AZ

Müsyö Makronun gülünc "səfir" əməliyyatı

Fransa kimi böyük dövlətin rəhbəri elçi məsləhətinə möhtac qalıbsa, gör nə gündədir?

Deyirlər ki, Fransa hökuməti Azərbaycandakı səfirini hansısa məsələlərlə bağlı məsləhətləşmək üçün geri çağırıb. Kim nə deyirsə desin, səfir iki dövlət arasında söz aparıb-gətirən elçidir. Əgər dövlətin başçısı siyasətdə dördüncü-beşinci ranqlı məmurdan məsləhət istəyirsə, bu, deməkdir ki, o ölkə rəhbərinin siyasi və əqli çatışmazlığı var. Bəyəm özünü hamıdan ağıllı hesab edən eqoist müsyö Makron lap bu qədər dayaz siyasətçidir ki, səfirin məsləhətlərinə möhtac qalıb? Bəlkə süni xof yaradaraq rəsmi Bakıya guya bu üsulla təsir göstərə biləcəyini düşünür? Əgər belə düşünürsə, yaxşı olar ki, düşsün o kürsüdən getsin bankirliyini etsin, siyasət onun meydanı deyil.  Onsuz da onun dövlət başında durmağa lazımi potensialı çatmır və başdan-ayağa çirkab içindədir. Hələ bir çirkini təmizləsin. Mənsub olduğu partiyanın və ya gücün vasitəsi ilə dövlət başına keçmək hələ o şəxsin mahir siyasətçi, bacarıqlı dövlət məmuru və həyatının nümunəvi, steril olmasından xəbər vermir. Makronun əvvəllər barlarda yüngül əxlaqlı qadınlarla yarıçılpaq vəziyyətdə rəqs etməsi ilə bağlı söz-söhbətlər də gəzir. Hətta onun rəqslərini videolentə çəkib yayanlar da var. Bunlar öz yerində.

Şahidik ki, heç bir səbəb olmadan 2020-ci ilin payızından bəri Fransa Azərbaycana qarşı açıq düşmənçiliyə başlayıb. O vaxtdan elə bir ay olmaz ki, Fransadan ölkəmizə qarşı mənfi xarakterli və ya düşməncəsinə bir hərəkət edilməsin, qərəzli  bəyanatlar, hədə ilə dolu açıqlamalar verilməsin, kəskin qətnamələr və ya qərarlar qəbul olunmasın.

İnanmaq belə çətindir ki, Azərbaycana qarşı bu cür açıq düşmənçilik siyasəti yeridən ölkə 2020-ci ilə qədər onun ən böyük probleminin – Qarabağ münaqişəsini həll etməli olan  ATƏT-in  Minsk qrupunun üç həmsədrindən biri olub. Yəni, belə demək caizsə, "quzunu qurda tapşırıblar." Qarabağ münaqişəsinin 30 il boyunca danışıqlar yolu ilə həll olunmamasının səbəbkarlarından biri və bizə daim aqressiv münasibət göstərən Fransa olub. Onun çirkin niyyəti aydın idi- münaqişə Ermənistanın xeyrinə həll olunmalıdır. Nə üçün? Çünki ortada xristian təəssübkeşliyi var, haylar Fransada at oynadırlar, erməni diasporu Fransa hökumətini barmağının ucunda oynadır. Buna görə də dünya dövlətlərin birliyi olan BMT-nin qəbul etdiyi qərar və qətnamələr Fransa və Ermənistan tərəfindən saya alınmır və bir kənara atılır.

Bu uzun illər hamıya elə gəlirdi ki, danışıqların dalana dirənməsi rusiyalı həmsədrlərin daha çox pozuculuğu üzündəndir. Çünki fransalı həmsədrlər özlərinin yaramaz sifətlərini gizlətməyi ustalıqla bacarırdılar, onlar hamıdan artıq ermənipərəstdirlər və bütün fitnə-fəsadların müəllifi onlardır. Məhz bu maska altında düz 26 il müddətində Azərbaycan əleyhinə gizli düşmən planları yeritdilər. Bu işlərin içində olan bəzi rəsmi şəxslər məlumat sızdırırlar ki, həmsədrlər arasında ən təfriqəçi tərəf məhz fransalı həmsədrlər idilər. Onların iyrənc oyunlarına baxmayaraq nəhayət, haqq nazilsə də, üzülmədi.

Fransalı  siyasətçilərin maskası məhz 2020-ci ilin payızında cırıldı. Bütün planlarının boşa çıxdığını görən prezident Makron bu dəfə həmin maskanı Fransanın üzündən hikkə ilə çıxarıb atdı, açıq mətnlə ölkəsini dünya ermənilərinin himayədarı elan etdi. O vaxtdan bəridir ki, müsyö Makron da, fransız nazirlər də, senatorlar da həyatlarının qalan hissəsini “ümumerməni işi”nə həsr ediblər.

Bəzən Fransanın özündə ortalıq qarışır, etirazçılarla polis arasında amansız toqquşmalar baş verir, narazılar Fransanın şəhərlərində avtomobillərə od vurur, fermerlər Eyfel qülləsinin ətrafına saman, peyin toplayırlar, ölkəyə dair informasiyalar dünya mediası ilə dolu olur. Əhalinin önünə çıxan Makronun sifətinə şillə çəkirlər, cədd-əqrəbasını söyüb təhqir edirlər, o isə hamısını peysərə verir. Çünki haqlı tələblərin qarşısına arqument qoya bilmir. Çünki o yoxdur.  Ancaq Makron və komandası öz ölkəsinin problemləri ilə məşğul olmaq əvəzinə utanmadan Ermənistanın qayğıları ilə yaşayır. Belə çıxır ki, bu kiçik Qafqaz ölkəsi artıq Fransanın soyub-taladığı əyalətlərindən birinə çevrilib.

Budur, özünün ağır vəziyyətində Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geriyə, Parisə çağırıb.  Məqsəd məsələhətləşmək, müzakirə aparmaqdırsa, bundan ötrü səfirin basa-basa Parisə getməsinə nə ehtiyac var ki? Səfirlə  görüntülü və görüntüsüz şəkildə telefonla da söhbət etmək olar. Ancaq məqsəd bizə hədə-qorxu gəlmək, Azərbaycana qarşı olduğunu həm ölkəmizə, həm Ermənistana, həm də dünyaya göstərməkdir. Başqa sözlə, Fransa Ermənistana görə Azərbaycanla münasibətləri korlamaqdan çəkinmir, ağlına gələn və  gəlməyən hər şeyi edir.

Bu günə qədər Azərbaycana qarşı səslənən bəyanatların, qəbul edilən qətnamələrin ardınca indi düşülür ki, Fransanın siyasi avantüristlərdən təşkil olunmuş parlamenti qondarma “artsax”ı “tanıması” məsələsini də gündəmə gətirə bilər. Bunun necə bir avantüra olacağını uzun-uzun izah etməyə heç bir ehtiyac yoxdur. Belə bir avantüra 2023-cü ilin sentyabrına qədər baş versəydi, bu, bəlkə də müəyyən problem yarada bilərdi. Çünki qondarma “artsax” Azərbaycan ərazisində qondarılmış vəziyyətdə qalırdı. İndi həmin qurum, onu formalaşdıran erməni icması ellikcə yığışıb İrəvana gediblər və bildiriblər ki, bundan sonra həmişəlik Ermənistanda və ya Rusiyada yaşamağa qərar veriblər. Yəni, Makron çabalamaları ilə özünü bütün dünyada gülünc vəziyyətə salmaqda davam edir. Yarımçıq siyasətçi olan bu təsadüfi rəhbər əgər öz şəxsiyyətini şərəfsiz, oğru və rəzil adlandırılan hayların ayaqları altına atırsa, bu, adamın şəxsi işidir. Ancaq müsyö Makron yaddan çıxarmamalıdır ki, dünyanın qədim xalqlarından birinin başbilənidir və heç olmasa özünü xalqının adına layiq aparsın...

Vəli İlyasov, "İki sahil"

Seçilən
163
Mənbələr
Şərh ()
Bağla