözünü deyən, gözünün nurunu bu yola çiləyən şəxsiyyətlərdən biridir.

- Əməliyyat etdiyiniz posientlərin gözündən ilk dəfə sarğı götürülərkən hansı hissləri keçirirsiniz?

- Əvvəlcə onu deyim ki, müasir elm və texnologiya o qədər geniş şəkildə inkişaf edib ki,bunlar bütün sahələrə öz müsbət təsirini göstərməkdədir. Həkim öz yüksək savadı ilə texnoloji proseslərin işə tətbiqini bacarmalıdır. Belə olduqda keçirilən əməliyyat da müsbət nəticə verir. Mən təcrübə, savad və bacarığımla texnologiyanın vəhdətini birləşdirib icra etdiyim əməliyyatın uğurlu sonluğuna inanıram.

- Bir anlığa belə götürək ki, siz həm ürək, həm də göz həkimisiniz. Eyni vaxtda biri ürək, o biri göz xəstəsi sizə müraciət etsə, hər ikisinin də xəstəliyi son dərəcə ağırlaşıbsa birinci hansı xəstəyə xidmət göstərərdiniz?

-Birinci ürək xəstəsini qəbul edərdim. Çünki kəskin ürək xəstəliyi hər an ölümlə nəticələnə bilər. Ürək bir mühərriki xatırladır. Mühərrikdə ciddi nasazlıq olduqda qəza baş verəcəyi qaçılmaz olur.

-İşinizdə ən çox məsuliyyəti hansı istiqamətdə görürsünüz, klinikaya rəhbərlikdə, yoxsa həkimlik fəaliyyətinizdə?

- Hər ikisində. Ancaq işlərimin ən çoxunu həkim olaraq xəstələrə xidmətim təşkil edir. Klinikaya rəhbərlik etməyə gəldikdə isə bu sahədə narahatlığım yoxdur. Çünki kadr seçimində heç vaxt yanılmamışam. Bu klinikada tutduğu sahədən asılı olmayaraq hər kəs öz gördüyü işə cavabdeh olduğunu, gördüyü hər bir işdə məsuliyyət daşıdığını yaxşı bilir. Bu klinikada işləyən hər kəs öz vəzifəsini can-başla, layiqincə və ləyaqətlə yerinə yetirir.

- Doktor, sizin həyat yoldaşınız hörmətli Günel xanım da həkimdir. Özü də cəmiyyətdə sayılan, seçilən, savadlı və bacarıqlı bir həkimdir. Eyni zamanda o da bu klinikada çalışır. Ər-arvad olaraq ikinizin də həkim olmağınıza münasibətiniz necədir?

- Çox gözəl. Mən çox məmnunam. Bu hal ailədə uşaqların da müsbət istiqamətdə böyümələrinə, inkişaf etmələrinə, tərbiyəli, əxlaqlı, savadlı şəkildə yetkinləşmələrinə yol açır.

Bizim biri oğlan, biri də qız olmaqla iki övladımız var. Uşaqların böyüyü qızdır, adı da Dənizdir. Orta məktəbdə on birinci sinifdə oxuyur.

Oğlumun adı Ayxandır, orta məktəbdə səkkizinci sinifdə oxuyur. Uşaqların hər ikisi dərs əlaçısıdır. Çox yüksək göstəriciləri var. Gözlərini açıb bizi həkim kimi gördüklərindən hər ikisi həkim olmaq istəyir. Bir valideyin olaraq bu bizi son dərəcə sevindirir. Onlara daim duaçıyıq. Hər birinə dəyərli, şərəfli ömür, mənalı həyat, xoş gələcək arzulayırıq.

- İnsanlara ən çox nəyi arzulayırsınız?

- Can sağlığı. Canı sağ olmayan insanın gözlərinə heç nə görünmür. Əbəs yerə deməyiblər ki, “Sağlam bədəndə sağlam ruh olar”.

- Həyatınızın ən xoş anları.

- Övladlarımın uğurları. Mənə elə gəlir ki,valideyin üçün övlad sevincindən üstün heç nə ola bilməz.

- Heç vaxt xatirinizdən silinməyəcək acı xatirəniz varmı?

- Atamın dünyasını dəyişməsi mənimçün ən acı xatirədir.

-Allah atanıza rəhmət eləsin. Qəbri nurla dolsun. Ruhu həmişə şad olsun!

Allah ananıza can sağlığı, gözəl, uzun ömür versin. Allahın əli, nəzəri Limosət anamızın üzərindən əskik olmasın.

- Doktor, sizin fikrinizcə xoşbəxtlik nədir?

- Sağlamlıq, yenə də sağlamlıq.

- Ən çox sevdiyiniz musiqi və ən çox sevdiyiniz rəng.

- Klassik musiqini çox sevirəm.

Rənglər içərisində isə yaşıl və bir qədər mixəyi rənglərdən daha çox xoşum gəlir.

- O nədir ki, onun yolunda hər şeyə hazırsınız?

- Namus, qeyrət, ləyaqət. Bunlar varsa əsas gərəkli olan hər şey – Vətənə bağlılıq, sevgi-məhəbbət, ən ülvi hiss və duyğuların cəmi, insanın şərəfini zirvələrə qaldıran hər şey var.

- Doktor, müəyyən bir zaman kəsiyində sizinlə həmsöhbət olduq. Çox sevindim. Suallarıma verdiyiniz səmimi və ətraflı cavablar, eləcə də bu görüşümüzdən meydana gələn təəssürat sizin sadəliyinizi, insanlara olan istək, hörmət və məhəbbətinizin nə qədər ülvi, nə qədər uca və sonsuz olduğunu bir daha göstərdi. Sizə bir daha qəlbən təşəkkür edirəm. Sizə can sağlığı, könül xoşluğu, uzun və mənalı ömür arzulayıram. Uca Allah bu gün getməkdə olduğunuz, gələcəkdə gedəcəyiniz bütün yollara nur çiləsin.


- Mən də bir daha vaxt ayırıb gəldiyinizə, mənimlə həmsöhbət olduğunuza görə sizə təşəkkür edirəm.

Elimizə-obamıza,xalqımıza tükənməz can sağlığı arzu edirəm. Arzum budur ki, heç kim xəstələnməsin. Heç kəsin gözünün nuru zəifləməsin. Hər kəs bu dünyanın gözəlliyinə, əzizlərinin üzünə təbəssüm qarışıq açıq gözlə baxsın. Allah hər kəsə yar və yardımçı olsun, İnşallah.

Oftalmoloq-cərrah İlqar Zülüqar oğlu Məmmədova

Ey həkim,
səninçün həz zaman duaçıyıq biz,
Şəfalı əllərin daim var olsun.
Heç vaxt görməyəsən qüssə, kədər, qəm,
Yaradan qoy özü sənə yar olsun.

Bir an azalmasın gözünün nuru,
Niyyətin saf olsun, su kimi duru.
Allah nurlandırsın getdiyin yolu,
Məsləkin, əqidən payidar olsun.

Əlində əsməsin cərrah bıçağı,
Gözün yaxşı seçsin qaradan ağı.
Unutma adına bağlı ilqarı,
Həyatın həmişə bəxtiyar olsun.

Qardaş, sən layiqsən şərəfli ada,
Səni sevənlər çox, həddən ziyada.
Məlhəm olmaq üçün doğmaya, yada,
Həmişə əlində ixtiyar olsun.

Nur verdin nə qədər görməyən gözə,
Könlünü oxşadın, durdun üz-üzə.
Allah ömür versin, çatasan yüzə,
Dostlar ətrafında daim var olsun.
Ey həkim, Yaradan sənə var olsun.


Musa HƏŞIMOV

şair-publisist

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla