AZ

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

Şamaxı, 18 aprel, Rəşad Türkoğlu, AZƏRTAC

Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rafael Tağızadə ölkə başçısının ayırdığı vəsait hesabına 743-cü ilə aid Şamaxı Cümə məscidində, 755-ci ilə aid Dəmirçi məscidində əsaslı bərpa və yenidənqurma işləri aparıldığını, müsəlman aləminin ən qədim, müqəddəs ibadətgahlarından ikisinin xalqımızın istifadəsinə verildiyini bildirib. Qeyd edib ki, bundan əlavə, Dəmirçi Arxeologiya Muzeyi üçün yeni binalar tikilib, mərkəzin və muzeylərin ekspozisiyası müasir standartlara uyğun qurulub, rayon Mədəniyyət Mərkəzinin binası əsaslı təmir olunub.

Şamaxı Cümə məscidinin imamı Mərhəmət Mustafayev qonaqlara dini məbədlə bağlı məlumat verib. Bildirilib ki, məscid 743-cü ildə inşa olunub. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə tikilib. O, məscidə ibadət edənlərlə yanaşı, dünyanın dörd bir tərəfindən turistlərin üz tutduğunu deyib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsinin Şamaxı bölgəsi üzrə abidə mühafizəçisi, baş mütəxəssis Yasin Nuruyev bildirib ki, Şamaxının antik və orta əsr tarixi abidələri son vaxtlar yerli və xarici turistləri özünə daha çox cəlb edir. Gülüstan və Buğurd (Bəyqurd) qalaları, Şirvanşahlar sarayının qalıqları, Cümə məscidi, Yeddi kümbəz kompleksi kimi tarixi abidələr turistləri daha çox maraqlandırır.

Tədbir “Tarixi abidlər uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə davam edib.

Ağsuda keçirilən tədbirdə isə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 2023-cü ildə Ağsu qoruğunda baş meydanda aparılan arxeoloji qazıntılardan söz açıb.

Daha sonra bədii-musiqili proqram təşkil olunub.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla