AZ

Bakı-Moskva dialoqunun uğuru...

Missiya tam yerinə yetirildi

Sülhməramlıların çıxarılması münasibətləri  zəiflədən yox, gücləndirən faktordur!

Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması nəinki regionumuzda, hətta dünya miqyasında da geniş müzakirə mövzusuna çevrilib. Məlumdur ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Rusiya sülhməramlı kontingentinin ərazilərimizdən çıxarılmasına başlanması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin,  “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”  fikrinin təsdiqidir. Məlumdur ki, 10 noyabr üçtərəfli Bəyanatında sülhməramlıların 2025-i ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi nəzərdə tutulurdu. Onların bölgəyə müvəqqəti yerləşdirilməsi  bəndini məhz Prezident İlham Əliyev israr etmişdi. Amma son proseslər də göstərdi ki, rus sülhməramlılarının 2025-ci ilə qədər qalmasına zərurət yoxdur. Ona görə də, belə bir qərarın verilməsi tamamilə doğrudur.

ABŞ rus sülhməramlılarının Qarabağdan getməsini niyə istəmir?

Beynəlxalq reaksiyalara gəlincə, ABŞ məsələyə “özünəməxsus” şəkildə münasibət bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir. V.Patel ABŞ-ın 2020-ci ildə Qarabağda döyüşlərin başa çatması və Rusiya qoşunlarının bölgəyə gətirildiyi üçtərəfli sazişin tərəfi olmadığını qeyd edib: “Biz Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə qoyduğunu göstərən heç bir şey görmədik və ötən payızda Qarabağda baş verən hadisələr bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir”. O əlavə edib ki, ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına kömək etməyə hazırdır.

Təbii ki, ABŞ-ın sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması, əksinə, neqativ tərzdə şərh etməsi ABŞ-ın rikayarlığının növbəti göstəricisidir.  Məlumdur ki, ABŞ və Fransa münaqişənin həllinin ən böyük əleyhdarları olub. Dövlət Departamentinin nümayəndəsinin açıqlaması ABŞ-ın bu mövqeyini bir daha təsdiqləyir. İndiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ-ın Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoymasının başqa şərhi yoxdur. ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadanı sülhməramlı kontingenti çıxarmağa çağırıb, 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlamışdı və s. Əslində, ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlamalı və Azərbaycanı təbrik etməli idi. Amma bu məsələdə əks mövqe ortaya qoyması bir daha göstərir ki, ABŞ regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür.

Xatırladaq ki, 2023-cü ilin antiterror əməliyyatından bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli ABŞ-Rusiya-Aİ görüşü də keçirilmişdi. Bu görüş məhz Qərbin təşəbbüsü ilə reallaşmışdı. Hansı ki, Ukraynada müharibənin başlanmasından sonra Moskva və Qərb arasında ilk təmas idi. Bu görüş ABŞ və Qərbin Azərbaycanın öz suverenliyini tam bərpasına imkan verməmək üçün hətta özünün əsas rəqibi olan Rusiya ilə belə sövdələşməyə hazır olduğunu nümayiş etdirmişdi.

Dumanın deputatı: İndi sülhməramlılara ehtiyac yoxdur, çünki Qarabağda

münaqişə tərəfi qalmayıb

Ümumiyyətlə, rus sülhməramlılarının Qarabağda qalma müddəti gələn il başa çatsa da, onlar vaxtından əvvəl ərazini tərk etməsi obyektiv səbəblərə əsaslanır. Bu, ilk növbədə Azərbaycan-Rusiya əlaqələrinin sağlam əsaslarla qurulmasının göstəricisidir. İki ölkə liderinin şəxsi münasibətləri də ölkələrimiz arasında  münasibətləri gücləndirən faktorlardan biridir. Rus sülhməramlılarının Azərbaycandan vaxtından tez çıxması da məhz Azərbaycanla Rusiya arasında normal münasibətlərin mövcud olmasının göstəricisidir. Bu nöqteyi-nəzərdən də iki ölkənin ali rəhbərliyi müvafiq qərar verib. Sülhməramlıların çıxarılması Azərbaycanla Rusiya arasında münasibətləri  zəiflədən yox, gücləndirən faktor kimi çıxış edir.

Nəzərə alaq ki, iki ölkə arasında münasibətlər onsuz da yaxşı idi, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək. Çünki Qarabağ mövzusu artıq bağlanıb, ikitərəfli münasibətlərdə isə hərbi və sülhməramlı komponenti yoxdur. Münaqişənin həllindən və antiterror tədbirlərindən sonra Rusiya da anladı ki, burada qoşunlarını saxlamaq mənasızdır. Ona görə də, münasibətlərdən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlıq üçün imkanlar açır.

Məsələ ilə bağlı Rusiya Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov jurnalistlərə açıqlamasında bildirib ki, sülhməramlı kontingentin  Qarabağdakı missiyası tam yerinə yetirilmiş hesab edilə bilər, çünki Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir. O qeyd edib ki, Rusiya hərbçilərinin artıq evə qayıtmaq vaxtı çatıb. Dumanın deputatı deyib ki, indi sülhməramlılara ehtiyac yoxdur, çünki Qarabağda heç bir münaqişə tərəfi qalmayıb.

Aleksey Naumov: Moskva sülhməramlılarla bağlı bütün məsələləri Bakı ilə həll edib

Eyni zamanda, politoloq Aleksey Naumov bildirib ki, 2023-cü ilin sentyabrında Qarabağdakı antiterror əməliyyatından sonra Moskva sülhməramlılarla bağlı bütün məsələləri Bakı ilə həll edib. O deyib ki, Qarabağın Azərbaycana qayıtmasından sonra Moskva sülhməramlılar haqqında yalnız Bakı ilə dialoq aparacağını vurğulayıb və indi bu dialoqun nəticəsi görünür. “Ermənistan Fransa və ABŞ ilə danışıqlara girəndə, Rusiya Azərbaycanla danışıqlar aparıb. Gündəmdə yeni, Qərbdən asılılığı olmayan logistika zəncirləri (xatırladım ki, bu nəqliyyat zənciri Qərblə münasibətlər yaxşılaşacağı təqdirdə də gərəkli olacaq -A.N.), birgə qaz layihələri var. Daha bir cəhd isə Cənubi Qafqaz regionunda Qərb təsirinin qarşısının alınmasından ibarətdir”, deyə - A.Naumov qeyd edib.

Sergey Markov: Ermənistan dinc erməni əhalisinin Qarabağdan təxliyəsini təşkil edib

“Azərbaycan 2023-cü ilin payızında Qarabağda antiterror tədbirləri keçirdikdən sonra Rusiya sülhməramlı kontingentinin bölgədə qalması zərurəti aradan qalxdı”. Bu fikirləri isə Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib. Onun sözlərinə görə, sülhməramlıların Qarabağdan çıxarılması tamamilə Rusiya ilə Azərbaycan arasındakı razılaşmalara uyğun olaraq həyata keçirilir. Rusiya sülhməramlıları öz öhdəliklərini tam yerinə yetirdilər. Bu öhdəlik, ilk növbədə, Soçi razılaşmalarından sonra tərəflər arasındakı münaqişənin yoluna qoyulmasından ibarət idi. Azərbaycan hakimiyyəti tərəfindən Qarabağda antiterror tədbirləri həyata keçirildikdən sonra vəziyyət tamamilə dəyişdi, nəticədə erməni qoşunları təslim oldu və bölgədən çıxarıldı.

Markov xatırladıb ki, Ermənistan tərəfi dinc erməni əhalisinin Qarabağdan təxliyəsini təşkil edib: “Bir müddət rus sülhməramlıları Qarabağ ərazisində qalmalı oldu, lakin kontingentin orada heç bir işi yox idi. Azərbaycan hakimiyyəti erməni millətindən olan mülki əhalinin bir hissəsinin Qarabağa qayıdacağına ümid etdiyinə görə sülhməramlılar orada qalmaqda davam etdi. Lakin Ermənistan hakimiyyəti bununla bağlı çoxsaylı maneələr yaratdı, dinc erməni əhalisini qorxutmağa, sərt anti-Azərbaycan kampaniyası aparmağa başladı. Nəticədə isə belə məlum oldu ki, kütləvi qayıdış olmayacaq. Bu şərtlərə əsasən, Rusiya sülhməramlıları bölgəni tərk etmək qərarına gəldilər”.

Deputat: Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur

Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov isə bildirib ki, Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması qarşılıqlı razılaşma əsasında baş tutub. İki ölkə arasında normal münasibətlər mövcuddur və bütün məsələlər siyasi dialoq yolu ilə həll olunur. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış müttəfiqlik haqqında bəyannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyünə dəstək və s. məsələlər öz əksini tapır.

Millət vəkili deyib ki, bu qərar, həm də xaricdə və daxildə olan bəzi dairələrin səsləndirdiyi iddiaların əsassız olduğunu göstərdi: “Lakin proseslər bir daha sübut etdi ki, dövlətimiz milli maraqlarımıza tam uyğun siyasət həyata keçirir. Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur”.  

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin də fəaliyyəti dayandırılacaq

Yeri gəlmişkən, qeyd edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin də fəaliyyəti dayandırılacaq. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumatda deyilir: “Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”.

Nardar BAYRAMLI

Seçilən
53
50
Mənbələr
Şərh ()
Bağla