AZ

Kadırov Çeçenistan FHN rəhbərinin Dağıstanda saxlanmasını “biabırçı təxribat” ADLANDIRDI

Ramzan Kadırov Çeçenistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Əlixan Tsakayevin Dağıstanda saxlanmasını “biabırçı təxribat” adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə o, teleqram kanalda yazıb.

“Biz onları bir zərbə ilə strukturlardan qovmalıyıq. Mən Dağıstan rəhbərliyinə müraciət edirəm ki, baş verənlərə diqqət yetirsinlər və Gerzel keçid məntəqəsinə görə məsuliyyət daşıyanlara qarşı müvafiq tədbirlər görsünlər.

Onlar polis məmuru formasını geyməməli və ləkələməməlidirlər. Biz qardaş Dağıstanla birlikdə terrorçulara və quldurlara qarşı vuruşmuşuq. Lakin belə ləyaqətsiz əməkdaşlar heç vaxt nə sizinlə, nə də bizimlə yoldaş olmayacaqlar”, – deyə Kadırov fövqəladə hallar nazirini saxlayan hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətlərini şərh edib.

Məlumata görə, Tsakayev aprelin 14-də sərxoş halda avtomobil idarə etdiyi üçün Dağıstanda saxlanılıb.

İddialara görə, nazir yol polisi əməkdaşının tələbi ilə dayanmayıb, yol ayrıcında dönüb və polisin üstünə keçməyə cəhd edib.

Dağıstan Daxili İşlər Nazirliyinin əməkdaşları ağır sərxoşluq əlamətləri olan və yanında heç bir sənədi olmayan sürücünü saxlayıblar.

Gulagu.net layihəsi iddia edir ki, Tsakayev həbs edildikdən sonra keçid məntəqəsinə Çeçenistandan 11 avtomobil, o cümlədən üç yol polisi maşını gəlib.

İddialara görə, atışma olub, nəticədə Çeçenistan təhlükəsizlik qüvvələri Fövqəladə Hallar Nazirliyinin saxlanılan rəhbərini aparıblar. O, bir neçə saatdan sonra buraxılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla