AZ

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

“Turan

Bakı, 19 aprel, AZƏRTAC

“UEFA stadion inspektoru Nebojsa İvkoviç təqribi 4 saatdan çox Tovuz şəhər stadionuna baxış keçirdi. Çatışmazlıqlarımız təbii ki, çoxdur. Tələb və tapşırıqlar siyahısı təxminən 2 həftə ərzində UEFA nümayəndəsi tərəfindən bizə göndəriləcək. Orada stadionumuzda düzəldilməli olan məqamlar haqqında məlumatlanacağıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un idarə heyətinin sədr müavini, maliyyə və infrastruktur üzrə direktor Əli Balakişiyev deyib.

Klub rəsmisi üçüncü kateqoriyalı sertifikata iddialı olduqlarını bildirib: “Beynəlxalq oyunlar keçirmək üçün bunu reallaşdırmaq istərdik. Amma stadionumuzda hazırda müəyyən çatışmazlıqlar və problemlərimiz var. Bunun üçün bizə uzun zaman lazımdır. Maliyyə baxımından 1-2 ayda bunları həll edəcək durumda deyilik. Çox vəsaitə ehtiyacımız var. Lakin hər şeyi tədricən qaydasına salmaq mümkündür. İndiki halda ikinci kateqoriyalı sertifikata malik olmaq imkanımız daha çoxdur. Bunun üçün nisbətən daha az zaman lazımdır. Fikrimcə, həll etmək olar”.

Onun sözlərinə görə, komandanın hazırkı durumu Avropada mübarizə apara biləcəklərini göstərir: “Klubumuzun İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən avrokuboklarda çıxış etmək kimi şərt və ya hədəf qoyulmayıb. Lakin bunu bacara biləcəyimizi düşünürəm. Birinci təsnifat matçlarını ikinci kateqoriyalı sertifikat ilə oynamaq mümkündür. Bəzi məqamlar var ki, onlar bizə çətinlik törədəcək. Amma o vaxta qədər 90 faiz çatdıracağıq. Avropanı Tovuz şəhərinə gətirmək istəyirik. Komandamıza uğurlar arzu edirəm. Çalışacağıq ki, ikinci kateqoriyanı alaraq Tovuz azarkeşlərini sevindirək”.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla