AZ

Firəng elçisinin “dədəsinin xarabası”na dönməsi... - Çingiz Özgürün yazısı





Firənglərin elçisi, ərindən küsən davakar gəlinlər kimi gecə ikən yığışıb, qayıdıb gedib “dədəsinin xarabasına”, yəni Parisə. Səhər-səhər xəbərlərdə eşitdim, radioda. Düzdür, diktor belə demədi, dedi ki: “Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.” Sonra da əlavə elədi ki, səfir artıq Parisdədir və Fransa Prezidenti Makronla görüşüb. Xəbərin sonunda qeyd edildi ki, bu gün bizim Xarici İşlər Nazirliyimiz məsələ ilə bağlı rəsmi açıqlama verəcək. Və dinlədiklərimi elə sükan arxasındaca, işə çatana kimi beynimdə dolandırıb analiz edərək öz-özümə düşündüm ki, görəsən nə baş verib? Nə baş verib ki, hələ rəsmi açıqlama verməyə belə zaman olmadan, səfir uçub gedib, hətta artıq prezidentlə də görüşüb. Biz Fransanın qəlbini bu qədər qıracaq nə etmişik?

Ha fikirləşdim, iki hadisədən başqa yadıma heç nə düşmədi. Onlardan biri parlamentimizin bir deputatının məşhur “Jak Şirak qudurub” ifadəsidir, hansı ki, bunu son dövrlər siyasətlə maraqlanan və maraqlanmayan hər kəs xatırlaya bilər. Amma ifadədən də göründüyü kimi, hadisə çox illər əvvəl baş verib, Jak Şirakın qudurduğu, yox e, üzr istəyirəm, Fransa rəhbəri olduğu vaxtlarda. O hadisənin üstündən xeyli keçib, indi o işə gör neçə ildi ki, Şirak yox, Makron baxır. Fransaya rəhbərlik eləməyi deyirəm, qudurmağı demirəm, ağlınıza başqa şey gətirməyin. Odur ki, inanmıram Makron buna görə belə küsə, inciyə. İkinci hadisə haqda bir azdan deyərəm, hələlik gəlin daha geniş baxaq məsələyə.

Ümumiyyətlə “məsləhətləşmək” pis şey deyil. Bunun üçün adamı hara çağırsalar, getməsi arzuediləndir. Məsələn, biz tərəflərdə toyqabağı xüsusi “məsləhət gecələri” olur. Tayfanın bütün ağır kişiləri dəvət alıb yığışır, çaydan içib, çörəkdən yeyib dağılışır. Bəli, sözdə guya iş bölgüsü, yəni toyda kimin hansı işə baxacağını təyin etmək üçün yığışan adamlar, gəldikləri kimi dağılışıb gedirlər. Axırda da indiyə kimi tayfanın toylarında kimin canı çıxrıdısa, yenə də elə həmin adamların canı çıxır. Çayı da onlar paylayırlar, yeməyi də verirlər, stolları da qurub-yığışdırırlar. Mən bu boyda geniş açıqlamanı yazıram aydın olsun ki, hətta bizim tərəflərdə, dağdan ağır kişilərin “məsləhətə çağırılmasından” bir şey çıxmırsa, Makronun çağırdığı “məsləhətləşmədən” çətin ki, nəsə çıxa. Çox xahiş eləyirəm, yenə başqa şey düşünməyin, kişilik söhbəti eləmirəm, məsəl çəkirəm.

Amma ki, məsləhətləşmək nə qədər yaxşı şey olsa belə, iki günün biri yığışıb “dədənin xarabasına” qayıdan gəlinlər misalı ölkəsinə qaytımaq heç bir diplomata hörmət gətirməz. Yenə də biz tərəflərdə məsəl var, deyərlər “Qızın yerini kim pis eləyər, əlbəttə ki, anası”. Lap da bu səni çağırır, “doldurur”, “ər evinin” üstünə qaldırır, bəs sənin öz ağlına nə gəlib a gəlin??? Yox, yox, Mən diplomatı demirəm, sadəcə oxşar hadisələrdi deyə bir az qarışdırdım.

Adam deyərlər axı, biz sənə, sizə nə eləmişik ki, gecəynən “dəst-darağını” yığışdırıb gedirsən? Gəl görək, kim-kimə nə pisliklər edib, siz bizə, yoxsa biz sizə? Bəli, bu dəfə elə məhz Fransanı deyirəm. Çox uzaq tarixə getməyək, eləcə son illərin hadisələrinə baxaq.

Fransa Parlamenti Azərbaycan Respublikasının bütün dünya tərəfindən qəbul edilən sərhədləri daxilində “yaradılmış” qondarma qurumu tanıdımı? Tanıdı! Həm də gör necə tanıdısa, həmin o qondarma qurumun, - hansı ki, ermənilər özləri o qurumdan əl çəkib, - nümayəndəliyi Parisdə hələ də fəaliyyətdədir. İt dəridən əl çəkib, dəri itdən əl çəkib, it qovulub, dəri cırılıb, hətta qarı da hər şeyi başa düşüb, di gəl, Fransa uslanmır ki, uslanmır.

“Humanitar böhran” hoqqasını kim çıxardı? Əlbəttə ki, Fransa. “Humanitar böhran” fırıldağını əldə rəhbər tutub “koridor oyunu”nu kim atdi ortaya? O da Fransa. Avropa İttifaqında çirkin anti-Azərbaycan kampaniyasının, BMT-də bizim əleyhimizə qətnamələr keçirmək cəhdlərinin, Avropa Parlamentindəki Azərbaycan əleyhinə qətnamələrin altında kim var idi? Əlbəttə ki, Fransa! Bir ölkə hər şeyin altında olmağa bu qədər niyə maraqlı olsun? Rəhbərinin iradəsindəndir, hökümətinin xasiyyətindəndir, hər nədəndirsə, Allah kəssin belə iradəni də, xasiyyəti də.

Bitməyib, yadınıza salın, görəcəksiniz ki, Ermənistanın silahlandırılması, bölgədə sülhün və sabitliyin qarantı olacaq sülh sazişinin, Zəngəzur dəhlizinin yubadılması proseslərinin də arxasında bu mənfur ölkə var. Bütün bunlarla bizə qarşı qəzəbi soyumayanda, kinini Natəvanın heykəlini təhqir etməyə yönəltdi bizim səfiri məsləhətə çağıran “mədəni Avropa ölkəsi”. Vaxti ilə Avropanı öz təhsili, savadı, mədəniyyəti ilə heyran qoyan Xan qızı Natəvanın heykəlinə çatdı gücləri. Bunlar hələ mənim yadıma saldıqlarımdır, özdə az bir zamanda düşünərək araşdırma etsək, minlərla fakt ortaya çıxacaq.

Əleyhimizdə açıq və gizli bu qədər işlər gördükdən sonra əcaba, bu Fransa öz səfirini nəyi məsləhətləşməyə və hansı üzlə geri çağırır? Hansı bəhanə ilə haqq qazandıracaq bu hərəkətə? Olmaya bizim sevimli Nüsrət Kəsəmənlidən ilhamlanıblar, “bəhanəsiz gedirlər”?

Amma yox, səbəbini tapmışam. Yuxarıda birincini dedim, ikinci qaldı axı. Bax o ikinci hadisə, yəni Firəng elçinin geri çağrılmasına səbəb olan hadisə bilirsinizmi nədir? Dərvişin Parisi partlatmağı! O vaxt ki, Müsyö Jordan Şahbaz bəyi Parisə aparmasın deyə, bizim arvadlar Dərviş babanı çağırıb Parisi partlatdılar a, bax o hadisə Makrona indi çatmış ola bilər. Düzdür, üstündən xeyli vaxt keçib. O da düzdür ki, əslində bu bir əsərdir, kinodur, belə bir şey olmayıb. Amma ki, bunu Makrona kim başa sala bilər? Ermənilər deyiblər məncə, xəbərdar ediblər kişini, o da bu qədər “böyük və ciddi” bir hadisədən sonra ilk ediləcək işi edib. Səfiri geri çağırıb.

Siz mənim dediklərimi ciddi qəbul etməyəcəksiz, bilirəm. Deyəcəksiz ki, bu mümkün deyil, mən lağlağı edirəm. O zaman buyurun, izah edin görüm, bizə qarşı yuxarıda çox az hissəsini yazdığım hərəkətləri etdikdən sonra, bizim heç nə etmədiymiz halda Makronun səfiri geri çağırmasının səbəbi nədir? Deyəcəksiniz ki, səbəb-filan yoxdur, eləcənə hayasızlıq var ortada. Özü də müstəsna HAYasızlıq var!

Nə deyim vallah, siz deyirsinizsə, özünüz bilərsiz, amma mən o boyda inkişaf etmiş, mütərəqqi Avropa ölkəsinin rəhbərinə “müstəsnə hayasız” deyə bilmərəm. Məncə, səbəb o vaxt “Parisin partladılması”dır, səbəkar da Dərviş Məstəli Şahdır. Lap istəsəz, o məşhur qoca erməni kimi and da içə bilərəm: “Hə, Allahaqqı, həəə!”
Seçilən
84
Mənbələr
Şərh ()
Bağla