AZ

Xəzərdən şirin su alınacaq

Məhdud su ehtiyatlarına malik olan Azərbaycan özünün bu sahədə təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün iki mühüm istiqamət üzrə məqsədyönlü fəaliyyətlər həyata keçirir. Bunlardan biri əhalinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələblərinə uyğun keyfiyyətli su ilə təminatı, digəri isə ölkə ərazisində suvarılan torpaqların əhatə dairəsinin genişləndirilməsidir. Prezident İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlinin qoyulması mərasimindəki çıxışında indiyədək respublikamızda ayrı-ayrı pozisiyalar üzrə müasir infrastruktur quruculuğunun həyata keçirildiyinə diqqət çəkərək bildirib ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır. Qarşıya qoyulan hədəflərə çatmaq üçün genişmiqyaslı proqram hazırlanıb. “Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək görərik ki, bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Özəlliyi ilə diqqət çəkən layihə - Xəzərin suyunun duzsuzlaşdırılması

Su təhlükəsizliyinin təmin olunması məqsədilə qarşıya qoyulan hədəflərə çatmaq üçün ölkə boyunca, o cümlədən də 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələr həyata şeçilir. Artıq tamamlanan, hazırda davam etdirilən və yaxud gələcəkdə icrasına başlanılacaq hər bir layihənin öz əhəmiyyəti var. Prezident İlham Əliyev çıxışında özəlliyi ilə diqqət çəkən digər bir layihəyə - Xəzərdən şirin su alınmasına diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı deyib: “Bir layihəni də qeyd etməliyəm. İndi bu layihə üzərində iş aparılır. Bu da Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsidir. Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik”.

Qeyd edək ki, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrasına start verilib. Layihə Prezident İlham Əliyevin 12 aprel 2023-cü il tarixində imzaladığı müvafiq Sərəncam əsasında reallaşdırılır.  Pilot layihənin həyata keçirilməsi dövlət başçısının 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədi daşıyır. Sərəncamla Nazirlər Kabinetinə və bir sıra dövlət qurumlarına zəruri tapşırıqlar verilib.

Dəniz suyunun duzsuzlaşdırılaraq içməli hala gətirilməsi respublikamızda ilk belə təcrübə deyil. Bundan əvvəl də ölkəmizdə müvafiq pilot layihə reallaşdırılıb. Söhbət Salyan rayonunun Xıdırlı kəndində yaradılan Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksindən gedir. 2012-ci ildə inşa olunan bu müəssisə dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən tərs osmos membranları ilə təchiz olunub. Zavodun tikilməsi ideyası Prezident İlham

Əliyevdən gəlib. Pilot layihənin reallaşdırlmasında məqsəd regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə edilməsi olub. İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlıq quraşdırılıb. 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılıb. Burada dəniz suyu 12 km məsafədən götürülür və ilkin çökməyə məruz qalmış su sonradan nasoslar vasitəsilə anbarlara vurulur. Müəssisədə müasir texnologiyaların tətbiqi yolu ilə şirinləşdirilən sudan həm içmək, həm də sahələrin suvarılması məqsədilə istifadə etmək mümkündür.

Dünya təcrübəsinə istinad olunur

İqlim dəyişiklikləri, qlobal istiləşmə fonunda dünyanın ayrı-ayrı ölkələri suya olan tələbatlarını ödəmək üçün müxtəlif vasitələrə üz tutublar və müəyyən nəticələr əldə ediblər. Dəniz suyunun duzsuzlaşdırılaraq içməli hala gətirilməsi isə ən perspektivli vasitələrdən biridir. Təbii ki, burada elm və texnologiyanın inkişafı öz sözünü deyib. 

Qeyd edək ki, Yer kürəsi duzlu su mənbələri ilə kifayət qədər zəngindir. Belə ki, qlobal su ehtiyatlarının 90 faizinin duzlu su kateqoriyasına aid olduğu bildirilir. Alimlər dəniz suyunun şirinləşdirilərək içməli hala gətirilməsi ideyasına da məhz buna görə müraciət ediblər. Duzlu su mənbələri bir növ tükənməz görünür - yeraltı mənbələrdən qidalanan okeanlar, dənizlər, göllər ucsuz-bucaqsızdır.

Hələlik dəniz suyunun duzsuzlaşdırılaraq içməli hala gətirilməsi texnologiyasının tətbiqində İsrail dövləti dünya lideridir. Son illərdə bu ölkədə müasir texnologiyalar əsasında 5 su şirinləşdirici zavod istifadəyə verilib. Dəniz suyunun şirinləşdirilməsi sahəsində Yaponiya da artıq müəyyən yol keçib. Bu ölkədə də getdikcə daha böyk həcmlərdə dəniz suyu içməli hala gətirilir. Dəniz suyunun duzsuzlaşdırılması texnologiyasından istifadə edilməsi ərəb ölkələrində də geniş vüsət alıb. Bu təcrübəyə müraciət edən ölkələr sırasında, həmçinin İspaniya da yer alır.

Azərbaycan Xəzərin suyunun dussuzlaşdırılması ilə bağlı yeni layihəni həyata keçirərkən  dünya təcrübəsinə istinad edir. Artıq bu sahədə bütün dünyada tanınan qabaqcıl şirkətlərlə əməkdaşlıq əlaqələri qurulub. İndiyədək . “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə su və tullantıların emalı üzrə ixtisaslaşmış  İsrailin “I.D.E. Water Assets Ltd” (“İDE”) şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Verilən məlumata görə, sənəd Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlığı nəzərdə tutur. “Qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarından fəal istifadə edilməsinə təkan verib. “IDE” şirkəti 40 ölkədə fəaliyyət göstərməklə, 400-dən çox zavodun tikintisi və istismarı üzrə 40 illlik təcrübəyə malikdir. Şirkət dünyanın ən böyük zavodları daxil olmaqla (Çin, Hindistan, ABŞ, Avstraliya və İsrail) bir sıra irimiqyaslı membran və termal duzsuzlaşdırma zavodlarının tikintisini həyata keçirib. Şirkət İsrail əhalisinin içməli suya tələbatının 70 faizini təmin edir”, - deyə məlumatda qeyd olunub.

Eyni zamanda, “Azərsu” ASC ilə yenə də İsrailin “Mekorot Water Company” şirkəti arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Ötə il şirkətin təmsilçiləri respublikamızda səfərdə olublar və müxtəlif tədbirlərə qatılıblar. Onların məlumatına görə, hazırda İsraildə istehlakçılara verilən suyun təqribən 60 faizi dəniz suyunun duzsuzlaşdırılması yolu ilə əldə olunur. Ölkənin etibarlı su təchizatında “Mekorot Water Company”nin xüsiusi payı var.

Mübariz ABDULLAYEV

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla