AZ

AQTA-nın həbsdə olan sabiq vəzifəli şəxsi şikayətini geri götürdü

Ali Məhkəmədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional bölməsinin rüşvətə almada təqsirləndirilən rəisi Rauf Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Bildirilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Qərara əsasən, onun ərizəsi təmin edilib, şikayət geri götürülüb.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, R.Həsənovun 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə qaldırılıb.

 

Qeyd: AQTA-nın Bərdə regional bölməsinin sabiq rəisi R.Həsənov 2021-ci ilin 10 fevralında həbs edilib. Aparılmış istintaq tədbirləri ilə onun AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində Bərdə rayonu Kələntərli qəsəbəsində yerləşən pendir sexinin sahibindən 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına köməklik göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsi müəyyən edilib.

 

R.Həsənov barəsində Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 19 Aprel 2024, 09:39   
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla